hemle

Qarabağda qədim Azərbaycan abidələrinin dağıdılması prosesi davam edir - ATƏŞ.AZ

Tarix:19-01-2017, 20:36
Baxış Sayı:947

İşğalçı Ermənistan Azərbaycanın mədəni-tarixi abidələrinin yer üzündən silinməsi istiqamətində öz çirkin addımlarını davam etdirir. Təcavüzkar ölkənin vandalizminə qarşı beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamə və qərarların olmasına baxmayaraq, buna məhəl qoyulmur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə “Qarabağ ərazisindəki memarlıq abidələrinin vəziyyəti” mövzusuna həsr olunmuş plenumda bildirib.

Tədbir iştirakçıları əvvəlcə Qarabağın işğal olunmuş ərazilərində memarlıq abidələrinin vəziyyətini əks etdirən sərgi ilə tanış olublar.

Plenumda məruzə ilə çıxış edən Elbay Qasımzadə deyib ki, ermənilər tərəfindən Azərbaycanın mədəni-tarixi abidələrinin sökülməsi həmin ərazilərin Azərbaycana məxsusluğunun bilinməməsi məqsədini daşıyır.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən tarixi abidələrimizin qorunması, eləcə də beynəlxalq təşkilatların bu aktual məsələyə cəlb edilməsi istiqamətində mühüm addımlar atılıb, konkret işlər görülüb. Bununla belə, göstərilən səylərə beynəlxalq təşkilatlar indiyədək laqeyd münasibət göstərirlər. “Problemlə bağlı Azərbaycan alim və mütəxəssisləri beynəlxalq konfranslarda və xarici mətbuatda dəqiq faktlarla çıxış ediblər. Amma təəssüflər olsun ki, belə bir plenumu biz ilk dəfədir keçiririk”, - deyə E.Qasımzadə bildirib. O qeyd edib ki, əzəli Azərbaycan torpaqları olan Qarabağda qədim abidələrimizin dağıdılması və erməniləşdirilməsi prosesi hələ də davam edir.

Plenuma çıxarılan mövzunun vacibliyindən danışan Azərbaycan Memarlar İttifaqının katibi, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova əslində Qarabağda olan mədəni irsimizlə bağlı məlumatların azlıq təşkil etdiyini söyləyib.

G.Məmmədova “Qarabağ Dağılan memarlıq irisimiz” mövzusunda geniş məruzə edərək, Qarabağın memarlıq tarixindən söz açıb.

“Qarabağın işğal olunmuş ərazilərindəki tarix və memarlıq abidələrinə qarşı erməni vandalizmi” mövzusuna toxunan Azərbaycanın işğal olunmuş ərazilərindəki Tarix və Mədəniyyət abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib ki, abidələrin mühafizə edilməsinə nəzarət işləri, daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması haqqında dövlət qanunvericiliyinin yaratdığı şərait çərçivəsində, dövlət orqanlarının, hüquqi şəxslərin və vətəndaş cəmiyyəti üzvlərinin gündəlik vəzifəsinə çevrilib.

Mədəni irs bir xalqın mili mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni irsinin digər xalq, millətlər tərəfindən dağıdılması, məhv edilməsi yolverilməzdir.

Faiq İsmayılov çıxışında bəzi statistik rəqəmlərə da müraciət edib.

Diqqətə çatdırılıb ki, Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələri tarixi, incəsənət, memarlıq və arxeoloji abidələr kimi qruplara bölünür. Bu qruplar üzrə 903-ü rəsmi dövlət qeydiyyatı olmaqla Azərbaycanın 4550 adda tarix və mədəniyyət abidəsi ermənilərin işğalı altındadır. Sözügedən abidələrdən 609-u yerli, 285-i ölkə, 13-ü beynəlxalq əhəmiyyətli, 3647 abidə isə hələlik dövlət qeydiyyatında olmayan abidələrdir.

Bundan başqa, Ermənistan 1992-1993-cü illərdə Azərbaycan ərazilərini işğal etdikdən sonra qeyri-qanuni olaraq Azərbaycanın Daşınmaz Tarix və Mədəniyyət Abidələrinin memarlıq quruluşunda və interyerində dəyişikliklər etmiş, divar yazılarını korlamış, abidələrin divarları üzərində olan çoxlu sayda daş yazıları, eləcə də alban dövrünə məxsus bədii üslubda işlənmiş ornament və simvolları tamamilə silmiş, onların bir çoxunun isə formalarını dəyişdirərək tanınmaz hala salmışlar. Bu ərazilərdə ermənilər qanunsuz arxeoloji qazıntılar aparır, xaraba qalmış kəndlərdə kilsələr tikir, toponimləri dəyişdirir, Azərbaycanın maddi–mədəniyyət nümunələrini mənimsəyib, əraziləri erməniləşdirməklə məşğul olurlar.

Sonra Azərbaycan Memarlar İttifaqının İdarə Heyəti Plenumunun Qətnaməsi və plenum iştirakçılarının beynəlxalq təşkilatlara ünvanlanmış müraciəti oxunub.

Tədbirdə Memarlar İttifaqının 2016-cı il ərzində fəaliyyəti barədə Təftiş Komissiyasının hesabat məruzəsi dinlənilib.

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı