Şairə də vəhy gəlir, peyğəmbərə də; ilham mələyi şairi, vəhy mələyi peyğəmbəri təqdir edir...
Biz (bu yazıda) şair haqqında danışırıq, bilmək istəyirik, ilham mələyi onunla necə təmasa girir - bəlli ki, o, Allahdan qopan ehtişamı aidiyyatı ünvana – “ədəbi vergi” verilən şəxsə (şairə) məsləhət bilinən miqdarda çatdırır (şübhəsiz, bu hal yaşanmasa, insan şeir yaza bilməz...).
Biz bu fikirləri ruhən elitar təbəqədə çırpınan, mənən kasıb zümrənin fövqündə təlatüm edən rəhmətlik Davud Nəsibə də aid edirik...
...Ölümündən təxminən iki ay əvvəl – 19 yanvar 2003-cü ildə aramızda bir dialoq yaranmışdı; o an sanki (onunla) ədəbi debata çıxmışdıq. O, meydən təsirlənib şeir yazmaq iddiasını rədd edir, bu fikirdə olanları qınayırdı. Deyirdi ki, şeir, istənilən halda Allahdan gəlir, Allahın (özünün) istədiyi vaxt gəlir... Mey, içki şeir üçün təməl deyil. Bu, sadəcə, içkiyə meylli adamların bəhanəsidir...
O vaxtlar “Ədəbiyyat qəzeti”ndə dərc olunan şeirlərimə görə məni (fitrət sahibi Şahmar Əkbərzadədən sonra) alqışlayan ikinci şair idi Davud Nəsib. Onunla nə vaxt həmsöhbət olurdumsa, mənə insanların hansı səbəbdən bədbəxt və xoşbəxt olduqlarını anladırdı. Həmişə də (bu söhbətlər zamanı) özünün iki misrasını pıçıldayırdı:
...Əgər sevirsənsə, sevgi başqadır,
Əgər sevməyirsən, bu oyun nədir?
Ardınca da deyirdi ki, həyatı “qarın doyurmaq fəlsəfəsi” kimi qavrayanlar idrakın nə olduğunu, sözü düşüncə, təcrübə və hisslər vasitəsilə necə əldə etməyi qanmazlar. Çünki elələrində beyin, şüur yox, heyvanlardakı kimi instinkt olur. Onlardakı hiss ideyalar və baxışlar sistemini qəbul edə bilmir...
Elə bu, bəs edirdi ki, mən Davud Nəsib şəxsiyyətinin fövqünə qalxa bilim...
*
Davud Nəsib sakit təbiətli insan idi, ancaq şeirləri son dərəcə çılğın və təlatümlüdür. O, (sanki) hər şeiri ilə oxucuya bir nota (ultimatum) göndərib. Onun:
...İnsanlıq dünənlik, bugünlük deyil,
Hələ nə olacaq, bilmirik sabah.
Sən yola düşmüsən vaxtından əvvəl,
Mənsə gecikmişəm vaxtından qabaq...
*
Ürək bir mərmidir yatıb sinədə,
Ürəklə od ilə oynamaq olmaz...
ricət(lər)i çöhrələrə bir ciddilik hopdurur, oxucu dərhal aludə olduğu vəziyyətdən çıxır, sərt-qabarıq mühitə düşür...
Mən hələ o vaxtlar deyirdim ki, Davud Nəsibin qələmə aldığı şeirlərin çoxunu zəhmlə, son dərəcə sərt ovqatla oxumaq lazımdır; yalnız bu halda bu fitrətli şairin nə dediyini, nəyə eyham vurduğunu anlamaq olar...
(Diqqət yetirək) hətta onun sevgi şeirlərində belə sərt eyhamlar, dərin-düşündürücü ovqatlar (sabit deyil, intensiv) çırpıntıdadır...
İstedadlı şairin:
...İnsanlıq dünənlik, bugünlük deyil,
Hələ nə olacaq, bilmirik sabah...
fikrində “zühur edən” sərtliyi ani bir diqqətlə əxz etmək mümkündür. Yəni, bu nota (kəskin xəbərdarlıq) ilə o, (hər kəsə) demək istəyib ki, insanlıq bir-iki günün ifadəsi deyil, biz dünyaya insan ola bilmək üçün göndərilmişik, vəzifəmiz Allaha etiqaddır. (Bunu) bacarmasaq, aqibətimiz çox çətin olar və s...
Etiraf edək ki, adi fikirdə (bu boyda) qorxu hissi yaratmaq, daha doğrusu, doğrunu oxucuya deyə bilmək Davud Nəsib şeirinin fövqəlliyidir (əslində, bu (və bu kimi) xəbərdarlıqlar müqəddəs kitablarda, son olaraq Quranda var, lakin kütlə peyğəmbərləri qanmadı... Sanıram, bəlkə buna görə Allah yer üzünə (həm də) şairlər göndərdi...).
Davud Nəsib qəlblərə rahatlıq çiləyən (lirik) şeirləri ilə də (son dərəcə) səmimidir...
Qılınctək qınından sıyrılır gecə,
Nə vaxt ki, gün kimi məhəbbət batır.
Hər insan qəlbində sakit, gizlicə
Qıvrıla-qıvrıla bir sevgi yatır.
*
Hamı öz eşqinə mənalı baxır, -
Bəzən bu yollardan keçməyir mətin.
Sevgi yollarının hicranı ağır,
Sevgi yollarının vüsalı çətin...
Bu lirik (sevgi şəkilli) hislərdə mülayim ovqat hakimdir; şair dünənlə bugünün sevgidə qərar tutduğunu, sabahın (gələcəyin – son anın) da elə sevgidə təcəllada olduğunu aşkar ifadə edib. Həm də (sətiraltı) demək istəyib ki, sevgi büsbütün Allahdır. Allaha tövhiddə olmayan insan sevginin nə olduğunu anlamaz – onu ehtiras hissi kimi başa düşər...
Qısaca deyə bilərik ki, Davud Nəsib zahirdə mövcud fərd, daxildə pünhan (gizlin) şəxs idi. Nə yaxşı ki, Allah ona şairlik nəsib etdi. Yoxsa, hardan bilərdik ki, Qazaxın – ümumən Azərbaycanın belə bir işıqlı İNSANı, sakit-təlatümlü ŞAİRi var...