www.Fedai.az
*Nihad Nəsirzadə
İstanbul Üniversiteti Tarix fakültəsi
1696-cı ildə Çar Rusiyasının taleyini dəyişən I Pyotr V İvanın ölümündən sonra bütün iqtidarı ələ aldı və 29 illik Pyotr islahatları dövrü başladı. Bu, Rusiya tarixində ilk sistemli modernləşmə hərəkatı idi. Pyotrun Rusiyanı Avropanın böyük gücü olması üçün göstərdiyi cəhdləri Rusiyanı regional güc olmaqdan çıxardaraq, yeni bir imperatorluğun əsasını qoydu. Pyotr islahatlar yoluyla ölkənin modernləşməsi,mərkəzi hökumətin gücünü artırmaq və ənəsası ölkə sərhədlərini genişləndirmək məqsədləri bir-biri ilə bağlı idi. Ölkə sərhədlərinin genişləndirilməsi həm şimal ,həm cənub, həm şərq həm də qərb istiqamətində olacaqdı. Əsas məqsəd cənub sərhədlərinin genişləndirilməsi,isti dənizlərə çıxış əldə etmək idi. Beləliklə, ilk olaraq 1695-1696 illəri ərzində ,İvanla taxtı bölüşdüyü zaman Azaq qalasına Rus ordusu iki dəfə hücum etdi. Rus ordusu ikinci hücumunda uğurlu oldu.1642-ci ildə itirilən Azaq Qalası Qara dənizdə hakimiyyət qurmaq üçün atılan önəmli bir addım idi. Bundan sonra isə Pyotrun əsas diqqəti şimala-İsveç krallığına yönəlmişdi. 21 il davam edəcək Şimal Müharibəsi Baltik dənizi üzərində hakimiyyət üçün qızğın mübarizə idi. Hətta,Şimal Müharibəsi Pyotrun Krım və Osmanlı planlarını təxirə saldı.
Pyotr 1709-cu ildə Poltava yaxınlığında İsveç kralı XII Karlı məğlub etdi.Bu məğlubiyyətdən sonra XII Karl Osmanlıya sığındı. Pyotr isə Poltavadan sonra ,1710-cu ildə Baltikyanı ərazilərdə hakimiyyəti möhkəmlətmək üçün Estoniya, Litva ərazilərini Rusiya ərazilərinə birləşdirdi.Bundan sona isə artıq Pyotr öz diqqətini tamamilə cənuba çevirdi . Qara dəniz bölgəsi həm stratejik, həm də iqtisadi baxımdan Rusiyanın Avrasiya imperatorluğu olmaq yolunda kilid nöqtə idi. Amma Rusiya üçün Qara dəniz qədər Xəzəryanı ərazilər də önəmli idi. Bu ərazi də qısa bir müddət sonra Rusiya-Osmanlı arasında münaqişə bölgəsi olacaqdı.
