www.Fedai.az
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri
Çaykənd əməliyyatının daha bir adı «Halqa» («Кольцо») idi. Lakin ermənilər və ruslar bunu «Üzük» kimi tərcümə edirlər. Bizim «Halqa» əməliyyatı dediyimiz əməliyyata, ruslar Операция «Кольцо», ermənilər «Օղակ» գործողություն, Oghak gortsoğutyun, yəni «Üzük» əməliyyatı deyirlər. «Halqa» sözü rusca «Кольцо» olsa da, ermənicə «մատանին» (matanin) adlanır. Amma ömür boyu bizim biveclərdən üzük almış haykanuşlar, siranuşlar, sən demə, bizdən yenə də «Üzük» gözləyirmişlər. Üzüyü verməyinə verdik, amma …
Əməliyyatın qısa xronikası beləydi. 1991-ci il aprelin 30-da 4-cü Ordunun hərbçiləri, onların ardınca isə omonçular Çaykəndə və Qarabulağa girdilər. Hərbi birliklərə bir neçə tank, zirehli texnika, artilleriya və hərbi helikopterlər dəstək verirdilər. Bəzi yerlərdə onlar silahlı müqavimətlə rastlaşdılar, lakin atışma zamanı Krpeyan öldürülmüş, onun adamları isə bir neçə əsgəri girov götürmüşdülər. Əməliyyat zamanı on nəfərə yaxın erməni qulduru öldürülmüş, əlli nəfərə yaxın girov götürülmüşdü, sonradan onların yarısı əsir götürülmüş əsgərlərə dəyişdirilmiş, qalanları isə Gəncədəki həbsxanaya göndərilmişdi. Əməliyyat SSRİ qanunvericiliyi çərçivəsində keçirilmişdi.
Növbəti əməliyyat mayın 6-7-də Əskipara (Qazax rayonu) əməliyyatı olmalıydı. Əskipara yaxınlığında otuza yaxın erməni milis işçisinin getdiyi avtobus 23-cü diviziyanın əsgərləri tərəfindən qurulan pusquya düşdü. 11 nəfər öldürüldü, qalanları əsir götürüldü. Əslində bu şəxslər milis forması geymiş quldurlar idi.
Bunlar erməni hərbi dəstələrinin üzvləriydilər və azərbaycanlılar yaşayan kəndləri daim atəş altında saxlayıdılar. Vəziyyətin kritikləşdiyini görən erməni lobbisi hərəkətə keçdi. Hadisə yerinə dörd rusiyalı deputat göndərildi, onlardan biri — Anatoli Şabad kənddə qaldı. Şabad yarı erməni olduğuna görə, buradan bütün məlumatları yanlış olaraq yönləndirməyə nail oldu. Anatoli Şabadın missiyasını dediyi sözlər tam deşifrə edir: «Əlbəttə ki, Mütəllibov Qorbaçovu inandıra bilmişdi ki, orada fədailərin güclü partizan hərəkatı baş qaldırıb, onların hərəkətləri erməni əhalisinin yaşadığı ərazilərin Azərbaycandan ayrılması ilə nəticələnə bilər, və əmin etmişdi ki, onlar quldurdurlar və onları məhv etmək lazımdır. Qorbaçov isə — bu, əlbəttə ki, onun tərəfindən böyük ağılsızlıq idi — bu əməliyyata razılığını verdi. Bəlkə də, o, indi başa düşür ki, bu növ əməliyyatın axırı yox idi, bu, mümkün deyildi». Üstəlik də, SSRİ DİN Daxili Qoşunların komandanı Yuri Şatalinin arvadı erməni idi. Həmçinin, o, 1980 -ci ildən Zaqafqaziya Hərbi Dairəsində 7-ci ordunun Qərargah rəisi, 1982-ci ildən Hərbi dairənin komandanı olaraq İrəvanda işləmiş və ermənilərlə sıx əlaqələri mövcud idi. Belə bir çətin və həssas məqamda AXC-nin liberal qanadı da Ayaz Mütəllibovu ermənilərin hüquqlarını pozmaqda ittiham edən mətbuat konfransı keçirmişdi. Gerisini özünüz düşünün. Ağa durur, ağacan durur, amma itirən, yalnız Vətən oldu…
Düşmən bütün hərbi təcrübəli və peşəkar terrorçu erməniləri orduya aldığı günlərdə, biz hərbi təcrübəli Valeh Bərşadlını boykot edib əsgərlik belə keçməyən Rəhim Qazıyevi nazir, əsgərlik keçməyən Surət Hüseynovu korpus komandiri və əsgərlikdə olmayan Əbülfəz Elçibəyi Ali Baş Komandan elədik. Şuşa kimi strateji bir mövqeyə Elburus Orucov kimi «mənşəyi bilinməyən» (hər mənada) birisini məsul etdik. Hələ milisioner Tahir Əliyevdən müdafiə naziri düzəltməyimizi demirəm ki, ayıb olar. Nəticəni biz öz əlimizlə, elə bəri başdan düşmənin xeyrinə özümüz dəyişdik.
