hemle

Fenomen şəxsiyyət Heybət Şikarov: – Əkrəm Bəydəmirli yazır

Tarix:9-05-2020, 17:03
Baxış Sayı:1 312

Zaman çox mühüm məqamları, fədakar insanların fəaliyyətini unutdurmağa imkan vermir. Insan dünyaya gəlir, çalışır-vuruşur, ömür hekayətini başa vurur və bir gün bu dünya ilə vidalaşır


Zaman isə qocalmır. Hər kəsin əməlini, həyat hekayətini öz yaddaşında etibarlı şəkildə qoruyub saxlayır. Bu gün haqqında söhbət açacağımız insan Heybət Şikarov gerçəkdən tarixdə iz buraxan şəxsiyyətdir. İnnovativ düşüncələri ilə zamanı qabaqlayan, bütün dövrlərdə öndə duran Heybət müəllimin həyat yolu çox maraqlı və keşməkeşli olub.

Heybət Məzi oğlu Şikarov 1921-ci ildə Şamaxı rayonun Təklə kəndində dünyaya göz açıb. O, 1929-cu ildə həmin kənddə açılmış 4 illik məktəbin 1-ci sinfinə gedib. 1933-cü ildə həmin məktəbi bitirərək Şamaxı rayonunda heyvandarlıq texnikumuna daxil olur, sonradan təhsilini Quba Zootexnikumunda davam etdirir və 1937-ci ildə təhsilini başa vurub. 1938-ci ildə APİ-nin Fizika-riyaziyyat fakültəsinə daxil olub. 1940-cı ildə Sovet Ordu sıralarına gedərək II Dünya müharibəsində iştirak edib. Ağır döyüşlərdə yaralanaraq əsir düşür. Almaniyanın müxtəlif həbs düşərgələrində (Magdenburq, Düsseldorft, Rudolfştat və digər) qalır. Həbs düşərgələrindəki ağır şərait Heybət Şikarovun iradə əzmini qıra bilmir. Əksinə onu daha da mətinləşdirir.

O, bütün məhrumiyyətlərdən mətanətlə çıxaraq SSRİ-yə yalnız 1945-ci ilin sentyabrında qayıda bilmişdi. 1946-cı ildə Azərbaycana dönən Heybət Şikarov müəllimlik fəaliyyətinə başlamış və APİ-də təhsilini davam etdirmişdi. O, müəllim kimi, Azərbaycan təhsilinə böyük töhfələr vermişdi. Belə maarifpərvər insanın möhtəşəm ideyaları, zamanı qabaqlayan bacarığı nəticəsində Qobustan rayonunun (keçmiş Şamaxı rayonunun) Təklə kənd orta məktəbi respublika üzrə öncül yerlərdən birini tutur. Həmin məktəbin məzunlarının böyük əksəriyyəti ali məktəblərə qəbul olurdu. Heybət Şikarovun əvəzsiz xidmətləri nəticəsində böyük bir intellektual nəsil yetişirdi.

Sovet dönəmində rus dilini öyrənmək ən zəruri və strateji hədəf sayılırdı. Heybət Şikarov rəhbərlik etdiyi məktəbin şagirdlərində belə vərdişləri aşılamaq məqsədilə Ukraynanın müxtəlif orta məktəbləri ilə müqavilələr imzalayıb, şagirdləri həmin məktəblərə göndərərək təcrübə-bilik mübadiləsini genişləndirirdi. Bu üsulla Təklə məktəbinin şagirdləri rus dilini mükəmməl mənimsəyirdilər.

Bu gün mübaliğəsiz demək olar ki, Azərbaycan təhsili üçün böyük ziyalı, maarifpərvər Fürudin bəy Köçərli nə iş görürdüsə, Qobustan rayonunun Təklə məktəbi üçün Heybət Şikarov eyni missiyanı yerinə yetirmişdi. Bu gün onun yetişdirdiyi, işıq verdiyi, zəka verdiyi kadrlar müxtəlif sahələrdə çalışır. Millətin təhsilinə verilən bu töhfə ən xeyirxah, ən savab iş sayılmalıdı.

