Şərəfli ömür yolu keçmiş xalam Məleykə Rəsulovadan söz açmaq istəyirəm. İstəyirəm ki, ürəyi vətən eşqilə döyünən, halal zəhmətilə halal ömür yaşayan bu qadını tanımayanlar da tanısınlar, onunla qürur duysünlar. Qürur duysunlar ki, bu dünyada Azərbaycan qadınının adını, eləcə də bir ana kimi ana adını ucaldan, şərəfləndirən, zəhmətkeş insan olaraq adını elin yaddaşına yazdıran Məleykə adında, Rəsulova soyadında bir qadın yaşayıb. O, şərəfli, mənalı həyatı ilə bir ildə on ilin işini görüb, 65 illik ömrünü Tanrının istədiyi kimi yaşayıb. O, həm yaşayıb, həm də insanları, insanlığı yaşadıb, halallığı, düzlüyü, sədaqəti, məhəbbəti… yaşadıb. Sağlığında xalqın sevimlisi olub, sonra ürəklərə köçüb və bir gün də unudulmayıb. Unudularmı?
Xalam pambıqçılıq briqadiri kimi fəaliyyət göstərirdi. Respublikanın ən qabaqcıl zəhmət adamlarından biri kimi şan-şöhrət qazanmışdı. Adı dillərdə nəğmə kimi gəzirdi, haqqında müxtəlif mətbuat orqanlarında tez-tez iri həcmli məqalələr, oçerklər çap olunurdu. Zəhməti, əmək fəaliyyəti, pambıqçı briqadiri kimi qazandığı uğurları, nailiyyətləri heç vaxt diqqətdən kənarda qalmazdı. Yaxasını orden və medallar bəzəyirdi. Bu orden və medallar onun böyük dünyasından, torpağa tökülən alın tərindən, Vətən sevdalısı olaraq əlinin zəhmətilə, hünərilə Vətənin şöhrət tacı olduğundan xəbər verirdi.
Şərəfinə və vicdanına söykənən Məleykə xalam ötən əsrin 70-80-ci illərinin əfsanəyə dönmüş qadınlarından – qabaqcıl əmək qəhrəmanlarından biri kimi Azərbaycana səs salmışdı. Onun səsi tez-tez uca tribunalardan gəlirdi, Bakıdan gəlirdi, Mərhum Heydər Əliyevin göstərişi ilə kolxoza briqadir təyin olunan Məleykə Rəsulova həmişə ölkə başçısının diqqət mərkəzində olub, onunla maraqlanıb. Ulu öndər hər dəfə kolxoza gələndə xalamla söhbətləşər, işilə maraqlanar, tövsiyyələrini verərdi. Bəli, ölkə başçısı bu işgüzar, zəhmətkeş insana – sözünün ağası olan, öhdəsinə götürdüyü tapşırıqları artıqlaması ilə yerinə yetirən bu kişi qeyrətli qadına böyük hörmət bəsləyirdi.
Xalam dünyada bir dünya yaradan qadınlardan olub. Onun dünyası sevgilə, məhəbbətlə, xeyirxahlıqla, halallıqla, saflıqla, düzlüklə və ən başlıcası isə əməyə olan məhəbbətlə doluydu. O, heç kimin kölgəsinə sığınmazdı, heç kimin ətəyindən yapışmazdı, əksinə, onun kölgəsinə sığınar, ətəyindən yapışar, işığına can atardılar… O, hamını işığına çağırırdı, işığıyla çağırırdı. Heç kimin qarşısında gözükölgəli deyildi, bunu öz mənliyinə sığışdırmazdı.
Bəli, xalam kişi qeyrətli qadınlardan biri kimi sevilirdi. Məhz onun kimi qadınlara görə atalar da yaxşı deyib. Deyib ki, «Aslanın erkəyi, dişisi olmaz».
Hər dəfə xalamı xatırlayanda istər-istəməz dilimin ucunda bu sözlər səslənir: - O, söz verdisə, nəyin bahasına olursa-olsun vədini yerinə yetirərdi. Dəfələrlə respublika səviyyəli yarışlarda birinci yerə çıxmışdıı. Əzmkar idi, prinsipial idi. Həm də yumşaq, kövrək ürəyi vardı. Əzmkarlığı çoxlarını xofa salsa da, xalam heç kimə yamanlıq eləməzdi. O, sadəcə olaraq tələbkar idi, hər kəsə öz işinə, zəhmətinə görə qiymət verərdi. Dəmir iradəli qadın idi. Məhz ona görə də onunla hamı hesablaşırdı, onun düzgün yol tutmasını, Vətən üçün çalışmasını, Vətənə daha çox məhsul vermək istəyini alqışlayır, ona hörmət və ehtiramla yanaşırdılar…
Xalam heç vaxt nöqsanlara göz yummazdı. Haqsızlığa, ədalətsizliyə qarşı barışmaz mövqedə dayanmışdı. Haqsızlıq önündə susmazdı, Dilindən həmişə haqq sözü eşidilərdi.
Məleykə Rəsulova taleyin Azərbaycana bəxş etdiyi cəsarətli, hünərli, haqsevər, haqqın yanında dayanan, insanların xoşbəxtliyini, xoş gününü istəyən və bu yolda çalışan qadınlardan biri kimi tanınırdı, sevilirdi. Bəzən ürəyindən keçənləri dilə gətirməsə də, bunu onun gözləri deyirdi, baxışları deyirdi.