1711-ci ildə Çar Pyotr Osmanlı Dövləti və kralı Osmanlıya sığınmış İsveçə müharibə elan etdi. Habsburqlar qarşısında məğlubiyyətə uğramış Osmanlı Dövləti çətin günlərini yaşayırdı. Pyotr öz hücumunu Balkanlar üzərindən həyata keçirmək istəyirdi.Yunan din adamları Pyotra dəstək olacaqlarını bildirdilər. 1711 yayında 40000 nəfərlik ordu ilə hərəkətə keçən Pyotra gözlədiyi yardımlar gəlmədi.Baltacı Mehmet Paşa komandanlığındakı Osmanı ordusuyla qarşılaşan Pyotr gözlənilməz bir anda Osmanlı ordusu tərəfindən mühasirəyə alındı. Osmanlı ordusunun başlıca hədəfi rusların Prut çayı ilə əlaqələrini kəsmək idi.Müharibənin dördüncü günündə Pyotr geri çəkilmək qərarına gəlir və Macarıstan sığınmağı planlaşdırırdı. 21 iyul 1711-ci ildə Rusiya və Osmanlı arasında Prut müqaviləsi imzalanır. Bu müqavilə rus ordusunu ağır nəticələrdən xilas etdi deyilə bilərik. Müqaviləyə görə Azov,Taqanroq,Kamanets-Podolskun Osmanlıya verilməsi qərarlaşdırılır.Beləliklə Pyotrun Qara dəniz planları suya düşür. Prut müharibəsi ilə bir müddət təxirə salınan Şimal Müharibəsi isə qaldığı yerdən davam etdi.Müharibə 1721-ci il Niştadt müqaviləsi ilə yekunlaşdı. Müqaviləyə əsasən Rusiyanın Finlandiyada, İsveç Krallığının Litva, Estoniya, Riga, İngria, Karelia və Ladoqa gölü ətrafındakı hakimiyyəti tanınacaqdı. Bundan sonra isə artıq Pyotrun Qafqaz səfəri başlayacaqdı. Əlbəttə, Osmanlı ilə Rusiyanın münaqişəsi Qara dəniz ətrafı ilə birlikdə Qafqaz bölgəsində də mövcud olub. Xəzər dənizinin qərb sahillərinin Rusiya üçün nə qədər önəmli olduğunu rus General Rostislav Fadeyev belə ifadə edirdi: «Qara dənizdə və Xəzər dənizində hakimiyyət və ya ən pis ehtimalla bu dənizlərin tərəfsizliyi, Rusiyanın Okadan Krıma uzanan,imperatorluğun, həm insan həm də maddi güc mənasında gücünün hər gün daha artdığı cənub yarısı üçün önəmlidir…Əgər Rusiyanın üfüqləri Qafqazın qarlı dağlarında qutarsa,o zaman Asiyanın qərb yarısı tamamilə Rusiyanın təsir dairəsinin xaricində qalar.
1721-1722-ci illər Rusiya üçün Azərbaycan ərazisinə hücumun ən doğru zamanı idi. Səfəvilər Dövləti artıq keçmiş qüdrətində deyildi. Səfəvi taxt-tacının sahibi Şah Sultan Hüseyn dövrü heç də sabit deyildi. Səltənəti əldə saxlamaq üçün xüsusi tərbiyə almayan Şah Sultan Hüseyn dövründə Səfəvi-Qızılbaş dövlətinin idarəetmə aparatının zəiflədiyinin şahidi oluruq. Bu dövr Səfəvilərdə üsyanların artdığı bir dövr kimi də qəbul oluna bilər. Üsyanların zirvəsi isə 1722-ci ildə Əfqanların paytaxt İsfahanı mühasirəyə alması ilə yaşandı. 8 aydan çox çəkən mühasirə sonrasında 1722-ci il 23 noyabrda Şah Sultan Hüseyn ailəsi ilə Əfqanların başçısı Mir Mahmudun ordugahına gələrək təslim oldu. Pyotr üçün isə Azərbaycan ərazisinə yürüşün əsl vaxtı idi. Lakin, Pyotrun bundan əvvəl gördüyü bir sıra işlər var idi. İlk olaraq Şah Sultan Hüseyn tərəfindən ona uzanan kömək əlini geri çevirmir və onunla yaxınlaşmaq qərarına gəlir.1713-cü ildə «dostluq və ticarət müqaviləsi» bağlamaq üçün Fəzlulla bəy Şah Sultan Hüseyn tərəfindən Peterburqa göndərildi. Vəziyyət Rusiyanın lehinə işləyirdi. Çünki,Osmanlı ilə uğursuz müqavilə imzalanıb, Qara dənizdən bir müddətlik imtina edilmək məcburiyyətində qalınmışdı. Bütün ümidlər Xəzər dənizinə yönəlmişdi. 1714-cü ildən başlayaraq Xəzər dənizinin şərq sahillərini öyrənmək üçün Bekoviç-Çerkasskinin başçılığı ilə ekspedisiya göndərilmişdi.
