hemle

Mən öz peşəmi sevirəm

Tarix:21-07-2024, 16:30
Baxış Sayı:687

Mən öz peşəmi sevirəm
"Elmə olan məhəbbət insana olan məhəbbətdən ayrılmalıdır, buna görə də həkim təkcə təbabəti bilirsə, deməli, o, təbabəti bilmir. "
Hippokrat

Həkim insan sağlamlığının qarantı hesab olunur. Xəstənin tək ümid yeri həkimdir. Nicat tapdığı an da insanın minnətdar olduğu həyat eşqi həkimin çöhrəsində məna tapır...
Mən də dəfələrlə xəstəliyimlə əlaqədar həkimə müraciət etmişəm. Hər dəfə də nicat tapanda həkimə sonsuz minnətdarlıq etmişəm. Belə həkimlərdən biri də Bakı şəhərinin Xətai rayonunda fəaliyyət göstərən 7 saylı Poliklinikada terapevt-həkim kimi çalışan Leyla Mahmudqızıdır. Mən onun xəstələri necə səmimi qarşıladığının şahidi olmuşam. Elə məni də son dərəcə səmimi hislərlə qarşıladı. O, işlədiyi müddətdə həm xəstələrin, həm də kollektivin dərin hörmətini qazanıb. Biz bir neçə ildir ki, onunla sosial-şəbəkədə dostluq da edirik...
Üç il əvvəl də xəstəliyim ilə əlaqədar Leyla Mahmudqızına müraciət etmişdim. O, məni müayinə edib bir neçə dərman yazdı. Həmin dərmanları qəbul etdim, səhhətim yaxşı oldu. Hələ o zaman mən Leyla həkimdə bütün insani keyfiyyətləri görmüşdüm...
Leyla həkim həm də gözəl şeirlər müəllifidir. Onun şeirlərini bir neçə dəfə çalışdığım "Bütöv Azərbaycan" qəzetində dərc etdirmişəm...

Qısa məlumat:
Leyla Mahmud qızı Bayramova 1969-cu ildə Qazax şəhərində doğulub. 1975-1985-ci illərdə Qazax şəhərindəki 1 saylı məktəbdə oxuyub. Orta məktəbi qızıl medalla bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub, 1991-ci ildə həmin universiteti əla qiymətlərlə bitirərək terapevt ixtisasına yiyələnib. Səhiyə Nazirliyinin təyinatı ilə 1994-1999-cu illərdə Qazax Kardioloji Xəstəxanasında gənc həkim kimi fəaliyyət göstərib. 2001-2008-ci illərdə Xarici Dillər Uuniversitetinin tibbi biliklər kafedrasında müəllim işləyib. 2008-ci ildən Bakı şəhər 7 saylı Poliklinikada terapevt-həkim kimi fəaliyyətə başlayıb. Pasiyentlər və onunla bir yerdə çalışan həkimlər, tibb bacıları Leyla həkimin qayğıkeşliyindən, peşəkar həkim kimi fəaliyyətindən olduqca razıdırlar.

Uğurlarını, tibbi fəaliyyətini, insanlara doğma münasibətini təqdir etmək üçün Leyla həkimlə həmsöhbət olduq. Ondan aldığım müsahibəni oxuzularımıza təqdim edirəm:

- Leyla xanım, necə oldu ki, həkimlik sənətini seçdiniz?
- Uşaqlıq illərindən böyük arzularla yaşamışam. Yeri gəlmişkən deyim ki, istedad bizdə nəsilliklədir. Məktəb illərindən şeirlər yazmağa başladım. Orta məktəbdə dərs əlaçısı idim. Ədəbiyyata xüsusi maraq göstərirdim. İnşa yazılar üzrə məktəblərarası turların qalibi olardım. Atam Qazax rayonunda tanınmış həkimlərdən biri idi. O, həmişə istəyirdi ki, mən də onun kimi yaxşı həkim olum. Atamın arzusu məni ağ xalatlı həkim görmək idi. Mən atamın arzu və istəyini nəzərə alıb Azərbaycan Tibb İnstitutunda (indiki Tibb Universitetində) təhsil aldım. Atam məni çox istəyirdi. Onun arzusu ilə həkimlik sənətini seçdim. Amma heç də peşiman deyiləm. Hər dəfə xalatımı əynimə geyinəndə atamı xatırlayıram. Onun mənə verdiyi tövsiyələri gözlərim önündə canlandırıram. Bir həkim kimi insanların sağlamlığı keşiyində dururam. Mən həkiməm – şərəfli bir peşə sahibiyəm. Neçə-neçə insanı müalicə edib həyata qaytarıram. Mənim üçün bundan şərəfli nə ola bilər axı? Həkimlik də bir peşədir. Peşəmi çox sevirəm. Atama həmişə minnətdar olmuşam və bu gün də onun ruhu qarşısında baş əyirəm ki, bu peşəni mənə sevdirdi.
- Leyla xanım, həkim necə olmalıdır?
- Öncə onu deyim ki, həkim olmaq üçün zərif ruhlu insan olmalısan. Hər bir insanın qəlbi, vicdanı var. Gərək hər vaxt qəlbini duyub, vicdanını görə biləsən. İnsan qəlbi bir güzgüdür. Hər dəfə evdən çıxıb işə gələndə qəlbimin güzgüsünə baxıb özümü görürəm. Mən heç vaxt sənətimə xəyanət etməmişəm və etmərəm də. Həmişə “Hippokrat” andına sadiq qalmışam. Həkimlik çox ağır peşədir. Sən həkim kimi insan həyatı ilə çalışırsan. Xəstələrin taleyi sənin əlində olur. Həkim, sənətinin vurğunu olmalıdır...
- Siz həm də gözəl şeirlər yazırsınız. Şeir yazmağa nə vaxtdan başlamısınız?
- Hələ orta məktəbin yuxarı siniflərində oxuyanda şeir yazırdım, amma heç kimə bildirmirdim. Demək olar ki, on-onbeş ildir ki, "facebook" səhifəsində yazıb paylaşım edirəm. Siz də sağ olun ki, şeirlərimi ilk dəfə dövrü mətbuatda çap etdirdiniz.
- Həkimin şeir yazması peşəsinə zərər yetirmir ki?
- Xeyir. Şeir yazmaq mənim hobbimdi. Hər ikisini də sevirəm. Axı həkim həm gözəl şair, eyni zamanda yaxşı psixoloq olmalıdır. Həkim xəstəni təkcə dərmanla yox, həm də ümüdverici sözlərlə müalicə etməlidir. Xəstə heç vaxt ümidini itirməməlidir. Bir xoş söz xəstəyə içdiyi dərmanlardan daha yaxşı effekt verir.
- Leyla xanım bu qədər yazar içində özünü görə bilirmi?
- Vallah, səmimi sözümdü, mən heç vaxt özümü şair kimi tanıtmamışam. Bayaq dedim axı, şeir yazmaq mənim hobbimdi. Gərək ədəbi mühitdə bir yazar kimi özünü görə biləsən. Ədəbiyyatı yaxşı biləsən ki, güclü istedad sahibi olasan. İstedadının gücünə arxalanıb yazmalısan.
- Leyla həkim, həyat yoldaşınız harada işləyir?
- Həyat yoldaşım Hacı Məsmalıyev 1993-1999-cu illərdə könüllü olaraq Birinci Qarabağ müharibəsində iştirak edib. Ehtiyatda olan mayordur. Hazırda BDU-nun tətbiqi-riyaziyyat kafedrasında çalışır, riyaziyyat üzrə fəlsəfə doktorudur.
- Leyla xanım, sizinlə həmsöhbət olmaq çox xoşdur. Çünki siz təkcə bacarıqlı peşə sahibi – sevilən həkim deyil, həm də duyğulu insansınız. Həm həkim sədaqətiniz, həm də şair baxışınız bizi məmnun edir. Allahdan sizə möhkəm can sağlığı, müvəffəqiyyətlər və yaradıcılıq uğurları arzu edirəm.

Hüseyn İsaoğlu (Məmmədov),
yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü.

Digər xəbərlər
10:17 Gürcüstanda parlament seçkiləri keçirilir
10:07 Gündə neçə stəkan çay içmək olar? - Həkim normanı keçməyin nələrə səbəb olduğundan danışdı
10:06 Vətən müharibəsinin 30-cu günü - Üçüncü atəşkəs elan olunur
09:46 ABŞ yeni silah alır: Rusiya və Çin peyklərini zərərsizləşdirəcək
09:39 Naxçıvanda əhali arasında vaksinasiya aparılır
09:36 İsrail İrana ikinci dəfə zərbə endirib
18:43 Əhaliyə həftəsonu ilə bağlı XƏBƏRDARLIQ: Hazırlıqlı olun!
18:36 Bu şəxslərə verilən müavinət ARTIRILIR