Sionizm, dini baxışlar, arilik iddiası və bəşəriyyətin bu günü
(I yazı)
“Mən bütün dinləri puç
və əfsanə hesab edirəm!”
M.F Axundov.
Coxdan, lap çoxdan bu mövzuda yazı yazmaq haqqında düşünür, dini baxışlarla bağlı məni gecə-gündüz rahat buraxmayan düşüncələrimi insanlarla bölüşmək istəyirdim. Bu düşüncələrimin əsası isə yazımın əvvəlində böyük mütəfəkkir Mirzə Fətəli Axundovdan gətirdiyim məşhur sitat dayanırdı.Hər zaman içimdə bir sual dolaşır: Millətini, xalqını bu qədər sevən, gerçək ziyalı-mütəfəkkir bir düha nədən belə deyib axı? Bizlər, sıravi insanlar ondan çoxmu sevirik bu xalqı, ondan çoxmu dünyagörüşə, insan və cəmiyyət təfəkkürünə , dünyanın inkişaf fəlsəfəsinə malikik? Bu, o demək deyildi ki, böyük mütəfəkkirin bu məşhur deyimini birmənalı qəbul edir, dinlərin puç və əfsanə olduğu fikrini qəbul edirəm.Yox! Sadəcə, nədən hərtərəfli dünyagörüşə, fəlsəfi biliklərə malik dahi bir insanın belə bir fikir səsləndirməsi məni hər zaman düşündürüb. Puç və əfsanə olan hər hansı ideologiya min illər boyu cəmiyyətləri, milyardlarla insanı öz təsiri altında saxlaya bilməz axı!
Elə bu düşüncələr çox illər əvvəl yazdığım bir neçə şeirimdə də, məndən asılı olmayaraq beynimə, beynimdən qələmimə, ordan kağıza köçürülüb. Nədənsə böyük tirajla çap olunan kitabımdan şeirlərimi oxuyan heç kimsə bu misralara görə mənə nə təstiq, nə də inkar fikri söyləmədi.Həmin şeirlərimdən iki bəndi yazıma da daxil etmək istəyirəm. Ötən əsrin sonlarında yazdığım bu misralardan iki bəndini oxucularıma təqdim etmək istəyim isə ondan qaynaqlanır ki, yazımdakı bəzilərində qıcıq oyada biləcək fikirlərimin bu günün məhsulu olmadığına əminlik yaransın:
Bu kiçik dünyada nə qədər din var
Bu dindən o dinə nə qədər kin var,
Cahan ki, bətnində cin-şəyatin var,
Cahana nifrətim tükənən deyil!
Başqa bir şerdən:
İnam gəldi, inam getdi, nə qədər
Bu inamlar tüğyan etdi nə qədər!
namlarda iman itdi, nə qədər!
İmanımla görüşməyə gəlmişəm,
Bu dünyanı dəyişməyə gəlmişəm.
Qətiyyən şübhə etmirəm ki, elə bu misraları oxuyan bəzi cılız düşüncəli oxucular yazının ardını oxumadan, dediklıərimi öz beyin süzgəcindən keçirmədən məni dinsiz, əstəğfurullah, allahsız elan edəcək və yazını da küfr yazı kimi yaxınlarının oxumasına imkan verməməyə çalışacaq. Çünki M.F.Axundovdan başlamış Cəlil Məmmədquluzadəyə, Mərzə Ələkbər Sabirə qədər insanları fanatik dindarlıqdan uzaqlaşdırmağa nə qədər cəhdlər olsa da, nə yazıqlar ki, bu gün də cəmiyyətimizin mütləq çoxluğu hələ də dinə, xüsusilə elmin, idarəetmənin, tərəqqinin açarı olan Qurani Kərimə idrakla deyil, fanatikcəsinə inanırlar ki, bu da mənim qələmə almağa qərar verdiyim bu yazımdakı mətləblərlə üst-üstə düşmür.Fəqət mən hər kəsi yazımı sona kimi oxumağa, tarixi faktlara əsaslanan arqumentlərimə əks arqumentlərini ortaya qoymağa dəvət edirəm. Hər bir inandırıcı arqumentə hörmətlə yanaşacağıma və əsaslı olarsa fikirlərimdən dönəcəyimə, onun fikirlərini meyar kimi qəbul edəcəyimə hər kəs əmin ola bilər.