Düşmənin «Üzük» adlandırdığı və layiqli bir zərbə aldığı əməliyyata cavab olaraq bizə «Dağlarda toy» tutdu. Əməliyyatın azərbaycanca adı «Dağlarda toy», rusca «Свадьба в горах», ermənicə «Հարսանիքը լեռներում» ռազմագործողություն («Harsanik’y lerrnerum» rrazmagortsoghut’yun) adlandırması, məhz bu səbəbdən planlanmasını hər kəs bilməlidir. Və bu toyda yengəlik etmiş Azərbaycanın satqın, xain, namussuz və biqeyrət övladlarını bu günədək deşifrə edə bilməyən bir xalqın bu Qocaman Tarixin səhnəsində, məncə elə bir missiyası qalmayıb…
Düşmən mənbələri bu qara gəlmiş «toy» haqqında yazır: «Hücum 8 may səhər saat 2: 30-da başlandı. Ter-Tadevosyan, sonralar bildirmişdi ki, onun hesablamalarına görə əməliyyatın «üç-dörd gün» çəkməliydi. O, şəhərin müdafiəçiləri arasında şaiyələrlə çaxnaşma salmaqla, onların şəhəri döyüşçüz tərk etməsinə ümid edirdi. Şuşanın qərbindəki çıxış yolunun vurulmaması və cəlb olunacaq əlavə qüvvələrin isə vurulması əmr edilmişdi.
Yuxarıda göstərilən əməliyyatların əsas yükü şəhərə şimal və şərq hissəsindən dağ cığırları ilə hücum edən erməni dəstələrinin üzərinə düşürdü.
1992-ci il 8 may axşamı, şəhəri müdafiə edən dəstələr, hücumun qarşısının alındığını düşünüb, Ter-Tadevosyanın dediyi kimi öz mövqelərini tərk etdilər və şəhərdən ayrılmaq qərarına gəldilər.
Azərbaycanlı qüvvələrin uzun sürən bir döyüşə adamları çatmadı və geri çəkilməyə başladılar. Döyüş yalnız bircə gün çəkdi…
İngilis jurnalist Tomas De Waal yazırdı: “1992-ci ildə Şuşanın itirilməsi Azərbaycana öldürücü zərbə vurdu. Bakılı jurnalistlərindən biri mənə demişdi: «Bu xəbər bizə çatanda mənim dostlarım hönkürüb ağlayırdılar.»
Bizə bu toyu tutanlara və onlara bütün parametrlərdə dəstək olan milli binamuslara bunca illər yerlərini göstərə bildikmi? Xocalı qatillərini tanıya-tanıya, bilə-bilə bircəsinin burnunu qanada bildikmi?
Bir xatırlatma yerinə düşərdi. 11 may 1960-cı ildə 2-ci Dünya Müharibəsi zamanı yəhudilərin qətliamlarında iştirak etdiyi bilinən müharibə cinayətkarı Adolf Eixmann, bir qrup Mossad agenti tərəfindən Buenos Ayresdəki bir küçədən qaçırıldı.
Golda Meir bunun zərurət olduğunu deyərək, Argentina dövlətindən o vaxt üzr istəmişdi. Gizli olaraq onu İsrailə apardılar. 1962-ci ildə məhkəmənin hökmü ilə edam edildi.
Adolf Eixmann
Yaxud da elə qardaş dediyimiz Türkiyənin PKK cəlladı Aponu ələ keçirməsini xatırladaq. Qəhrəman çeçen xalqına qarşı vəhşilik törətmiş ayrı-ayrı əli qanlı uşaq qatili olan rus hərbi qatillərinə qarşı etdiklərini xatırlayın. Ermənilərin bu sahədəki fəaliyyətlərindən hər biriniz xəbərdarsınız. Üstəlik, bu missiyanı yerinə yetirənləri kilsə himayə edir. Avropa Rusiya cəhənnəm olsun, gedib Türkiyədə də erməniylə biznes və yaxud digər əlaqələrə girən azərbaycanlıların sayını bilirsinizmi?
Biz hələ də mövcud beynəlxalq qanunvericiliyə uyğun olaraq hansısa bir addım atmışıqmı? Biz heş bu iddianı başlamaq üçün Roma konvensiyasını (əməliyyat-istintaq) imzalamamışıq. Heç bu istiqamətdə iş də görmürük. Bu konvensiyanı imzalamadan kiminsə iddia qaldırmaq şansı yoxdur. Xalqa Koçaryanı, Sarkisyanı, Ter-Tadevosyanı və diğər hərbi caniləri Haaqa tribunalına verməklə bağlı vədlər verməklə, sadəcə manipulyasiya edirlər. Bunlar bir yana, heç BMT Qətnamələrində nəzərdə tutulan məskunlaşma ilə bağlı müraciət etmək üçün də vacib olan konvensiyaya qoşulmamışıq. Düşmən tərəfdən gələn təyyarə və helikopterlərin vurulması qərarımız da yoxdur. İşğal haqqında Qanunu da qəbul etməmişik. Olan bircə şey, Mamedyarovun «Qara dəftəri»dir ki, indi əcnəbilər bu dəftərə ad saldırmaq növbəsinə «durublar» və bizi lağ-lağı hədəfinə çeviriblər. Dəftərdənsə, bircə qrupa diversiya əmri verin, Paşinyanın kef məclislərini və 8 may bayramlarını qara gətirək. Qara dəftəri qara günlər əvəzləməsə, erməni darıdan çıxmayacaq və bu xalqı 100 il də oyalasanız, bilin ki, Qarabağın azad olması bu xalqın var olmaq üçün son şansı olaraq qalacaqdır. Və bir gün, günlərin ən pisi Lazımı gözləmədiyimiz bir gün olacaq. Onsuz da Lazımı da hörmətdən salmışıq…
… Kimi dindirirsən, Qarabağa sevgisindən danışır. Bu problemin həlli deyil. Çünki erməni də Qarabağı çox sevir. Problem elə bundadır ki, bizim olana başqası göz qoyub. Biz o gözü oymalıyıq, ya da o göz sahibini yox etməliyik. Burada başqa yol varmı ki, itlə-köpəklə adam dilində danışıqlar aparırıq?
