hemle

8 ildə Aprel döyüşlərinə bir sanballı film çəkilmədi...

Tarix:4-04-2024, 08:30
Baxış Sayı:794

8 ildə Aprel döyüşlərinə bir sanballı film çəkilmədi...

Xəyalə Rais: “Bizdə kinoya təbliğat vasitəsi kimi yox, biznes maraqlarından yanaşıldığı üçün Aprel döyüşləri ilə bağlı filmimiz yoxdur, halbuki, bu barədə film çoxdan çəkilməli idi”

Müstəqil dövlərçilik tarixində Dörd günlük Aprel döyüşlərinin müstəsna yeri var. Azərbaycan Ordusunun sücaətinin, qəhrəmanlığının, gücünün rəmzinə çevrilən bu döyüşlər barədə bədii ədəbiyyatda, publisistikada, sənədli kinoda kifayət qədər uğurlu nümunələr yaradılsa da, təəssüf ki, kino sahəsində, bədii film formatında hansısa bir örnəyə rast gələ bilmirik. Torpaqlarımızın azadlığına, işğaldan azad edilməsinə gedən yolun başlanğıcı olan Aprel döyüşləri və onun qəhrəmanları sanki kino sahəsinə rəhbərlik edənləri qəti maraqlandırmır.

Bu il də Aprel döyüşləri haqda bədii film çəkilmədi, yenə də bu Zəfərimizi təbliğ edən filmə rast gəlmədik.

Bildiyiniz kimi, əvvəlki illərdə İTV-nin sifarişi ilə Aprel döyüşlərindən bəhs edən bir bədii film çəkildi, lakin sonra onu da ekrana buraxmadılar. Səbəb kimi onu göstərdilər ki, çəkilən film Aprel döyüşlərini tam ifadə etmir. Bu gün bizim Aprel döyüşləri ilə bağlı möhtəşəm bir bədii filmə ehtiyacımız var. Xalq olaraq, bizə Zəfər bəxş edən bu mühüm hadisəni ekranlarda görmək istəyirik.

Əslində, məsələyə ciddi yanaşılsaydı indiyə qədər o film çoxdan çəkilərdi, çünki ortada kifayət qədər məlumatlar, faktlar, real qələbə var. Ümumikdə yanaşsaq, heç Birinci Qarabağ müharibəsi haqda da normal bir filmimiz yoxdur. Acı da olsa deməliyik ki, ermənilər Qarabağ müharibəsi haqda da, Aprel döyüşləri barədə də öz qondarma, mifik düşüncələri əsasında filmlər çəkib dünyaya yayıblar. Filmlə informasiya müharibəsi aparırlar. Bizim isə onların qarşısına çıxaracaq bir filmimiz yoxdur ki, onun vasitəsilə ermənilərin çəkdikləri filmlərin saxtakarlıqdan başqa bir şey olmadığını ortaya qoyaq. Danışmaqla, yazmaqla heç nə edə bilmərik, ortaya film qoymalıyıq ki, biz ermənilərin təqdim etdiyi kimi deyilik. Başqa bir tərəfdən, Aprel döyüşlərində Azərbaycan igidlərinin göstərdikləri şücaəti, ordumuzun əzəmətini dünya niyə görməli deyil? Görməlidir, gerçəkliyi dərk etməlidir.

44 günlük Vətən müharibəsindən sonra Mədəniyyət Nazirliyi elan etdi ki, qardaş Türkiyə şiurkətlərindən biri ilə Zəfər tariximizlə bağlı serial çəkilir, amma sonda ortaya heç bir nəticə çıxmadı.

Zəfər tariximiz haqda film çəkməyə pul tapmaq o qədərmi çətindir?

Məsələ burasındadır ki, kinoya ayrılan vəsaitin özü məişət mövzusunda filmlərə xərclənir, bir dənə də olsun ideoloji, mənəvi yükü olan filmə rast gəlmirik.

Biz qalib dövlətik, qalib xalqıq, Müzəffər Orduya sahibik. Şəhidlərimizin, qazilərimizin, Ordumuzun haqqını özlərinə qaytarmalıyıq. Gəlin, qardaş Türkiyəyə baxaq, o ölkədə Türkiyə ordusunun, əsgərinin, zabitinin qəhrəmanlığını, gücünü ifadə edən nə qədər filmlər, seriallar çəkilib, adam baxmaqdan doymur, az qala təkrar-təkrar baxırsan.

Öz özünə sual verirsən ki, bəyəm bizim ordumuz belə filmləri haqq etmirmi? Niyə kinoya rəhbərlik edən qurumlardan səs çıxmır? Niyə Mədəniyyət Nazirliyi bu barədə bir iş görmür? Bu suallar uzun müddətdir ki, cavabsızdır, açıqdır.

Aprel döyüşləri ilə bağlı bədii filmin, yaxud filmlərin hansı səbəbdən çəkilmədiyini öyrənmək üçün Mədəniyyət Nazirliyinə sorğu göndərdik. Nazirlik sorğumuza cavab verən kimi, onu təqdim edəcəyik.

Görək bu barədə ekspert nə düşünür?

“İki il əvvəl ermənilərin Aprel döyüşləri haqda çəkdikləri uydurma film...”

Sənətşünas, Moderator.az saytının baş redaktoru Xəyalə Rais “Bakı-Xəbər”ə şərhində təəssüflə bildirdi ki, Aprel döyüşləri barədə hələ bir filmimiz yoxdur. “Film bir ölkənin dünya arenasında mədəniyyətini, tarixini, siyasətini göstərmək üçün ən gözəl vasitədir. Azərbaycanın tarixən də, indi də çox istedadlı rejissorları, aktyorları olub və var. Ancaq di gəl ki, onları önə çəkmək, istedadlarından yetəri qədər istifadə etmək bir qədər qəliz məsələyə çevrilib.

Tarixi filmlərin çəkilməsinə gəlincə isə, müharibə, döyüş səhnələri kifayət qədər büdcə tələb edir. Hər il yeni filmlərin çəkilməsi üçün dövlət tərəfindən büdcə ayrılsa da bu büdcə filmi çəkən rejissora, aktyora, aktrisaya gəlib çatana qədər 10 nəfərdən keçir. Onlardan hər biri bu büdcənin üzərindən öz payını götürəndə, demək olar ki, ortada heç nə qalmır. Elə ortalığa çıxan filmlər kimi. Filmlərdə rol alan aktyorlarla danışanda qeyd edirlər ki, bizə filmdə çəkilməyə geyim belə verilmir. Hər bölümdə öz geyimlərimizlə çəkilirik. Nəyimiz var, onu geyinirik. Halbuki, hesabatda geyimlər üçün də büdcə ayrıldığı vurğulanır.

Yaxşı film yaxşı sərmayə deməkdir. Bu gün isə filmlərə yalnız dövlət sərmayə ayırır. Özəl şirkət rəhbərləri filmə sərmayə ayırmağı əlavə xərc, daha doğrusu itirilmiş vəsait hesab edirlər. Ondansa bir-iki manıs müğənniciyə dəstək olub onların kliplərini çəkdirib, “Youtube” platformasında ön sıralara çəkməyin onlara daha çox üstünlük bəxş edəcəyini düşünürlər. Hesab edirlər ki, ən azından tarixi filmlərə ayıracaqları böyük büdcələr onlara heç bir şəkildə geri dönüş etməyəcək.

Onu da qeyd edim ki, film bir siyasətdir. Bizim mədəniyyət adamları isə buna siyasətdən çox iqtisadiyyat kimi baxır, filmə ayrılan büdcədən nə qədər, hansı şəkildə silmək olar deyə.

Məlumat üçünsə deyim ki, ermənilər isə dayanmadan, hələ müharibə gedə-gedə də, müharibədən sonra da Azərbaycan əleyhinə absurd filmlər çəkir, böyük, nüfuzlu beynəlxalq film festivallarına təqdim edir, əksər hallarda da mükafatlar qazanırlar.

İki il əvvəl ermənilərin Aprel döyüşləri haqda çəkdikləri uydurma film ABŞ-ın nüfuzlu 19-cu “Accolade Qlobal Film Yarışması”nda əsas mükafata layiq görülüb. 2022-ci ildə rejissor Roman Muşeqyan tərəfindən çəkilən film “Bahar...” adlanır və 2016-cı ildə baş vermiş Aprel döyüşlərinə həsr olunub. Filmdə ermənilər özlərini soyqırıma məruz qalan tərəf kimi göstərərək, əsl həqiqətləri tamamilə uydurublar. Film “Accolade Qlobal Film Yarışması”nın “Ən yaxşı şou film” nominasiyasında qalib olub”-deyə bildirən X.Rais vurğuladı ki, Azərbaycan əleyhinə olan uydurma “Bahar... ” filmi həmçinin ABŞ-da “Sərhədsiz Sənədlər” Beynəlxalq Film Festivalında qalib olaraq, “Mükəmməllik Mükafatı”na layiq görülüb, Amerika festivalı “Qlendeyl Beynəlxalq Film Festivalı”nın müsabiqə proqramına daxil edilib. “Çox təəssüf ki, bu gün ermənilər Aprel döyüşləri barədə saxta filmlərlə dünyaya çıxa bilirlər. Əfsuslar olsun ki, bizdə kinoya təbliğat vasitəsi kimi yox, biznes maraqlarından yanaşıldığı üçün Aprel döyüşləri ilə bağlı filmimiz yoxdur. Halbuki, bu barədə film çoxdan çəkilməli idi. Hesab edirəm ki, bu məsələyə barmaqarası baxılmamalıdır”-deyə X.Rais bildirdi.

İradə Sarıyeva

Digər xəbərlər
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...
10:11 Məktəblərdə payız tətilindən sonra dərslər başladı