hemle

Qərənfilin bir gecə ilə dəyişən taleyi...

Tarix:20-01-2024, 11:36
Baxış Sayı:34

Bu gün 20 Yanvar faciəsinin 34-cü ili tamam olur. Bu münasibətlə Sərdar Aminin xüsusi olaraq “Qafqazinfo” üçün qələmə aldığı yazını bir daha təqdim edirik:

Bütün kasıblara gül əkməyi öyrətmək lazımdır, çünki varlılar həmişə var. Xose Muxika – Uruqvayın və dünyanın ən kasıb Prezidenti.

Sovetin son illəri Abşeronda əksər adamlar həyətindəki əncir, nar ağaclarını, üzüm tənəklərini kökündən çıxarırdı, yerində qərənfil əkirdi. Bakı kəndlərində o həyət tapmazdın ki, gül istixanası, bağçası olmasın.

Sonra Bakıda közərən qərənfillər soyuq rus bazarlarında satılır, sevgililərin əllərində alovlanırdı – qərənfil sevgi gülü idi.

1990-cı ildə də Bakıda hamının həyətində al qərənfillər yetişirdi.

Qərənfilin bir gecə ilə dəyişən taleyi...

Bakı dünyaya sevgi satırdı.

20 Yanvar səhəri üzündə sovet təbəssümü itməyən yüzlərlə adam faciə qabağında neyləyəcəyini bilmədi - hər kəs olanını çölə çıxardı, olanı isə qərənfil idi.

Həmin səhər hamıda qərənfil var idi, ölənlərdə də, qalanlarda da. Hamının qırmızısı üzə çıxmışdı, ölənlərin də, qalanların da.

Sovet 71 il bizi yalandan güldürmüşdü, üzə düşən səbəbsiz təbəssüm qırışları ürəyə əsaslı iz salmışdı. Bu izlərdə sanballı bir kədər illərlə qalıb yasa çevrilmişdi. Hadisə olan kimi Məmməd Aslanın yası şeirə çevrildi, “Ağla, qərənfil ağla”...
Ətraflı

Flora Kərimova bu şeirə daha möhtəşəm yas tutdu. Bu işdə onlara güllə yarasına ən çox oxşayan gül – qərənfil kömək etdi.

20 Yanvar faciəsinin dünyada misilsizliyi həm də ondadır ki, bu hadisədə təkcə yüzdən çox dəliqanlı güllələnmədi, həm də bir ölkədə bir gülün taleyi dəyişdi.

1990-cı il 20 yanvar tarixindən sonra bir zamanlar saplağı uzun plaşlı oğlanların əlində isinən, ardınca qönçəsi gur cığalı qızların dodaqlarında pardaxlanan qərənfil məzarlara döşəndi. Qərənfilin taleyi təkcə həmin şənbə gecəsinə gedən yolda, tankların tırtılları altında dəyişmədi, çox da ki şəhid qanlarının qırmızısı qərənfillərin hesabına günlərlə Bakı küçələrində qaldı, çox da ki, şəhid qanının qırmızısı bu gün də qərənfil ləçəklərində yaşayır, qərəfinlin mənəvi portretini məhz Məmməd Aslanın

“Ağla, qərənfil, ağla” şeiri cızdı:
Uzaq mənzil, acı yol,
Yoldu, yol, əlacı yol!
Şəhidlərə bacı ol;
Ağla, qərənfil, ağla!

Gəzməyən bir canlının taleyini dəyişən yeganə faciədir 20 Yanvar. Bundan sonra əsrlər keçsə də, Azərbaycanda kimsə sevgilisinə qərənfil verməyəcək. Qərənfil dodaqların gülü idi, gözlərin gülünə çevrildi.

Yaşayır, ancaq yaslar üçün.

Bəs qərənfilin yası?

Bu yas, bir yazıya sığmaz.

Qərənfilin yası haqda sənədli film çəksəm, 1970-ci illərdə həyətindəki əncir ağacını kəsib yerində gül plantasiyası salan bir qocayla başlayaram. Yoxsa, bir gülün taleyini dəyişməyə təkcə Qorbaçovun, tankların gücü çatmazdı, burda bir əncir ağacının da ahı var...

Digər xəbərlər
10:05 Türkiyədən dünyanı silkələyən addım: Son dərəcə məxfi hazırlanıb - Okeanda sınaqdan keçiriləcək
10:02 Yunanıstandan təxribat: Rusiya silahlarını Ukraynaya vermədi - Ermənistana göndərir
10:01 Təcili: Dağıdıcı raketlərin Ermənistana çatdırıldığı təsdiqləndi - VİDEO
09:43 Necə qidalanaq ki, gözlərimiz ziyan görməsin?
09:40 Uşaqların kosmetika istifadəsinin fəsadları - Mütəxəssisdən XƏBƏRDARLIQ
09:34 Sinədə ağrılar ürək xəstəliklərindən başqa nəyin əlamətidir?
09:28 Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz et
09:25 Qərb Rusiya ilə bağlı nədə səhvə yol verdi?