hemle

Dini Komitə: “Beynəlxalq Din Azadlığı Komissiyasının hesabatı qeyri-obyektivdir”

Tarix:16-05-2020, 23:57
Baxış Sayı:527

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (“USCIRF”) Azərbaycana dair hesabatını qeyri-obyektiv adlandırıb. Komitə ölkədə vicdan azadlıqlarının yüksək səviyyədə qorunduğunu və heç kimin dini inancına görə təqib olunmadığını vurğulayıb.

Komitə bu açıqlamanı verərkən həm də Komissiya üzvlərindən Conni Murun bu hesabata dair verdiyi rəyə istinad edib. Belə ki, Mur hesabatın Azərbaycanla bağlı hissəsi ilə razılaşmayıb.

“Göründüyü kimi, Azərbaycana aid hesabatdakı fikirlərə yekdil rəy mövcud deyil və bütün bunlar ölkəmizlə bağlı bəzi məlumatların dəqiq olmadığını göstərir ki, sözügedən Komissiyanın nümayəndələri özləri bu faktı etiraf edirlər” – deyə, açıqlamada bildirilir.

“Fakt Yoxla” DQİDK-nın iddiasının doğru olub-olmadığını araşdırıb.

Komissiya haqqında

"USCIRF" 1998-ci ildə ABŞ prezidentinə, dövlət katibinə və Konqresə qlobal dini azadlıq haqqında siyasi tövsiyələr hazırlamaq məqsədilə yaradılmış ikipartiyalı komissiyadır. Bu komissiyanın tərkibi 9 səs hüquqlu üzvdən ibarətdir. Bunlardan 3-ü ABŞ prezidenti, 3-ü Senat sədrinin müavini (1-i prezident partiyasından, 2-i digər partiyadan olmaqla), 3-ü də Nümayəndələr Palatasının spikeri tərəfindən təyin olunur.

Bundan əlavə, prezident Senat tərəfindən təsdiqlənmək şərti ilə, Dövlət Departamentinin Dini Azadlıqlar üzrə Səfirini səs hüququ olmayan komissiya üzvü təyin edir. Hər komissiya üzvünün 2 il müddətinə 2 dəfə seçilmək hüququ var.

Azərbaycan xüsusi müşahidə siyahısındadır

Komissiyanın hesabatı bir qayda olaraq dini azadlıqlarla bağlı vəziyyətin problematik olduğu 30-a yaxın ölkəni əhatə edir. Bu ölkələrdən biri də Azərbaycandır.

Hesabata daxil edilən ölkələr iki kateqoriyaya bölünürlər: Xüsusi Narahatlıq Doğuran Qrup və Xüsusi Müşahidə Siyahısı. Xüsusi Narahatlıq Doğuran Qrup dini azadlıqların “sistematik”, “davamlı” və “kobud” olmaqla, 3 kriteriyada pozulduğu dövlətlərdir.

Xüsusi Müşahidə Siyahısında isə bu kriteriyaların ən azı birinə cavab verən dövlətlər yer alır. Bu ilki hesabatda Azərbaycan Xüsusi Müşahidə Siyahısında olan dövlətlər sırasındadır.

Tənqidlər və Azərbaycanla bağlı tövsiyələr

Azərbaycana dair hesabatda 2019-cu ildə hökumətin dini icmalara qarşı reydləri əsasən dayandırdığı, fərdlərin din, yaxud inanclarının dinc şəkildə gerçəkləşməsi ilə əlaqədar saxlanması və cərimələnməsi hallarının azaldığı, prezident İlham Əliyevin ötən ilin martında dindarlar da daxil olmaqla, 51 siyasi məhbusu həbsdən azad etdiyi qeyd olunur.

Bununla yanaşı, sənəddə ötən ilin sonunadək 45 dini fəalın həbsdə qaldığı vurğulanır. Onlardan çoxunun Müsəlman Birliyi Hərəkatının üzvləri olduğu bildirilir. Təşkilatın sədri Taleh Bağırzadənin və müavini Abbas Hüseynovun işgəncələrə məruz qaldığı, bu təzyiqlərə etiraz olaraq, onların aclıq aksiyası keçirdikləri, onların vəkilləri və ailə üzvləri ilə görüşlərinə imkan verilmədiyi vurğulanıb.

