hemle

Səhnədə at kimi kişnəyən müğənnilər …

Tarix:14-05-2020, 11:50
Baxış Sayı:546

Flora Kərimova deyib ki, Elçibəy ona fəxri ad verməsəydi, heç vaxt Xalq artisti ola bilməyəcəkdi…

Şeyx Əbdül Mahmudbəyov isə daha sərt danışıb: “Xalq artisti adını daşıyan elə adamlar var ki, onlarla bir sırada dayandığıma görə xəcalət çəkirəm”.

Rasim Balayev DTX-nın Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatın videosunu izləyəndən sonra dəhşətə gəlib: “Bu adamlar canavar kimi yırtıcıymış…”

Əməkdar artist Baloğlan Əşrəfov isə Mədəniyyət Nazirliyinin rəhbər şəxsləri haqda ikrahla danışıb: “Hamısı cəhənnəm olsun!”

Sözü üzə deməyi xoşlayan qocaman müğənni Əli Mirəliyevin reaksiyası isə belə olub: “Neçə ildi deyirəm ki, naziri qovmaq lazımdır”.

Bu adamlar indi danışır, amma mən danışmaqdan yorulmuşam. Bakıdakı kitabxanaları özəlləşdirib iaşə obyektlərinə çevirəndə, belə bir məqalə yazmışdım: “Kitabxana, yoxsa kababxana?”

Səhnədə at kimi kişnəyən müğənnilər bir-birinin ardınca fəxri adlar alanda Mədəniyyət Nazirliyini sərt tənqid etmişəm. Fəxri adların pulla satıldığına azı yüz dəfə eyham vurmuşam. Ən azı on dəfə yazmışam ki, Səməd Səmədova Xalq artisti fəxri adı veriləndə, qulaqlarına inanmayıb. Bu xəbəri ona çatdıran adama belə cavab verib: “Get, özünü dola!”

O vaxt deyirdilər ki, Xalq artisti fəxri adı 150 min manata satılır. Bu, ittiham deyil, əməlli-başlı söyüş idi. Amma Mədəniyyət Nazirliyinin rəhbər şəxsləri o qədər “mədəni” idilər ki, bu qədər ağır söyüşləri qulaqardına vurmağı bacarırdılar…

Səhnədə meymunluq edən, xaric oxuyan, insanların musiqi zövqünü korlayan yelbeyin şou əhli haqda təkcə yazmamışam, həm də danışmışam. TV-lərin arxivində bu cür kadrlar az deyil. Nə vaxt müğənniləri tənqid etmək lazım olurdusa, məni çağırırdılar. Axırda dözməyib, bir gün dilə gəldim. Dedim ki, mən musiqiçi deyiləm, nəzəri biliklərim çox zəifdir. Niyə Arif Babayev, Alim Qasımov, Səkinə İsmayılova kimi ustad xanəndələr səslərini çıxarmırlar? Dedim ki, səhnədə şit hərəkətlər edən, söyüş və vulqar ifadələrlə tamaşaçıları təəccübləndirməyə çalışan istedadsız aktyorları niyə Rasim Balayev, Fəxrəddin Manafov kimi qocaman sənətkarlar tənqid etmirlər? Bunları təsadüfən xatırlamadım. Əgər yuxarıda adlarını çəkdiyim adamlar vaxtında səslərini çıxarsaydılar, Əbülfəs Qarayev əsl Mədəniyyət naziri olardı, mədəsini doldurmaq niyyətiylə yaşayan nazir olmazdı…

Mən “reket” jurnalistlərin əleyhinə 10-dan artıq məqalə yazmışam. Vüqar Səfərlinin qılıncının dalı da, qabağı da kəsəndə, onu ifşa etmişəm. Mədəniyyət sahəsindəki problemləri dilə gətirmək də mədəniyyət xadimlərinin borcudur. Ötən həftə müxbirimiz Xalq artisti İlham Namiq Kamaldan müsahibə götürmüşdü. Nə qədər axtardımsa, başlığa çıxarmağa dişədəyən bir fikir tapa bilmədim. Sanki Xalq artisti deyil, suvaqçı müsahibə vermişdi. Ağsaqqal bütün problemlərin üstündən malalaya-malalaya keçmişdi. Eyni problem digər sahələr üçün də xarakterikdir. Daşkəsən İcra Hakimiyyətinin hansısa əməkdaşından Əhəd Abıyevi soruşsan, deyəcək ki, süddən çıxmış qaşıq kimi təmizdir. Amma belə olmamalıdır. Təhsildəki nöqsanlardan alimlər, müəllimlər danışmalıdır. Oqtay Şirəliyevin yarıtmaz fəaliyyətini həkimlər tənqid etməlidir. Gömrükdəki rüşvətxorluqdan iş adamları şikayətlənməlidir. Hamı ağzına su alıb durduğu üçün bizim işimizi qara maskalı oğlan görür. Sonra da qara maskalı oğlanın yanında üzümüz qara olur…

Seymur VERDİZADƏ

Digər xəbərlər
17:29 Prezident və xanımı Türkiyədədir
17:27 Heydər Əliyev prospektindəki qəzada iki nəfər yaralandı
17:20 Ermənistan orduya adam toplayır – Hücum hazırlığı başlandı
17:14 Bu halda universitet oxuyanlar təhsili dayandırıb əsgər gedəcəklər - AÇIQLAMA
17:00 Bu zəngləri açan kimi kartda olan vəsaitiniz OĞURLANA BİLƏR
16:52 Dondurmalarla bağlı vəziyyət necədir? - AQTA-dan AÇIQLAMA
16:49 Bakıda külək güclənib - FAKTİKİ HAVA
16:32 Natəvan Bayramova vəzifədən azad edildi