hemle

SÖZÜN AĞASI, SÖZÜNÜN AĞASI

Tarix:29-04-2024, 10:20
Baxış Sayı:749

SÖZÜN AĞASI, SÖZÜNÜN AĞASI

…Şair Həmzə Həmzəyevin özünü tanımasam da, sözünü tanıdım. Misralara inci kimi düzülmüş sözlərin çəkisini hiss elədim, nəfəsini duydum, rəngini gördüm.
İncə qəlbli, Dədə Qorqud öyüdlü, sözə könül verən, sözlə Vətən sevgisini, torpaq sevgisini, dostluğu, məhəbbəti, təbiətin gözəlliyini… təsvir edən, rəssam kimi duyğularını, gördüklərini sözlə şəklini çəkən Həmzə Həmzəyevin «Məni xatırlayarsan» kitabını (2024) yarpaq-yarpaq çevirib oxuduqca düzü, heyrətlənməyə bilmirdim. Məni heyrətləndirən şairin şeirlərilə yanaşı, həm də onun əsl ziyalı, əsl insan, əsl şəxsiyyət olması, 57 il yaşayıb tarixdə bir iz qoyub getməsi, şərəfli həyatı ilə, şair və müəllim ömrüylə ürəklərdə özünə möhtəşəm bir abidə ucaltmasıydı. Onun kimi ziyalı olub qaranlığı işıqlandırmaq, onun kimi şəxsiyyət olub xalq üçün yaşamaq, el üçün çalışmaq hər adama qismət olmur və hər adam da ölümüylə ölümsüzlük qazana bilmir.
Həmzə Həmzəyev hələ sağlığında ikən şeirlərilə ölməzlik qazanmışdı, hələ sağlığında ikən elin yaddaşında, xalqın ürəyində öz halal yerini ala bilmişdi.
Şairlər ölmürlər…onlar yazdıqları şeirlərində yaşayırlar. Bu mənada Həmzə Həmzəyev də ölməyib. Fiziki ölümündən 46 il ötüb keçsə də yada düşür, xatırlanır. Şairin «Məni xatırlayarsan» kitabı onun bir daha ölməzliyinin, ədəbiyyatın ədəbi dünyasında həmişə var olacağının təsdiqidir. O, bir daha şeirlərilə təsdiq elədi ki, ölməyib, bir-birindən maraqlı, məzmunlu, dəyərli şeirlərilə könlümüzün incə telinə toxuna bilir, ruhumuza meh kimi sığal çəkir, ən başlıcası isə ağsaqqal fikirləri, öyüd və nəsihətləri «qolumuzdan tutub» bizi büdrəməyə qoymur, bizi vətənə, yurd yerinə daha qırılmaz tellərlə bağlayır. Biz onun şeirlərində dost nədir, dünya nədir, eşq nədir, ölüm nədir və bu kimi suallara cavab tapa bilirik.


…Bir almanın iki üzü
Biri sənsən, biri dostun.


…Alış-verişində başa varan yox,
Bəzirgan dünyadı, xoca dünyadı.


…Nə hikmətlə yağış yağır, yel əsir?
Bir eşq üçün göy çəməndə gül sir.
Yoxsa günəş görüşəmi tələsir?
Sübhün üzü məhəbbətdən danışır.


Dağlar haqqında saysız-hesabsız şeirlər yazılıb. Hər şair dağlara özünəməxsus şəkildə söz qoşub. Amma Həmzə müəllimin «Dağlar» şeiri öz orijinallığı, bənzərsizliyilə daha çox seçilir və oxucunun qəlbinə daha asanlıqla yol tapa bilir.


…Ötsün gecə, xeyir üstə-
Açılsın sabahın, dağlar!


…Məhəbbətdən, sevgidən, eşqdən min illər sonra da yazılacaq və nə qədər ki, bəşər övladı var, məhəbbət də, sevib-sevilmək də var. Sevgisiz dünyanın dəyəri olmadığı kimi, sevgi şeirləri yazmayan şairin də yaradıcılığının dəyəri olmaz. Hər halda mən belə düşünürəm.
Həmzə Həmzəyevin də qələmindən sevgi şeirləri süzülüb.
Gəlin bu misralara diqqət yetirək:


Demə Həmzə məhəbbətdən naşıdı,
Gözəllərin göyçəyini sevmişəm.


«Məni xatırlayarsan» kitabını oxuyan hər bir oxucu, o gözəl şairi, o dəyərli ziyalını necə xatırlamaya bilər? Özü şeirlərində görünən, nəfəsi şeirlərində hiss olunan Həmzə Həmzəyevin səsini hər misrasında eşitmək mümkündür. Məgər bu səsi eşitməmək olarmı?


Hünər göstərməyə gün doğmamış qalx,
Gözünə nur olsun açılan sabah.
Həmzə müəlliminin həyatına bax,
Ömrünü şərəflə yaşa, şagirdim!


Bəli, bu səs şair Həmzənin səsidir. Bu nəfəs Həmzə müəllimin nəfəsidir. Ürəyi şeirlərində döyünən o dəyərli ziyalının ürəyinin hər döyüntüsündə xalqa, vətənə sevgi-məhəbbət var, ağsaqqal nəsihəti, ata öyüdü var. Məgər bu misralar Həmzə ucalığından, Həmzə böyüklüyündən xəbər vermirmi?


Qayğı-diqqət gərək qurda-quşa da,
Xoş qılıq can verər quru daşa da.
Sözün kəsər tutmaz, gəlməz xoşa da,
Dilinə bal qatıb, şərbət etməsən
.
Ürəyi Vətən eşqilə döyünən şairin şeirlərində onun həm də bir Vətən sevdalısı olduğunu görürük:


…Vətən elə şirindir,
Eşqindən doymaq olmaz.