Bizim üçün önəmli olan qərb sahillərini öyrənmək üçün isə özünün yaxın adamlarından birini – Artemi Petroviç Volınskini göndərdi.Volınski elçi qismində İsfahana yola düşdü. Lakin Volınskiyə Pyotr tərəfindən gizli tapşırıq verilmişdi. Tapşırıqa əsasən,Volınski karvan yollarını,bu yollar boyunca otlaqların olub-olmamasını öyrənməli idi. Otlaqlar süvari qoşunlar üçün önəmli idi. Bundan başqa yerli qoşunların müdafiə qurğularının vəziyyətinin öyrənilməsi, xristian əhali ilə əlaqə yaradılması, rus ticarətinin inkişafı üçün görülə biləcək işlərin təyini Volınskiyə verilən tapşırıqlardan idi. 1715-ci il 30 mayda Volınskinin yola düşməsiylə bağlı qərar verilsə də görülən işlərlə əlaqədər bu gecikir. Volınskinin 1716-cı il 13 iyulda Həştərxandan kəşfiyyat xarakterli yürüşü başladı. Burada səfirlik üçün ayrılmış gəmilərə minərək Niyazabad limanına yaxınlaşdı. Buradan isə rus tacirlərinin sıx məskunlaşdığı Şamaxı ərazisinə keçdi.Şamaxı hakimləri tərəfindən təntənəli şəkildə qarşılandı. Şamaxıda qaldığı 3 ay müddətində gizli məlumatlar topladı və ən əsası buradakı rus tacirlərinin şikayətlərini dinlədi. Onların problemlərin həll etdi. Rus tacirlərin dediklərinə görə,onlar yerli tacirlər tərəfindən sıxışdırılır,mallarını ucuz qiymətə alırdılar. Buna görədir ki, Volınski Şirvan bəylərbəyi Keyxosrova məktubla müraciət edir.
Lakin, görünən odur ki, Keyxosrov bununla bağlı heç bir tədbir görmür.Volınskinin əsas getməli olduğu yer paytaxt İsfahan idi. O, əvvəlcə Təbrizdə bir müddət qalır və 14 mart tarixində İsfahana daxil olur.Volınski İsfahanda Şah Sultan Hüseynin qəbulunda olur, baş vəzir Fətəli xanla görüşlər keçirir. 30 martda Səfəvi-Rusiya dövlətləri arasında ticarət müqaviləsi imzalanır. Volınski müqavilənin nüsxələrini rus tacirlərə paylayır. Bu müqaviləylə rus tacirlərin vəziyyətinin yaxşılaşdığını düşünmək olar. Müqaviləyə əsasən,rus tacirlər yerli hakimlər tərəfindən sıxışdırılmayacaqdı, onlar üçün hər cür şərait yaradılacaqdı.Təbrizdə olduğu müddətdə Volınski gizli məktublar göndərərək Səfəvi dövləti haqda lazımi məlumatlar ötürürdü. Volınski əsas vəzifələrinin bir hissəsini artıq tamamlamışdı. Rusiyaya qayıtmaq üçün Rəştə yollanmaq ordan gəmi ilə Həştərxana getməyi düşünürdü. Məqsədi isə, öyrənilməyən ərazilər haqda məlumat toplamaq idi. Səfəvi dövləti artıq məsələnin nə yerdə olduğunu anladıqda Volınskinin Rəştə getməyinə icazə vermədi. 1717-ci ilin sonunda yenidən Şamaxıya gələn Volınski buradakı xristian əhali ilə ilə də görüşdü. Dərbənddən gələn tacirlərdən Dərbənd qalasının planını əldə etdi. Bu, Pyotrun yürüşü üçün əhəmiyyətli idi. Volınski demək olar ki, ona verilən tapşırıqları yerinə yetirdi. Öyrənə bilmədiyi tək ərazi isə Şamaxıdan Həştərxana qədər olan hissə idi. Volınski bu fəalliyətlərindən sonra, Pyotr tərəfindən general-adyutant rütbəsinə layiq görülür.