Gələk ora ki, nə üçün bu yazını məhz indi yazmağa qərar verdim? Bunun iki səbəbi var. Birinci və əsas səbəb koronovirusun bəşəriyyətə gətirdiyi bəla və bu bəlanın da arxasında sionistlərin(yəni massonların) olduğuna dair kifayət qədər dəlillərin ortaya qoyulmasıdır ki, yazını sona qədər oxuyan bunun niyə başlıca səbəb olduğunu yəqin edəcək. İkinci səbəb isə feysbook deyilən sosial şəbəkədə yenicə “dostlaşdığım” bir şairə xanımın profilindəki cümlə oldu.Daha doğrusu, həmin cümlə ilə bağlı aramızdakı yazışma. Özünü ziyalı sanan bu xanım profilində foto-şəkilin aşağısında belə bir cümlə yazmışdı: “Mənim tək sevgilim allahdır!” Ziyalı sanıb şairə xanıma irad bildirdim ki, sən allahı sevə bilərsən, allahın səni sevib-sevmədiyini bilə bilməzsən. Sevgili isə iki bir-birimi sevənlər ola bilər. Təklif elədim ki, “sevgilim” sözünü “sevdiyim” sözü ilə əvəz eləsə, yaxşı olar. Mənə “Həzrət Yusif” filmindən Züleyxanın özünü allahın sevgilisi adlandırmasını misal gətirdi. Mən isə ona miflərə əsaslanıb çəkilən filmdənsə, Nəsimini oxumağı, hürufizmi öyrənməyi məsləhət bildim. Şairə xanım bu dəfə mənə yazdı ki, sən sünnisən! Cavabım dəqiq oldu:Damarımda Şeyx Səfinin, Şeyx Cüneydin, Səfəvi ordusunun sərkərdəsi olmuş, on dörd ölkəni birləşdirib Səfəvi xanədanının qurulmasında Böyük Şah İsmayıl Xətai ilə bərabər tarixi xidmətləri olmuş Dədəbəyin qanının axdığını bildirdim. Yəni bu adamlar hamısı tarixi şəxsiyyətlərdir və məhz şiəlik uğrunda mübarizə aparan insanlardır. Sonda isə, bu zamanda yenə sünni-şiə söhbəti salan hər kəsi bisavad və islam düşməni adlandırdım. Yazdıqlarım bir yana qaldı, bu dəfə onu islam düşməni adlandırmaq kimi dəyər verdi sözlərimə və məni kafir adlandırdı.Təbii ki, bundan sonra onun səhifəsini əngəllədim və belə cılız biri ilə mübahisəyə girdiyimə görə özümü qınadım. Elə həmin “şairə” xanımla söhbəti bitirən kimi, bu yazımın vaxtının yetişdiyinə əmin oldum və bilgisayarın arxasına keçdim.
Məni tanıyanlar, nəslimə bələd olanlar bilirlər ki, mən kifayət qədər islam dininə sadiq olan bir nəslin şəcərəsinə mənsubam. Sovet dövründə din qadağan olunduğu zamanlarda insanlar bizim evə gələr, dini mərasimləri mənim atamla birgə keçirərdilər.Baxmayaraq ki, atam kolxozun vəzifəli şəxslərindən biri idi., baxmayaraq ki, atası Fərzəliyev Binnət Novruz oğlu sövet hakimiyyətinin repressiyasının qurbanı olmuş, beş il sibirdə sürgün həyatı yaşamış, 1937- ci ildə ilk güllələnənlərdən biri olmuş və atam da “xalq düşməni”nin oğlu kimi daim nəzarət altında idi, ancaq heç bir dini mərasimi buraxmırdı və qeyd edirdi. Uşaq ikən ona verdiyim bir suala görə onun da mənə qəzəbi tutmuşdu.Söhbətlərdən bilirdim ki, Həzrəti İsanın anası Məryəm ana yəhudi kahininin qızı olub. Həzrət Məhəmmədin(Ə.S.) də birinci zövcəsi Həzrəti Xəticə vəhudi kahininin qızı olub. Sual verdim ki, niyə yəhidiləri kafir adlandırırlar mollalar? Axı islamı və allahın rəsulunu ilk qəbul edən məhz yəhudi qızı Xədicə olub! Atam mənə kəskin nəzərlə baxdı və “başın girməyən yerə bədənini soxma” deyib əlindəki tənək qayçısı ilə üzüm budaqlarını budarlamağa başladı. Həmin sualın cavabı da məni həyatım boyu izləmiş və ona cavab tapmaq istəsəm də, bu günə kimi heç bir din xadimi mənə bu cavabı verə bilməyib. Hətta bir din xadiminə “sən özünü əvvəl müsəlman sonra türk hesab edursən, yoxsa əksinə” sualıma əsəbi şəkildə “ o nə sualdı, əlbəttə əvvəl müsəlmanam, sonra azərbaycanlı “deyə cavab verdi. “O zaman islam dini olana kimi yaşayan ulu babaların necə, onlar əvvəl kim olub” sualıma isə, savadsız din xadimlərinin istifadə etdiyi məlum metodla “A kişi, sən küfr danışırsan, məndən uzaq ol” deyib yaxasını kənara çəkdi.
