Faiq İsmayılov: “Ermənilərin adlarını çəkib şəkillərini yaydıqları tikillərin heç biri kilsə deyil, onlar sövmələrdir”
Ermənilər yerə saxta kilsə oynuna davam edirlər. Azərbaycan ərazilərini işğalda saxladıqları dövrdə bu ərazilərdə olan bütün alban irsini saxtalaşdıran ermənilər bütün abidələrə, monastır və kilsələrə, hətta sövmələrə belə qondarma adlar yapışdırıblar.
Qarabağda və ətraf rayonlarda mövcud olan alban abidələrinin adlarını saxtalaşdırıblar və sonra da bunları “rəsmi” qeydiyyata alıblar, hətta reyestr də yaradıblar. Bu azmış kimi, onlar Azərbaycan və başqa dillərdə də belə saxta resurslar yaradıblar.
Kəlbəcərdəki alban abidələrinə qarşı əsassız iddialar irəli sürən ermənilər indi də “Müqəddəs Qriqori” və “Müqəddəs Sarkis” “kilsələri” adlı oyun oynayırlar. Guya Kəlbəcərin Zar kəndində yerləşən bu “kilsələrə” qarşı Azərbaycan hansısa “vandalizm aktı” törədib.
Guya bu barədə “Mədəni İrs” “həyəcan təbili çalır”. Erməni mətbuatı yazır ki, Zar kəndindəki “Müqəddəs Qriqori” və “Müqəddəs Sarkis” kilsələrini Azərbaycan alban (Ağvan) kilsələri kimi təqdim edir. Yazırlar ki, bu “kilsələrin” ərazisində təmir işləri aparılacaq.
Guya deyirlər ki, internetdə yayılan fotoşəkillərə görə kilsələrin ərazisində artıq tikinti işlərinə başlanılıb. “Müqəddəs Sarkis kilsəsinin xaçı və üzərində yazı olan daşlardan biri sökülüb, xaçkar qırıntıları da yoxdur. Müqəddəs Qriqori kilsəsinin ərazisində 1993-cü ildən əvvəl orada görünən yardımçı tikililər sökülüb” – deyə erməni mətbuatı iddia edib.
Kəlbəcərdəki alban abidələrinin restavrasiya ediləcəyi xəbəri erməniləri isterikaya salıb və onlar yalandan hay-küy salırlar ki, guya bunlar erməni abidələridir.
“Onlar qorxurlar ki, biz öz abidələrimizə baş çəkəcəyik, onların vəziyyətini öyrəncəyik, bərpa edəcəyik, bu da onların saxtakarlığının ifşa olunması deməkdir”
AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, mədəni irs üzrə mütəxəssis Faiq İsmayılov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, erməni mediasında təqim edilən fotolar kilsə şəkilləri deyil, şəkildəkilər sövmələrdir, sövmələr isə kilsə deyil. F.İsmayılov qeyd etdi ki, ermənilər işğal dövründə o qədər saxtalaşdırmaya aludə olublar ki, sövmələrin üzərini də qondarma xaçkarlarla doldurublar. Kəlbəcərdə, eləcə də digər keçmiş işğal rayonlarında erməni irsi olmadığını vurğulayan F.İsmayılov bildirdi ki, erməni mediasının yazdıqları yalandan başqa bir şey deyil. “Birincisi, hələ Kəlbəcərdə abidələrin bərpası prosesinə başlanılmayıb. Hələ əhalinin məskunlaşdırılması üçün çalışırlar ki, tezliklə insanlarımızı öz doğma yurdlarına qaytarsınlar. Ermənilər əbədi bir vahimə içərisində saxlanılır. Onlar qorxurlar ki, biz öz abidələrimizə baş çəkəcəyik, onların vəziyyətini öyrəncəyik, bərpa edəcəyik, bu da onların saxtakarlığının ifşa olunması deməkdir. Kəlbəcərin Zar