Zaman uzandıqca, mamasının «madaxları» bizlərə təslimçiliyi təlqin etməyə başlayıblar. Kazimirov və Qraçovun uydurduğu «həlli olmayan problem» düsturunu bizə və dünyaya sırımaq istəyirlər. Qismən də buna nail olublar. Çünki 1991-ci ildə 907-ci düzəlişə, 1992-ci ildə öz əlaltıları olan Süleyman Dəmirələ barmaq silkələyərək Azərbaycana kömək etməyə qoymayan ABŞ, bu savaşda əlində silah, tərəf kimi döyüşən erməni Kalantarov və erməni Maşustin Rusiyası və bölgəyə ilk terrorçu-muzdlu legionu yeridib maliyyələşdirən Fransanın tək missiyası bu münaqişəni sonsuzadək uzatmaqdan ibarətdir. Çünki onların xəritələrində Cənubi Qafqazda etnik sərhədlər qeyd edilməyib. Bütün bu çətinliklər içində ruhdan düşmək olmaz. Bir qarış torpaq üçün qardaşını öldürən Azərbaycan xalqının o ruhunu oyatmağa cəmi 36 saat yetərlidir. Kim deyir Qarabağın həlli yoxdur yanılır. Kim deyirsə ki, xalqımız bu problemin öhdəsindən gələ bilməz, yanılır. Çünki problem varsa, onun həlli də mütəq vardır. Çox yox, bu xalqa deyilsə ki, Qarabağda yaşayan hər ermənini 100-cə dollardan alıram, orada yaşamağa məhkum edilmiş, ordulu, gəlməli, yerli qoca-qaltaqlı 70-80 min ermənini kisələrlə daşıyıb gətirər, bu xalq. Sadəcə bu xalqdan olmaq və bu xalqla olmaq yetərlidir…
Mən dəfələrlə yazmışam ki, biz öz tariximizlə mütləq üzləşməliyik. Satqına satqın, xainə xain deməyi öyrənməliyik. Öz postunu qoyub qaçan komandirə hələ də sitayiş edən əsgərin özü də fəraridir. Xainə qəhrəman deyən kəs, kim olursa olsun, mütləq xaindir. Satqınlığa haqq qazandıranların satqın olmasını kim daldalaya bilər ki?
Yadıma bir rəvayət düşdü. Deyilənə görə, Həqiqət və Yalan göldə çimirmişlər. Yalan sudan tez çıxaraq xoşuna gəldiyi üçün Həqiqətin paltarını geyinib oradan uzaqlaşır. Göldən sahilə çıxan Həqiqət paltar tapmayıb çılpaq qalır. Elə ona görə də bir çoxları libasına aldanaraq, yalana inanarlar. Yalanı Həqiqət kimi qəbul edərlər. Həqiqət çılpaq olduğuna görə ortaya çıxmaz. Ortaya çıxsa da ətrafdakılar utanıb ona baxmazlar…
…Amma məcburuq. Özümüzlə üzləşməyə məhkumuq. Həqiqətin o çılpaqlığını qəbullanmalıyıq…
Əlqərəz, Çaykənddə «Üzük» verdik, Şuşada bizə «Dağlarda toy» tutdular. Qaldı Anahiti Xankəndində doğuzdurmağımız…
Bunu da etmək zorundayıq…Əsrin əvvəlində bunu bacardıq. Bu gün də bacarmalıyıq. Bunu bizdən öncə zaman, sonra da Vətən tələb edir. Bir xalqın gələcəyi naminə bunu etməliyik…
P.S. Videoya diqqətlə baxın. Medvedyev deyir ki, Azərbaycan və erməni nümayəndələri, öz aralarında, gah ermənicə, gah da azərbaycanca (hərçənd buna inanmıram. Çünki «bizimkilər» rolundakılar bizim dili bilməzlər-red.) danışığa keçirlər. Neçə ki, bu cür danışıqlar gedəcək və danışıqlarda bu cür insanlar bizi təmsil edəcək, «Səni dayılarına, satan ölsün, ay Vətən!» qarğışından qeyri şeyə gücümüz çatmayacaq…