Düşünürəm ki, Həmzə Həmzəyevin şeirləri ədəbiyyatımıza dəyərli bir hədiyyədi. Söz adamları bu hədiyyənin böyüklüyünü daha yaxşı görür, şeirin, sözün gücünü daha yaxşı hiss edirlər.
Həmzə Həmzəyev xalqına, vətəninə xidmət üçün müəllimliyi seçmişdi. O, həm də bir şair kimi şairlik missiyasını şərəflə yerinə yetirirdi. Müharibədə (1941-1945) odun-alovun içindən keçən şair şeirlərini də ürəyinin süzgəcindən keçirərək ən ali hisslərini, duyğularını əbədiləşdirə bilmişdir.
Həm müəllim, həm şair ömrü yaşayan Həmzə Həmzəyev zəngin mənəvi sərvətilə, şərəfli yaradıcılıq yolu ilə, öz ziyalı işığıyla fəlsəfi düşüncələrini, fikirlərini şeirlərində əks etdirməyi bacarırdı, həm də yaxşı bacarırdı.
Şairin oxucu qəlbinin incə tellərini titrədən, könülləri oxşayan şeirləri dünyaya işıq tutr və biz bu işıqda şairin özünü görürük, öyüd-nəsihətini eşidirik:


…Mətləb anladanda, kəlam deyəndə,
Sözü keçirəsən ələkdən gərək.
Və yaxud:
…Bir qol ki harama barmaq uzadır,
O qolu kəsəsən biləkdən gərək.


Həmzə müəllim həmişə sözünün ağası olub və bir şair kimi də sözün ağası kimi tanınıb. O, sözə nəfəs vermyi bacarıb. Sözü mum kimi yumşaldaraq istədiyi səmtə yönəldə bilib. Məhz ona görə də misralarında «laxlayan» bir sözə rast gələ bilməzsən, çiy sözü «bişirməmiş» qələmə almayan şairin bu misralarının işığında Oğuz yurdu Qafana getmək olar:


Uca kəhkəşan böyük,
Haqq ulu, insan böyük.
Dünya Qafan boydadır,
Qafan dünyadan böyük.


Həmzə Həmzəyev yaxşı şair olmaqla yanaşı, həm də yaxşı müəllim, yaxşı ata, yaxşı vətəndaş olub. Mərd və cəsur kişi kimi, qorxmaz qəhrəman kimi tanınıb. Cəbhədə həm qələmilə, həm də silahı ilə alman faşistlərinə qarşı döyüşüb. Bir vaxtlar qədim türk diyarı olan Qafan elində – Pəyhan kəndində onu hamı mərd və xeyirxah kişi kimi, ziyalı kimi,elin qeyrətini çəkən bir insan kimi dəyərləndirird, elə indi də dəyərləndirirlər… Bir sözlə, o, yaxşı kişidən yaxşı ad qalıb, yaxşılıqlar qalıb, xalqa, vətənə gərəkli, layiqli övladları qalıb. Həm də bir-birindən yaxşı şeirləri qalıb. Şairin şeirlərindən bir neçəsini "Həmləm. media" saytının dəyərli oxucularına təqdim edirəm:
BULAQLAR
Göy dağlarda göydən düşən süfrədi
Lilparlı, tərəli, göylü bulaqlar.
Salam verib, diz çökmüşəm önündə
Üzündən öpmüşəm xeyli, bulaqlar.


Çırpınır irmaqda dağlar sonası,
Səthində bərq vurur çəmən həyası.
Duru suyun gözəlliklər aynası,
A kövsər sayalı, saylı bulaqlar.


Fəslin əlvan vaxtı, ilin xoş çağı,
Göyün açılanda qaşı-qabağı
Səndə mehman olur elin yığnağı,
İgidli, ərənli, bəyli bulaqlar.


Gözəllər üstündən səf- səf keçərlər,
Yengələr nişana qofta biçərlər,
Cavanlar hərə bir buta seçərlər,
Şülənli, törənli, toylu bulaqlar.


Həmzə saz vurğunu, söz vurğunudur,
Sevgi atəşinin köz vurğunudur.
Ülvü gözəlliyin öz vurğunudur,
Səndədir həmişə meyli, bulaqlar.

QAZANGÖL
Səngidirsən atəşimi,yanğımı,
Qətrə-qətrə daş-qayadan sızan göl.
Bu ellərin, obaların eşqinə
Ləpə-ləpə həzin nəğmə yazan göl.


Dörd yanını kim becərib, kim əkib ?
Ellik salıb, ağban binələr tikib.
Şarakuzdan, Göyçəgöldən at təpib
Bamsı Beyrək,Dəli Domrul, Qazan, göl.


Ayna sətin gün doğanda nur səpər,
Suyun billur, yanın -yörən səmənbər.
Qoy gülünü, çiçəyini dərim tər
Sahilləri saraltmamış xəzan , göl.


Günəş batır, axşam çəkir sürməni,
Cəzb eləyir səma məni, yer məni.
Meh tərpəndi, sığalladı çəməni,
Elə bildim, qopuz çalır ozan, göl.


Təb gələndə gül də gözəl,reyhan da,
Ürək çağlar gözəlliyi duyanda.
Şair qardaş,bir gözəl var Pəyhanda,
Qeyd et, saxla yaddaşında: Qazangöl !


Hüseyn İsaoğlu (Məmmədov)
AYB-nin və AJB- nin üzvü,
yazıçı - publisist.

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