Hesabatda Azərbaycandakı vəziyyətlə bağlı ABŞ Dövlət Departamentinə tövsiyələr də yer alır. Tövsiyələrdən birində Azərbaycanın dini azadlıqların vəziyyətinə görə Dövlət Departamentinin Xüsusi Müşahidə Siyahısına salınması təklif olunur.

Digər bir təklifdə ABŞ hökumətinə "Dini etiqad azadlığı haqqında” Qanunun beynəlxalq insan haqları standartlarına uyğunlaşdırılması üçün Azərbaycan hökuməti ilə işləmək tövsiyə olunur.

Təkliflər sırasında beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şəraitində alternativ mülki xidmətə, dini baxışlara görə hərbi xidmətdən imtinaya icazə verilməsi ilə bağlı Azərbaycan hökumətinə yardım edilməsi də yer alır. Bu təklifin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə və Azərbaycan Konstitusiyasına uyğun olduğu bildirilir.

Hesabatda həmçinin deyilir ki, ABŞ Konqresi Azərbaycanda dini azadlıqların Müsəlman Birliyi Hərəkatına münasibət də daxil olmaqla daha geniş insan haqları pozuntularının araşdırılması üçün ictimai dinləmələr keçirməli, hökuməti vicdan məhbuslarını azad etməyə çağırmalıdır.

Conni Mur hesabatın Azərbaycana dair hisəsinə etiraz edib

Conni Mur (Johnnie Moor)2018-cu ildə prezident Donald Tramp tərəfindən "USCIRF”in üzvü təyin olunub. O, həm 2019-cu, həm də 2020-ci ildə dərc olunan hesabatların Azərbaycana həsr olunmuş hissəsinə etiraz edib. O bildirib ki, Azərbaycan sünni və şiə din xadimlərinin birgə ibadət edə bildiyi, Evangelist və Rus Pravoslav xristianlarının dini mərasimdə birgə iştirak edə bildiyi, əhalisinin əksəriyyətinin müsəlmanlardan ibarət olmasına baxmayaraq, tərəqqi edən yerli yəhudi icmasının olduğu bir ölkədir.

“Azərbaycan din azadlığını postsovet hüquqi çərçivəsinə salmaqda çətinlik yaşayıb, bununla belə, bu xüsusda digər qonşularından daha artığına nail olub” – deyə o, xüsusi rəyində qeyd edir.

Mur onu da diqqətə çatdırıb ki, [Əliyev] hökumətinin zorakılıq, dini ekstermizm və milli təhlükəsizliklə bağlı qayğılarını da rahat bir şəkildə gözardı etmək olmaz. Hesabatın Azərbaycanla bağlı hissəsinə Murdan başqa etiraz edən komissiya üzvü olmayıb.

Conni Mur fəaliyyəti dövründə Azərbaycana bir neçə dəfə səfər edib. O, 2018-ci və 2019-cu illərdə Azərbaycana gələrək Dini Komitənin sədri Mübariz Qurbanlı və prezident İlham Əliyevlə görüşlər keçirib. Mübariz Qurbanlı da 2019-cu il Vaşinqtona səfəri zamanı Conni Murla görüşüb. Murun Azərbaycanla bağlı təəssüratlarından belə aydın olur ki, o, ölkədəki dini mühiti bəyənir, hökumətin bu yöndə fəaliyyətini dəstəkləyir.