Xeyirxah əməllərdən söz düşmüşkən onu da qeyd etmək lazımdır ki, onun xeyriyyəçilik işləri olub. Sovet dönəmində nə qədər qəribə səslənsə də, o, məktəbin iqtisadiyyatını yarada bilmişdi. Məhz Heybət müəllimin bacarığı nəticəsində məktəbin nəzdində zəngin təsərrüfat sahələri yaradılmışdı. Həmin sahədən əldə olunan gəlirlər hesabına məktəbin iqtisadi problemləri həll olunurdu- məktəb üçün mədəniyyət evi, yeməkxana, respublikada o vaxt analoqu olmayan 6 yaşlılar üçün sinif otaqları tikilmişdi. Eyni zamanda, 6 yaşlılar məktəb hesabına pulsuz yeməklə təmin olunurdular. Hətta bu, vəsaitlər hesabına Şamaxının bəzi kəndlərində məktəb binası və klublar da inşa olunmuşdu.

Məhz Heybət Şikarovun mütərəqqi ideyaları nəticəsində region əhalisinin sosial problemləri zamanında həll olunurdu. Qeyd edək ki, 1958-ci ildə rayon rəhbərliyi onu ən geridə qalmış təsərrüfatlardan biri olan Təklə (o zaman Leninabad adlanırdı) kolxozuna sədr təyin etdi. Əhalinin maddi vəziyyətinin müharibədən sonra çox ağır olan dövrlərindən biri idi. Kolxozda çalışan insanların il ərzində toplanmış əmək günləri müqabilində bölgü ilə qazandıqları taxıl, nəinki ailənin güzaranının yaxşılaşmasına, heç ən zəruri qida məhsulu olan çörəyə bəs eləmirdi. Əhalinin bir hissəsi qazanc arxasınca paytaxta və s. yerlərə getmişdi. Bir çox ailələr borc içində idilər. Heybət müəllim sədr olan kimi elə ilk iclasda adamları bir yerə toplayaraq real vəziyyəti öyrəndi, zəhmətkeşlərin qazancına və dövlət əmlakına əl uzadan briqadirləri, anbardarı və başqa əliəyriləri işdən uzaqlaşdırdı. Tezliklə dolanışıq ucbatından başqa yerlərə gedənlər də kolxoza dəvət edildi. Heybət müəllim rayondan kolxoza zəruri texnika və avadanlıq gətirdi. Hər kəsə bacardığı iş tapşırıldı. Vaxt olurdu ki, o həftələrlə evə gəlmirdi. Gecə-gündüz əkin sahələrində, fermalarda olurdu. O, kimliyindən asılı olmayaraq, hər bir işçiyə yüksək tələbkarlıqla yanaşardı. Artıq bu hamıya bəlli idi. Nəticədə bol taxıl məhsulu yetişdirildi, heyvandarlıq inkişaf etdirildi. Əmək gününə taxıl bölgüsü əvvəlki ildən on dəfədən də artıq oldu. Evlərə, ailələrə ruzi-bərəkət gəldi, insanların üzü güldü.

Beləcə, Heybət müəllim 4 il kolxoza rəhbərlik etdi. Əvvəllər geridə qalmış, sakinləri çox yoxsul vəziyyətdə olan kolxoz respublika miqyasında ən inkişaf etmiş təsərrüfatlardan birinə çevrildi. Kolxozun maddi-texniki bazası genişləndirilmişdi, çoxlu sosial, inzibati və təsərrüfat binaları inşa olunmuşdu. Kolxoza cins mal-qara gətirildi, heyvandarlıq sahəsi – maldarlıq, qoyunçuluq, quşçuluq görünməmiş dərəcədə inkişaf etdirildi; camaatın həyat səviyyəsi yüksəldildi. Kənddə stasionar dizel elektrik stansiyaları quraşdırıldı. İnsanlar yeni-yeni evlər tikməyə başladılar.

Bu 4 ildə Heybət müəllimin nə özü el malına əl uzatdı, nə də başqalarına bunu etməyə imkan yaratdı. Onun çoxuşaqlı ailəsi olduqca sadə, hətta bir qədər ehtiyacla dolanırdı. Təbii ki, onun dürüst, işgüzar fəaliyyəti kimlərinsə ürəyincə deyildi. Rayondakı havadarlarının xeyir-duası ilə kənddəki “incidilmişlər”in iftira və yalanlarla dolu anonim məktubları, ərizələri rayon və respublika rəhbərliyinə göndərilməyə başladıldı. Kolxoza yoxlamaya gələn çoxsaylı komissiyalar bir nöqsan tapa bilmirdilər.

El-oba üçün özünü fəda edən- səmimi, təmiz insanları ucaldan, saxtakar və ikiüzlülərə qənim kəsilən Heybət müəllimi nəhayət ki, şərləməyə nail oldular. 1962-ci ildə ona iş açıldı və həbs olundu. Aradan bir müddət ötəndən sonra bu məsələyə keçmiş SSRİ-nin paytaxtı Moskvada baxıldı və H. Şikarov həbsdən azad olunaraq ona bəraət verildi.

Haqq -ədalət öz yerini tapdıqdan sonra Heybət müəllim qalan ömrünü gənc nəslin tərbiyəsinə, təhsilinə həsr etdi. 1968-ci ildə Heybət müəllim yenidən Təklə kənd məktəbinə direktor təyin edildi. Məktəb yenidən öz əvvəlki şöhrətini qaytararaq nəinki respublikada, hətta keçmiş SSRİ-də nümunəvi məktəblərdən biri oldu. Hər il orta məkəbi bitirən 25-30 məzunun böyük əksəriyyəti ali məktəblərə daxil olmuşdu. Azərbaycanın keçmiş Maarif naziri Elmira Qafarova məktəbdə olmuş və onun fəaliyyətini çox bəyəndiyini bildirmişdi. Məktəbin fəaliyyətinə ən mükəmməl qiyməti Ulu Öndərimiz Heydər Əliyev vermişdi. Belə ki, Azərbaycan SSR Müəllimlərinin I Qurultayında, Şamaxı rayonunun o vaxtkı rəhbərliyinin qərəzli münasibətinə görə Heybət müəllim nümayəndə seçilməmişdi. Həmin Qurultayda Ulu Öndər belə bir cümlə işlətmişdi: “Deyirlər belə bir məktəb var- Leninabad məktəbi, direktoru Şikarov”. Bu qiymətdən sonra Heybət müəllim artıq SSRİ Ümumittifaq Müəllimlərinin I Qurultayına nümayəndə seçilmiş, ona Qabaqcıl Maarif Xadimi Fəxri adı verilmiş, həmçinin və o, Qırmızı Əmək Bayrağı Ordeni ilə təltif edilmişdi.

Heybət müəllim yaxşı təsərrüfatçı, idarəetməni gözəl bilən insan olmaqla bərabər mədəniyyətə, incəsənətə, poeziyaya böyük önəm verən bir ziyalı olub. O, rəhbərlik etdiyi məktəbin nəzdində musiqi məktəbinin (saz sinfi daxil olmaqla), idman məktəbinin açılışına nail olmuşdu. O,Təklə kənd orta məktəbində zəmanəsinin çox tanınmış simaları ilə şagirdlərin görüşünü təşkil edirdi. Azərbaycanın bir çox görkəmli elm və mədəniyyət xadimləri Bəxtiyar Vahabzadə, Məmməd Araz, Anar, Əzizə Cəfərzadə, Xudu Məmmədov, Sara Qədimova, Lütfəli Abdullayev və b. məktəbin fəxri qonağı olmuş və şagirdlərə xeyir-dualarını vermişdilər. Xalq şairi Bəxtiyar Vahabzadə “Sənətkar və zaman” adlı kitabında verdiyi “Bir kənd məktəbində” adlı yazısında Təklə kənd orta məktəbi haqqında öz səmimi fikirlərini bölüşmüşdü. Heybət müəllim tamamilə yeni tip məktəb yaratmışdı. Burada təhsillə bərabər, şagirdlərə əmək təlimi aşılanırdı. Məktəbi bitirən bütün şagirdlər üzüm əkib becərməyi, maşın və digər kənd təsərrüfatı texnikalarını idarə etməyi bacarmalı idilər. Məktəbin öz maşını, avtobusu və digər ən zəruri kənd təsərrüfatı texnikaları var idi. Bir sözlə, Heybət müəllim şagirdlərə yaxşı təhsil verməklə bərabər, onları zəhmətə, əməyə hazırlayırdı.

