"Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab edirik".
Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciətində yer alıb.
"Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik", - deyə dövlətimizin başçısı əlavə edib.