Əziz oxucum! Mənim dindar bir ailədə böyüməyimin mənəvi baxımdan ən böyük əhəmiyyəti o olub ki, vaxtında islamı bütün məziyyətləri ilə mənimsəmək imkanım olub. İslamı öyrəndikcə onun gerçək bir ilahi ideologiya olduğuna, “Qurani-Kərim”in isə gerçək ilahi kitab olduğuna əminlik yaratdı içimdə. Lakin bu müqəddəs kitabı mərhum Akademik Ziya Bünyadovun tərcüməsində dönə-dönə oxuduqdan, tez-tez akademiklə, hərdən də böyük ziyalı alim Xudu Məmmədovla görüşüb mənə qaranlıq mətləblərə aydınlıq gəlməsi üçün fikir mübadiləsi apardıqdan sonra, din xadimlərimizin bu gerçək ilahi qüdrətin bizlərə göndərdiyi kəlamlardan çox uzaqda olduqlarını anladım. Burdaca qeyd edim ki, həm Ziya müəllim, həm də Xudu müəllim din xadimlərindən fərqli olaraq açdığım bu fikir mübadilələrinə hər zaman böyük həvəslə qoşular və mənim yanlışlarımı ən sadə, anlaşıqlı dillə mənə izah etməyə çalışardılar. Bununla belə, nə üçün hər üç səmavi dinin yəhudilərlə birbaşa bağlı olduğuna aid sualıma hər iki böyük ziyalı “bu artıq bizim bildiyimiz iş deyil, o da yəqin ki, allahın sirlərindən biridir” deyə cavab verirdilər. Beləcə, bu sualın cavabı məni bütün ömrüm boyu düşündürüb və cavabını da kimsə verə bilməyib.
Və bir gün hörmətli alim, ictimai xadim, professor Firidun Cəlilovun “Tanrı elçisi İbrahim” kitabı əlimə keçdi. Kitab düşündüklərimə işıq salmağa başladı və professora zəng vurub görüşdüm. İndiki hər üç səmavi dinlərin ilk müjdəçisi olan İbrahim Xəlilullahın atasının “Tövrat” və “İncil”də türk,daha dəqiqi,saitsiz əlifbada “trk” samit səsləri ilə işarələndiyinə görə bəzi dillərdə turuk, terek kimi də yazıldığını öyrəndim. “Qurani-Kərim”də isə atasının adının Azər olduğunu bildiyimdən, bunun səbəbini öyrəndim. Professorun qənaətinə görə bunlardan biri Xəlilullahın şəcərəsini göstərə bilər. Yəni İbrahim Xəlilullah ya Azər şəcərəsindən olan Turuk(Türk) kişiinin, ya da Türk şəcərəsində olan Azər kişinin oğlu olub. Bunu dəqiqləşdirmək üçün əldə kəskin mənbə olmadığını vurğulayan Firidun müəllim, İbrahim Xəlilullahın Qantura adlı bir xanımının da olduğunu bildirdi. Əldə etdiyim bu faktlar məndə axtardığım ip ucunu tapmış təəssüratı yaratdı(Bunlar haqqında bir qədər sonar) (Davamı var)
Təhmasib Növruzov