Gənclərin kənd təsərrüfatı haqqında tək nəzəri biliyə yox, həmçinin təcrübəyə malik olmaları üçün məktəbin yardımçı təsərrüfatında bütün aqrar sahələr yaradılmışdı: quşçuluq-50 min cücə istehsalına malik inkubatorun fəaliyyəti; maldarlıq-50 başdan artıq qızıl-səhra cinsindən ibarət mal naxırı; qoyunçuluq-100 başdan artıq merinos cinsli qoyun sürüsü; bitkiçilik-kələm, pomidor, xiyar yetişdirilən bostan; bağbançılıq- məktəbin meyvə bağında bir çox meyvə növlərinin istehsalı; əkinçilik-icarəyə götürülmüş 50 ha taxıl sahəsi. Məktəbin yardımçı təsərrüfatında bütün növ kənd təsərrüfatı texnikaları var idi: kombaynlar, traktorlar, avtomaşınlar, qoşqular, kənd təsərrüfatı aqreqatları və s. Yardımçı təsərrüfat yalnız mənfəətlə fəaliyyət göstərdiyi üçün məktəb ovaxtkı Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (ВДНХ) bürünc medalı ilə mükafatlandırılmışdı. Təsadüfi deyil ki, Təklə (keçmiş Leninabad) məktəbinin məzunları sonradan Şamaxı və Qobustan rayonlarında rayon rəhbəri, idarə və təsərrüfat rəhbərləri vəzifəsində çalışmış və çalışırlar.

Heybət Şikarov istər sovet, istərsə də müstəqillik dönəmində məktəb direktoru kimi fəaliyyəti dövründə gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini daim əməli işlərlə diqqət mərkəzində saxlayırdı. Buna misal olaraq, yalnız özünün şəxsi və məktəb kollektivinin iməcilik vasitəsilə qazandığı vəsait hesabına Böyük Vətən Müharibəsində həlak olmuş Təkləlilərin xatirəsinə ucaldılmış abidəni, həmçinin, yalnız öz şəxsi vəsaiti hesabına, Təklə kəndinin girişində Qarabağ şəhidlərinin xatirəsinə ucaltdığı şəhid Elşən Hüseynovun abidəsini göstərmək olar. Məhz Heybət müəllimin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində gördüyü təbliğati işlər nəticəsində hazırda Milli Ordumuzun sıralarında xeyli sayda Təklə kəndindən olan zabitlər var. Halbuki əvvəllər Təklə kəndindən müddətsiz hərbi xidmətdə olan zabitlər olmamışdı. Qarşıdan faşizm üzərində Qələbənin 75 illiyi yaxınlaşır-Heybət müəllimin bir Müharibə Veteranı kimi ən çox sevdiyi bayram. İnanırıq ki, çox qısa zamanda Ali Baş Komandanımız İlham Əliyev cənablarının rəhbərliyi altında Xankəndində, Şuşada və doğma Qarabağımızın bütün yaşayış məntəqələrində Qələbə Bayrağımız ucaldılacaq. Qələbə bayrağının ucaldılmasında Təklə kəndinin zabitlərinin töhfəsi də az olmayacaq və Heybət müəllimin ruhu da şad olacaq.

Nəhayət hamıya örnək ola biləcək Heybət müəlimin işıqlı həyat yolu, yorulmaz fəaliyyəti uzun müddət öyrənilməli, kitablar, məqalələr yazılmalı gənclərimizə çatdırılmalıdır.

Fact-info.az saytı

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı