Çin koronavirus epidemiyasının pandemiyaya çevrilməsinə görə məsuliyyət daşıyır və buna görə kompensasiya ödəməsi qanun çərçivəsindədir.
ONN media xəbər verir ki, İngiltərədə yerləşən “Henry Jackson” beyin mərkəzinin hüquq mütəxəssisi Samuel Armstronq, ABŞ Hərbi Dəniz Məktəbi (USNWC) və Stockton Beynəlxalq Hüquq Mərkəzinin müəllimi Ceyms Kraska, Corctaun Universitetinin müəllimi Paul Miller bu fikirdədirlər.
S.Armstronq koronavirus pandemiyası səbəbilə Çinin məhkəməyə verilə biləcəyi və ittiham etmək üçün ən çox 10 qanuni yol olduğunu bildirib: “Bu düzəlişlər bir ölkənin Ümumdünya Səhiyyə Təşkilatına bir pandemiya ssenarisini bildirməsini və müəyyən bilgiləri 72 saat ərzində paylaşmasını tələb edir. Çinin bu vəzifəni icra etməməsi qarşı tərəfin şikayətinin təməl qaynağı olacaq”.
Seçimlərin həm yerli, həm də beynəlxalq platformada dəyişiklik göstərəcəyini ifadə edən professor məhkəmə davası açacaq tərəfin beynəlxalq hüquq alətinin “2005-ci il tarixli Beynəlxalq Səhiyyə Düzəlişləri” olacağını qeyd edib. Onun sözlərinə görə, təkcə G7 ölkələrinə ən az 4 trilyon dollar kompensasiya ödənməlidir: “Çinin məsuliyyətini qəbul edib sanksiyalara boyun əyməsi üçün bütün dünyanın bu məsələni daha ağrılı vəziyyətə gətirməsi vacibdir. Hər hansı qanuni tələb Çini masaya oturmağa məcbur etmək üçün iqtisadi və təhlükəsizlik vasitələrini istifadə edən dövlətlərin əlinə baxacaq”.
Stockton Beynəlxalq Hüquq Mərkəzinin müəllimi Ceyms Kraska isə Çinin kompensasiya ödəməsi üçün hər ölkənin öz sanksiyalarını tətbiq edə biləcəyini bildirib. O qeyd edib ki, Çin pandemiya ilə bağlı bilgiləri sadəcə ölkə daxilində yaydığı, beynəlxalq xəbərdarlıq etmədiyi üçün bütün planeti təhlükəyə atıb: “Amma Çin kommunist ölkə olduğu üçün beynəlxalq məhkəmələrdən çıxan qərarları tanımayacaq və hüquqa hörmət göstərməyəcək”.
Corctaun Universitetinin müəllimi Paul Miller isə hər hansı bir ölkənin Çini məhkəməyə verə biləcəyinə, ancaq bu durumun hüquqi deyil, siyasi olduğuna diqqət çəkib: “Dövlətlər ticarət münasibətlərini məhdudlaşdıraraq, sanksiyalar tətbiq edərək, BMT qətnamə qəbul edərək, Çinə və Çindən başqa ölkələrə səyahət etməyi məhdudlaşdıraraq, bağları qopararaq onu cəzalandıra bilərlər”.(publika.az)
ONN İnformasiya Agentliyi