kəndində olan bu iki abidənin fotolarına diqqətlə baxsanız görərsiniz ki, onlar o kiçik binaların üzərində nə qədər xaç şəkli quraşdırıblar. Bunu sonradan ediblər. Digər tərəfdən isə, onların “kilsə” adlandırdıqları bu tikili kilsə deyil, sövmələrdir. Kilsə ilə sövmə bir-birindən fərqlidir. Kilsə xristianların kütləvi ibadəti üçün inşa edilmiş tiklidir, o ibadət üçün nəzərdə tutulur. Beş-altı adamın güclə sığışa biləcəyi bir tiklinin kilsə adlandırılması anormallıqdır. Siz heç bir xristian ölkəsində beş-altı nəfərin güclə sığışa biləcəyi bir yerə kilsə adının verildiyini görməzsiniz. Heç kəs görməyib. Ermənilər alban memarlığına uyğun tikilən, alban xristian dövrü və ondan əvvəlki dövrlərdə tikilən tikiliəri, sövmələri və sairin hamısını “kilsə” adlandırırlar. Bu tikililəri “kilsə” adlandırıb hərəsinə də bir qondarma ad veriblər. Bu iddiaların heç birinin əsası yoxdur. Ermənilərin davranışlarının, yanlış təbliğatlarının özü bir mədəni vandalizm aktıdır”-deyə F.İsmayılov qeyd etdi.
F.İsmayılovun sözlərinə görə, 1800-ə qədər abidə adı çəkmək olar ki, həmin abidələrin hamısını ermənilər “Qriqoryan kilsəsi” adlandırırlar. “Sovet dövründə Ermənistanda ümumi olaraq 5 kilsə vardı, insanlar orada ibadət edirdi və bu say onları təmin edirdi. Ermənistanda 5 kilsə olduğu halda, nə təhər oldu ki, Qarabağ və Şərqi Zəngəzur ərazində 1800-ə qədər kilsə mövcud olub? Bu ən böyük saxtakarlqıdır. Bu, ermənilərin növbəti dəfə yalan danışmaqlarının bir nümunəsidir. Kəlbəcərdə Sarkis kilsəsi uydurublar. Bu, toponimlərin saxtalaşdırılması prosesinin tərkib hissəsidir. Onlar yer-yurd, abidə adlarını dəyişməklə özləri üçün bir “əsaslandırma” yaratmaq istəyiblər. Tutalım, burada bir kilsə varsa o mütləq hansısa “erməni müqəddəsin” adı ilə adlandırılıb. Onlar bütün monastırlara, tikililərə qondarma erməni adları qoyublar. Təxminən 400-ə yaxın “Müqəddəs Məryəm ana” kilsəsi “var”. Dünyanın heç yerində belə bir şey yoxdur. Bir dənə ola bilər, o da konkret sənəd əsasında. Onların dediklərinin heç bir əsası yoxdur.
Kilsələrdən danışanda ehtiyatlı olmaq lazımdır, hər tikiliyə kilsə adı vermək düzgün deyil. Ermənilərin adlarını çəkib şəkillərini yaydıqları tikillərin heç biri kilsə deyil, onlar sövmələrdir. Kilsə Xudavəngdir, kilsə Gəncəsərdir, kilsə Ağaoğlandır.
Sövmələrə gəlincə, onlar ibadət üçün nəzərdə tutulmurdu. Sövmələr atla, eşşəklə səfərə çıxan insanların qardan, yağışdan daldalanması, qorunması üçün inşa edilən tikilillər olub. Onlar yol kənarlarında, karvan yollarının üstündə, dağ zirvələrində tikilərdi ki, insanlar orada sığınacaq tapsınlar. Bir qədər karvansaraya bənzəyirdi. Ermənilərin kilsə kimi qələmə verdiklərinin heç biri kilsə deyil”-deyə F.İsmayıov qeyd etdi.
F.İsmayılov əlavə etdi ki, onlar bu sövmələri kilsə kimi qələmə verməklə öz məkrli niyyətlərini ortaya qoyurlar.
İradə SARIYEVA