Dini azadlıqlara dair digər beynəxalq tənqidlər

Hazırda Müsəlman Birliyi Hərəkatının 30-dan çox üzvü həbsdədir. Onların çoxu 2015-ci ildə keçirilmiş Nardaran əməliyyatı çərçivəsində həbs olunub. Saxlanılanlardan Taleh Bağırzadə və Abbas Hüseynova 20 il, digərlərinə 10-19 il arası həbs cəzası verilib. Təşkilatın daha 2 üzvü - Əhsən Nuruzadə 2018-ci ildə narkotik ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib, Elvin Muradov isə 2020-ci ildə qanunsuz odlu silah saxlama ittihamı ilə həbs olunub. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları onları siyasi məhbus hesab edir.

Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Thorhildur Evarsdottir Sunnanın hazırladığı Avropa Şurası Parlament Assambleyasının 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə qəbul edilən hesabatda Tale Bağırzadə və Abbas Hüseynovun siyasi məhbus olduğu, yerli hüquq müdafiəçilərinin tərtib etdiyi 2 siyahının etibarlı və güvənli mənbə olduğu vurğulanır. Bu siyahılarda, Müsəlman Birliyi Hərəkatının üzvləri də daxil olmaqla, 100-dən çox şəxs siyasi məhbus kimi tanınıb.

Dini etiqadın qanun qarşısında bərabərliyi prinsipi pozulur

Dini icmaların qeydiyyatı məsələsi Azərbaycanda tez-tez səsləndirilən problemlərdəndir. Qanuna əsasən, bütün dini qruplar Dini Komitədə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmədən istənilən dini fəaliyyət qadağandır və bu cür fəaliyyət cərimə, saxlanılma və ya həbslə nəticələnə bilər. 2009-cu ildə "Dini etiqad azadlığı haqqında" Qanuna edilən dəyişikliklə dini icmanın qeydiyyatı üçün əvvəlki kimi 10 deyil, 50 nəfərin bir araya gəlməsi lazımdır. Amma heç də bütün dini qruplar bu tələbi yerinə yetirə bilmir, bu da, icmanı qeydiyyatdan keçmək imkanından məhrum edir. İslam təmayüllü dini icmalar, qeydiyyat üçün həm də Qafqaz Müsəlmanları İdarəsindən təqdimat almalıdırlar. Bu halda isə dini etiqadın qanun qarşısında bərabərliyi prinsipi pozulmuş olur.

İnanc, yoxsa hərbi xidmət?

Konstitusiyanın 76-cı maddəsində qeyd olunur ki, vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. Buna baxmayaraq, “Yehovanın Şahidləri” təriqətinin üzvləri hərbi xidmətə etiraz etmək haqqından mütəmadi olaraq məhrum edilib və hərbi xidmətdən yayınmaya görə təqibə məruz qalıblar.

Avropa Məhkəməsi “Müşfiq Məmmədov və digərləri Azərbaycana qarşı” işi üzrə şikayətçi “Yehovanın şahidləri” təriqətinin üzvlərinin ərizəsini təmin edib. AİHM Azərbaycan məhkəmələrin ərizəçilərin işlərinə baxarkən onların Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu (dini etiqad azadlığı) maddəsində nəzərdə tutulmuş hüquqlarını pozduğu qənaətinə gəlib. AİHM buna görə Azərbaycan hökumətini 38 min 269 avro cərimə edib.

Azərbaycanın 2002-ci ildə Avropa Şurasına üzv qəbul edilərkən üzərinə götürdüyü öhdəliklərdən biri də "Alternativ xidmət haqqında" Qanun qəbul etmək olub. Amma bu öhdəlik indiyədək icra olunmayıb.

DQİDT hesabatı hazırlayan “komissiya üzvlərinin” Azərbaycana yönəlik tənqidlərlə razılaşmadıqlarını bildirib. Araşdırma zamanı məlum oldu ki, Din Azadlığı Komissiyasının 9 üzvündən ancaq 1-i hesabatda yer alan fikirlərlə razılaşmadığını bildirib. Bu komissiya ilə yanaşı dıgər beynəlxalq hesabatlarda da Azərbaycanda siyasi motivlərlə həbsdə olan inanclı fəalların olduğu, dini azadlıqlarla bağlı problemlərin hələ də qaldığı qeyd edilir.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı