ATESH,AZ saytı yayımladı.
İxtisasca cərrah olsam da, COVID-19-la mübarizəyə sadəcə bir azərbaycanlı həkim kimi qoşuldum. Koronavirusa yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan bir həkim insanları xəstəliyə ciddi yanaşmağa çağırıram.
Bu fikirləri Teleqraf.com-a Mərkəzi Gömrük Hospitalının həkim-cərrahı, tibb üzrə fəlsəfə doktoru Aynur Səfiyeva söyləyib.
Onun sözlərinə görə, insanlar bu xəstəliklə mübarizə üçün profilaktik tədbirləri unutmamalıdırlar: “Mərkəzi Gömrük Hospitalı artıq bir aydır aktiv olaraq COVID-19-a yoluxmuş xəstələrin müalicəsi ilə məşğuldur. Biz komanda olaraq bu mübarizəyə qoşulmuşuq. Mərkəzi Gömrük Hospitalında vəziyyəti ağır və orta ağır xəstələr müalicə olunur. Təyin edilmiş qrafikə görə hər birimiz iki həftəlik rotasiyalarla növbədə oluruq. Kollektiv olaraq virusa yoluxan xəstələrin müalicəsi üçün əlimizdən gələni etməyə çalışırıq”.
Aynur Səfiyeva qeyd edib ki, iki həftəlik rotasiya dönəmində çoxlu sayda xəstə sağalıb evinə, ailəsinə qovuşub: “Yenə də tədbirli olmalıyıq. Son bir həftənin statistikasından da görünür ki, sağalanların sayı yoluxanların sayına yaxınlaşır. Bu da çox sevindirci bir haldır. Əgər sağalanların sayı yoluxanların sayından çox olacaqsa, bunu müsbət dinamika kimi dəyərləndirmək olar”.
Həkim bildirib ki, çox tez-tez rastlaşdıqları hallardan biri də kütləvi olaraq radioloji müayindən keçmədir: “Doğrudur, radioloji müayinə COVID-li xəstələrin diaqnostikasında çox həssasdır, lakin bu müayinəni yalnız həkim təyin edə bilər. İnsanları qorxudan sözlərdən biri də “buzlu şüşə” ilə bağlıdır. Radioloji olaraq ağciyərlərdə zədələnmənin təsviri bu şəkildə verilir, lakin təkcə radioloji müayinə ilə COVID-19 xəstəliyinin diaqnozu qoyulmur. Eyni zamanda kliniki dəyərləndirilmə də aparılmalıdır”.
Aynur Səfiyeva diqqətə çatdırıb ki, “buzlu şüşə” görüntüsü ağciyərin bəzi patalogiyalarında, infeksion xəstəliklərdə də ola bilər: “Ona görə də kimdəsə COVID-19 şübhəsi varsa, əvvəlcə həkimə müraciət olunmalı, onun təlimatlarına əsasən hərəkət etməlidir”.