O, həm əmək meydanında böyük uğurlar qazanır, plan və tapşırıqları artıqlaması ilə yerinə yetirir, ölkəyə min tonlarla «ağ qızıl» göndərir, həm indiki Gəncə Aqrar Universitetində qiyabi təhsil alır, həm zəhmət və əmək fəaliyyəti, həm də biliyi ilə yeni-yeni uğurlar qazanmaq üçün dinclik nə olduğunu bilmir, axşamın düşməsini hiss eləmir, özünü oda-közə vurmaqla ömrünü yaz qarı kimi əridirdi.
O, heç kimlə rəqabətə girməzdi. Təpədən-dırnağacan özüydü və həmişə də özü olaraq qaldı, necə deyərlər, göründüyü kimi oldu, olduğu kimi də göründü. Həmişə ucalığa can atan, şöhrət zirvəsində layiqli yerini alan Məleykə xalam həm ana kimi, xala kimi, bibi kimi, nənə kimi-bütövlükdə mükəmməl idi, əvəzedilməz idi. Deyərdim ki, onun kimi insanlar hər zaman dünyaya gəlmir və dünyaya gəlişləri ilə dünyanı daha da işıqlandırırlar…Dünya məhz onun kimi insanlara görə gözəl olur, yaşamaq məhz onun kimi insanlara görə şirin olur.
O, həm hayat yoldaşı kimi, həm ana, həm nənə, həm də əmək qəhrəmanı kimi ömür sürürdü. Deyərdim ki, bir ömürdə on ömür yaşayırdı. Görəsən, o, bütün bunları bir ömrə necə sığışdıra bilirdi? Bunu necə bacarırdı? Bu işlərin öhdəsindən necə gəlirdi? Həm ana kimi, xala kimi, nənə kimi, pamdıqçı kimi… bu işləri necə çatdırırdı? Bu suallar məni həmişə düşündürüb və mən bu suallara hələ də cavab tapa bilməmişəm.
Xalamın sevgisi də mükəmməl idi. Həyat dolu, sevgi dolu bir ömür yaşayırdı. Dünyanı ən gözəl tərəfindən görürdü, duyurdu. Elmli, savadlı idi. Hər kəslə öz dilində danışmağı bacarırdı. Kolxozçu ilə kolxozçu kimi, alimlə alim kimi danışardı, fikir mübadiləsi eləyərdi, bir sözlə, bütün mövzularda hər kəslə dialoqa girməyə hazır idi. Gözəl danışıq bacarığı vardı, Səlis və qüsursuz danışardı. Elə ona görə də həmişə diqqət mərkəzində olardı. Elə özü də diqqət mərkəzində olmağı sevirdi. Onun işığına yığışardılar, o isə öz növbəsində Danko kimi ürəyini çıxardıb insanları xoşbəxt gələcəyə çəkib aparırdı.
…Xalam həmişə başını dik tutub yeriyərdi və heç vaxt öz qürur taxtından düşmədi. Yeriyəndə kəlağayısının yeli vururdu adamı. Üz-gözündə bir amiranəlik, həm də eşq vardı, insanlara sevgi vardı, məhəbbət vardı. Öz həyacanını, sevgisini məğrurluğunda gizlədərdi. Heç vaxt şöhrətə can atmaz, qazandığı uğurlara öyünməzdi. Şöhrət də, uğur da özü gəlib tapardı onu.
…Məleykə xanım yerişiylə, baxışıyla, işiylə, zəhmətilə, ucalığıyla, xeyirxahlığıyla…hamı tərəfindən sevilirdi. Onun kimi qadını sevməmək olmazdı.
İşiylə, zəhmətiylə fəxr edirdi. Ürəyində torpağa, yurd yerinə böyük sevgisi vardı. Bu sevgi tükənməz idi. Azərbaycanlı olmağıyla, Azərbaycan qadını olmağıyla fəxr edirdi, öyünürdü.
O çətinlikdən qorxmazdı. Hər işə ürəklə yanaşardı. O, ölümdən də qorxmurdu. Ölümsüzlüyə qovuşacağını yaxşı bilirdi. Yaxşı bilirdi ki, ölüm haqdır. Ona görə də haqqa könül vermişdi, haqsız bir iş də görməzdi.
Mən deyərdim ki, o, 65 illik ömründə 100 ilin işini gördü. Allahın istədiyi kimi yaşadı və günlərin bir günü Tanrı dərgahına qovuşdu.
…Mən Sabirabad rayonunun Qələbə kolxozunun pambıqçılıq briqadiri Məleykə Rəsulovadan söz açdım. Bu yazını bir az öyünə -öyünə, bir az da darıxa-darıxa, həm də xalamı oxşaya-oxşaya qələmə aldım, necə deyərlər, o gözəl qadının sözlə şəklini çəkmək istədim. Çəkə bildimmi? Bilmirəm. Ancaq onu bilirəm ki, şərəfli ömür yolu keçmiş Məleykə xalamın işıqlı dünyasını, xarakterik xüsusiyyətlərini necə var, eləcə də bəzəksiz, boyasız, pafosuz oxuculara təqdim eləməyə çalışdım. Təqdim eləyə bildimmi? Onu da bilmirəm. Ancaq nəyi bacardımsa, onu da yazmağa çalışdım. Bununla belə Məleykə xalam haqqında yazmaq istədiyim kimi yaza bilmədim. Ürəyim yenə də sözlə doludu. Onun haqqında nə qədər yazsam da, ürəyim yenə boşalmayacaq. Bircə təsəllim var. Bu, hələ son deyil. Gün gələcək ki, Məleykə xalam haqqında – o qəhrəman qadın haqqında ürəyimcə, istəyimcə bədii-sənədli bir əsər yazacağam.
Təranə Dəmir,
şair, publisist,
AYB-nin və AJB-nin üzvü