hemle

VƏTƏN SEVGISI SƏRHƏD TANIMAZ FƏRID FAZIL OĞLU DURSUNOV

Tarix:25-05-2024, 15:30
Baxış Sayı:772

VƏTƏN SEVGISI SƏRHƏD TANIMAZ FƏRID FAZIL OĞLU DURSUNOV

İnsan doğuluşdan bir yola başlayır. Xaliqdən başlanan yol. Zamanla insanın əməlində, qayəsində işıqlanan, xilqəti əbədiyyətin nuruna doğru aparan yol. Kimilərin yolu uzun olar, amma işığı, nuru az, qayəsi solğun olar. Kimilərinsə yolu Şəhidlikdən
keçər. Tərəddüdsüz, bəhanəsiz əbədiyyəti dərk edib onun uğrunda müvəqqəti olandan könüllü imtina edib,Şəhidliyin motivinə -Torpağa qovuşarlar. Aramızdan seçilən idrakı parlaq, təfəkkürü aydın olanlar seçər bu yolu. Bu, həm də torpağın nə qədər
əvəzolunmaz nemət, nə qədər qiymətli əmanət, nə qədər ehtirama və ehtişama layiq olduğunun təzahürü, inikasıdır.Qəhrəmanım iki körpə oğlunu, həyatının xanımını və əvəzsiz valideynlərini əbədi vurğunluğuna -Vətən sevgisinə dəyişən şəhidlərimizdən biri olan Fərid Fazil oğlu Dursunov 1986-cı ilin iyulunda Qax rayonunun Qorağan кəndində anadan olub. Fərid 1992-2003-cü illərdə Qax rayonu Səfa Rəhimov adına Qorağan kənd tam orta məktəbində təhsil alıb. Məktəbi başa vurandan sonra sənədlərini Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) verən Fərid 2008-ci
ildə oranı bitirib və qısa müddətə ölkə xaricinə təlimlərə göndərilib. Məryəm xanımla ailə həyatı qurub. Şəhidimizin özündən sonra
Ömər və İsa adında iki oğlu Vətənə yadigar qalıb. Azərbaycan Ordusunun kapitanı Fərid Dursunov 44 günlük Vətən müharibəsi zamanı Kəlbəcərdə Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. O, sentyabrın 29-da Kəlbəcər rayonu istiqamətində «Koroğlu 3» döyüş mövqeyi uğrunda gedən qızğın mübarizədə
şəhid olub. Qax rayon Qorağan kəndində dəfn edilib. Azərbaycanın
ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, kapitan Dursunov ölümündən sonra «Vətən uğrunda» və “Hərbi xidmətlərə görə“, “III dərəcəli Rəşadət ordeni“ və «Kəlbəcərin azad olunmasına görə» medalları ilə də təltif edilib. Fərid «Galatasaray» Futbol lubunun sadiq azarkeşlərindən olub. O, döyüşlərə qatılmazdan əvvəl «şəhid olsam məzarıma Azərbaycan bayrağı ilə birgə Qalatasaray bayrağını da asın» , -deyə vəsiyyət edib. «Galatasaray»-ın «başkan yardımcısı» Yusuf Günay şəxsən əlaqə saxlayaraq şəhidin
atası Fazil Dursunova öz adından və bütün Türkiyə xalqı adından başsağlığı çatdırı. Şəhidin atası Fazil kişi Vətən uğrunda canlarını əsirgəməyən iki igidindən danışır: «Fərid Daşkəsən istiqamətində döyüşü idarə edib. Bir gün sonra şəhid olub. Qax rayonu, Qorağan kəndində dəfn etdik. Onun müharibə kimi həyatı vardı. Vətəninə, torpağına bağlı insan idi. Əsgərləri də onu çox istəyirdilər. Əsgərləri deyirdi ki, «komandir, sən olanda biz heç kimdən qorxmuruq». Üç oğlum var və hamısı hərbçidir. Kiçik oğlum da döyüşlərdə iştirak edib. Onun Ağdərə istiqamətində idarə etdiyi texnika minaya düşmüşdü. Texnikaya ziyan dəysə də, özləri yaralanmadan salamat qurtulmuşdular. O biri oğlum isə Tovuzda xidmət edirdi. İyul
döyüşlərində olub. Fərid Dursunov kiçik qardaşına demişdi ki, «Döyüşlər başlayan günü çayda dəstəmazını alırsan, namazını qılırsan, əyləşirsən texnikaya. Nə geriyə baxırsan, nə də o haqda fikirləşirsən. Ancaq qabağa irəliləyirsən. Qarabağda görüşərik» ... Qardaşına belə vəsiyyət etmişdi. “Oğlum şəhid olandan sonra Prezidentimizə məktub yazmışdım. Oğlumun davamçısı olaraq döyüşlərdə iştirak etməyə hazır olduğumu ildirmişdim. Biz Prezidentin gördüyü işləri hər zaman dəstəkləyirik”. Şəhid kapitanın ömür-gün dostu, iki övlad anası Məryəm xanım da həyat yoldaşının arzusunu yerinə yetirdiyi üçün sevinc hissi duyur. O, ataları kimi iki qəhrəman böyütdüyünü bildirir. Balacaların ən
böyük arzusu ataları kimi igid, qəhrəman olmaqdır
Hülya Vüqar

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir