“Bu gün real olaraq Bakı şəhərində bütün xəstəxanalar imkanlarını mobilləşdirsə, təxminən 7 min xəstənin yatmasına imkan var. Axı bu qədər personal, tibb bacıları, həkim yoxdur ki, onlara xidmət göstərə. Ona görə də insanlar diqqətli olmalıdırlar”.
hemlemedia.az saytı ONN media agentliyinə istinadən xəbər verir ki, bunu tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O, təəssüflə bildirib ki, bütün ağırlaşan xəstələrin böyük əksəriyyəti vaxtında həkimə müraciət etməyənlərdir:
“Böyük bir yoluxma potensialı ilə üz-üzəyik. Təcrübə göstərir ki, COVİD-19 klinik olaraq bütün əlamətləri ortaya çıxdığı halda bəzən testlər mənfi olur. Yəni, test ayrıca bizə tam dəqiqliyi ilə bir şey deyə bilmir. Test ümumi bir müayinə prosesində diaqnostikanın bir elementi kimi götürülə bilər. Tək testə güvənmək olmaz. İnsanlarda COVİD-in klinik əlamətləri varsa, təngnəfəslik, qızdırma, halsızlıq, ağciyərlərdə konkret COVİD xarakterli dəyişiklik, “buzlu şüşə” sindromu və s., bu, o deməkdir ki, xəstə yataq rejiminə keçirilməli və müalicə almalıdır. Vaxtında aparılan müalicə çox şeyin qarşısını ala bilir. Təəssüflər olsun ki, bütün ağırlaşan xəstələrin böyük əksəriyyəti vaxtında həkimə müraciət etməyənlərdir. Xeyli xəstələrdə xəstəlik subklinik (əlamətsiz – red) formada keçir, xüsusilə də uşaqlarda və bəzən uşaqlar özləri yoluxma mənbəyi kimi çıxış edirlər”.
Professor koronavirusun 8-9 aya yoxa çıxacağını bildirib:
“Müəyyən şarlatanlar, müəyyən adamlar ortaya çıxıb reseptlər deyirlər, “Ay camaat, koronanın dərmanı tapıldı”. Bunlar boş şeydi. Xəstəlik simptomatik müalicə olunur, xəstəliyin spesifik müalicəsi yoxdur. Yalnız “Remdesivir”, hələlik ilkin olaraq iki yüngül formada istifadə edilir. ÜST-ün təlimatına əsasən maye formasında ilk 5 gün verilir. “Arbidol” boş şeydi, camaat heç onu axtarıb almasın. Mənasız bir şeydir o. Daha çox vitaminlər köçürtmək lazımdır. Əgər immun sistemdə paradoksal reaksiya getsə, “imunasupresoare”lərdən istifadə olunmalıdır. İkinci, infeksiyada antibiotik istifadə olunur, qızdırmanı salmaq, qanı durulaşdırmaq üçün isə “Parasetamol” və s. Yəni, bunları da həkim təyin etməlidir. Xəstə özbaşına müalicə ala bilməz. Bütün müalicə həkim tərəfindən təyin edilməlidir. Vaksin məsələsinə, illüziyasına da insanlar qapılmasın. Bu virus 8-9 aya yoxa çıxacaq. Səbrli olmaq lazımdır. O müddətə qədər insanların davranışları adekvat olsa, biz yəqin ki, bundan daha az itkilərlə çıxa bilərik”.(milli.az)
hemlemedia.az