Aprelin 5-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Əvvəlcə, iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, parlamentin komitə sədrləri Fazil Mustafa, Siyavuş Novruzov, deputatlar Elman Nəsirov, Kamal Cəfərov, Əli Məsimli, Vüqar Bayramov, Ceyhun Məmmədov, Müşfiq Cəfərov, Razi Nurullayev, Etibar Əliyev çıxış ediblər. Çıxışlarda aprelin 5-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Ermənistanın baş naziri, ABŞ Dövlət katibi və Avropa Komissiyasının prezidenti arasındakı üçtərəfli görüş, həmçinin regional vəziyyət barədə fikirlər səsləndirilib.
Sonra gündəlikdəki 22 məsələnin müzakirəsinə başlanıb.
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 1-ci məsələni - Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərliyində yeni dəyişikliyin edilməsi ilə bağlı qərar layihəsi təqdim edib. S.Seyidov Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentərarası əlaqələr üzrə işçi qrupunun yaradıldığını və qrupun rəhbəri qismində deputat Cavanşir Feyziyevin təklif edildiyini diqqətə çatdırıb, onun fəaliyyəti, iş təcrübəsi ilə bağlı məlumat verib, türk dünyası ilə bağlı apardığı araşdırmalardan bəhs edib.
Deputatlar Fəzail Ağamalı, Musa Qasımlı, Hikmət Məmmədov, Anar İsgəndərov məsələ barədə fikirlərini səsləndirdikdən sonra “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə qərar layihəsi qəbul edilib.
Gündəliyin növbəti 7 məsələsi Azərbaycan Prezidentinin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlı olub.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, M.K.Həsənovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi, Şəki Apellyasiya Məhkəməsinin hakimlərinin təyin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında məsələlər barədə məlumat verib.
O, diqqətə çatdırıb ki, dövlət başçısının təqdimatına əsasən, hakim korpusunu təmsil edən 2 nəfərin Azərbaycan Respublikasının Ali Məhkəməsinin hakimləri, 1 nəfərin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi, həmçinin 10 hakimin Bakı, 2-nin Gəncə, 3-nün Sumqayıt, 3-nün Şəki və 4-nün Şirvan Apellyasiya məhkəmələri hakimlərinin təyin olunması nəzərdə tutulur. Bununla yanaşı, vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar 6 hakimin tutduqları vəzifədən azad olunması təqdimatda öz əksini tapıb.
Qeyd olunub ki, məhkəmə sistemində müvafiq vəzifələrə irəli sürülən namizədlər mərhələli şəkildə yoxlama və qiymətləndirmə prosedurlarından keçirlər. Hər bir namizədin fəaliyyəti müsbət qiymətləndirildikdən sonra onların müvafiq məhkəmə instansiyalarında vəzifə tutmaq imkanı yaranır və dövlətimizin başçısına Məhkəmə-Hüquq Şurası tərəfindən təqdim edilir.
Sonra Milli Məclisin bu qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri gündəliyin digər beş məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib. O bildirib ki, növbəti iki məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Qeyd edilib ki, 9-cu məsələ “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsidir, 10-cu məsələ isə “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsidir.
Qanun layihələrini təqdim edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hər iki məsələnin “Media haqqında” qanunun tətbiqi ilə bağlı olduğunu və uyğunlaşdırma xarakterli dəyişikliklərin nəzərdə tutulduğunu deyib.
Sonra Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli bu komitələrin onuncu məsələ ilə əlaqədar müsbət rəy verdiyini diqqətə çatdırıblar.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova növbəti iki məsələnin də Prezidentin bir məktubu ilə Milli Məclisə təqdim edildiyini və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. O, həmin iki məsələnin “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri olduğunu diqqətə çatdırıb.
Sonra Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov həmin qanun layihələrini təqdim edib. O, ikinci oxunuşdan sonra komitəyə heç bir təklifin daxil olmadığını deyib və məsələnin səsə qoyulmasını xahiş edib.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib. O, birinci və ikinci oxunuşdan sonra komitəyə bu layihə ilə bağlı heç bir təklifin daxil olmadığını söyləyib və olduğu kimi səsə qoyulmasını xahiş edib. Təqdim edilən dəyişiklikdə geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının sırasından çıxarılması təklif olunur.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
S. Qafarova gündəliyin digər altı məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Əmək pensiyaları haqqında” Qanunda, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə İnzibati Xətalar Məcəlləsində, Tahir Mirkişili Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” qanunlarda, Mülki Məcəllədə və “İpoteka haqqında” Qanunda dəyişiklik olunması barədə qanun layihələrini təqdim ediblər.
Müvafiq rəy və təkliflər dinlənildikdən sonra qanun layihələri ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclisin sədri bildirib ki, gündəliyin növbəti məsələsi – “Media haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsidir. Sənəd Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilib.
Bu məsələ barədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sənədlə bağlı bu komitənin müsbət rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son üç məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Bildirilib ki, layihə 1954-cü il tarixli "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasına dair İkinci Protokolunda nəzərdə tutulmuş mədəni sərvətlərin qorunmasına dair müddəaların milli qanunvericilik aktlarına daxil edilməklə onların icrasının təmin edilməsi üçün hüquqi əsasın yaradılması məqsədilə hazırlanıb.
Sonra Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev “Sosial sığorta haqqında” Qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumat verib. Bildirilib ki, qanun layihəsi "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1936 nömrəli Fərmanının 3.3-cü bəndinə uyğun olaraq hazırlanıb.
Diqqətə çatdırılıb ki, qanun layihəsi DTX-nin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 219 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin saxlanma xərclərinin (o cümlədən təmsilçilik xərclərinin) norma və ödəniş Qaydaları"na uyğun olaraq ödənilən bütün növ ödənişlərin (dövlət məvacibi istisna olmaqla) məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilməsini nəzərdə tutur. Layihə qəbul edildiyi təqdirdə, DTX-nın xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlərindən yalnız dövlət məvacibi məcburi dövlət sosial sığorta haqqına və gəlir vergisinə cəlb ediləcək.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycanın bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, layihəyə əsasən, qüvvədə olan 14 qanuna 36 dəyişiklik təklif olunur. Dəyişikliklərdə bir sıra terminlərin dəqiqləşdirilməsi, o cümlədən “həkim reseptləri” sözlərinin “resept”, “dərman vasitələri” sözlərinin “dərman və tibb vasitələri”, “milli protokol” sözlərinin “klinik protokol”, “normativ-texniki sənəd” sözlərinin “texniki-normativ hüquqi akt” və bu qəbildən olan söz və ifadələrlə əvəz edilməsi nəzərdə tutulur.
Müvafiq komitələrin rəyləri dinlənildikdən sonra hər üç qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.