1719-cu ildə Rusiya Xəzər dənizi sahillərindəki fəailiyyətini genişləndirdi. Pyotr tərəfindən Xəzər dənizinə ekspedisiya göndərildi. Bu ekspedisiya Xəzər dənizinin qərb sahillərini dəqiqliklə xəritəyə köçürmüş,sahil sularının dərinliyi, dənizdəki su axınının istiqaməti,limanlar,sualtı qayalar öyrənilmişdir. Ekspedisiya üzvləri əlavə olaraq, Nargin, Vulf, Pesçanı (Qum) adalarını da təyin etmişdilər. Pyotrun bir başqa məqsədi isə Şamaxıda konsulluq açmaq idi. Səfəvi hökuməti ilk başda buna etiraz etsə də, rus tacirlərinin maraqları da nəzərə alınaraq Şamaxıda konsulluq fəaliyyətə başladı.
Üsyanların həddən artıq olduğu bu müddətdə Şirvandakı xalq hərəkatına Hacı Davud başçılıq edirdi. 1719-cu ildəki üsyan cəhdinin Şah ordusu tərəfindən qarşısı alınır. Bundan sonra,qarşısına konkret məqsədlər qoyan Hacı Davud Şirvanda müstəqil dövlət yaratmaq istəyirdi. Şamaxı. Dərbənd, Bakı ərazilərinə etdiyi yürüşlər uğursuz olan Hacı Davud Rusiyaya müraciət etdi. Rusiyadan asılı olmayan, müstəqil dövlət arzusunda olan Hacı Davudun hərbi dəstək istəyi qəbul olunmadı. Çünki Rusiya bu torpaqları öz ərazisinə qatmaq düşüncəsində idi. Pyotr Şaha kömək adı ilə Şirvana ordu yeritmək qərarına gəldi. Halbuki,əsas məqsəd bu əraziləri ələ keçirmək idi. Rusiyanın mənfi münasibətinə görə Hacı Davud Osmanlı dövlətinə müraciət edir və onların himayəsini qəbul edəcəyini bildirir. Osmanlı vaxt itirmədən Hacı Davudla əlaqəyə keçir. Rusiyanın regionda möhkəmlənməyini istəməyən Osmanlı tez hərəkətə keçməli idi. Osmanlıdan müsbət cavab alan Hacı Davud müstəqil Şirvan Xanlığının hakimi olur. Osmanlı ilə, Hacı Davudun əlaqəsi Rusiyaya mənfi təsir edirdi. Şərq ticarəti və cənub sərhədləri Osmanlı təhlükəsi ilə üz-üzə idi. Pyotr tələsəməli idi. 1723-cü ilə planlaşdırılan yürüş 1 il qabağa çəkildi. 1722-ci il Şah Sultan Hüseynin əfqanlar tərəfindən qaçırılması Peterburqda böyük qorxu oyandırdı. Çünki,bundan istifadə edən Osmanlı Xəzər sahillərini ələ keçirə bilərdi.
Pyotr üçün hərəkətə keçmək vaxtı idi.Yürüşə başalamazdan əvvəl, Pyotr öz əsas məqsədini ört-basdır etmək üçün Manifest yayımlamağı qərara alır. Belə bir tapşırığ türk-(azərbaycan), ərəb,f ars dillərini səlis bilən, I Pyotr məhkəməsində fəaliyyət göstərən Kantemirə verildi. Rusiya Xarici Siyasət Arxivindəki araşdırmalara əsasən Manifestin yalnız türk (azərbaycan) dilində yazıldığı bilinir. Manifest Rusiyanın regiondakı geosiyasi maraqlarını ehtiva edirdi. Hacı Davud üsyanı sırasında rus tacirlər öldürülmüş, onların əmlakları talan edilmişdi. Bununla, Pyotr öz yürüşünün zəruri olduğunu, bölgəyə əmin-amanlıq gətirəcəyini bildirirdi.
Beləliklə, Pyotr 1722-ci il 18 iyunda Həştərxan istiqamətindən hərəkətə keçdi. Dərbəndə doğru hərəkət etdikdə Kabardiya knyazlarından Murza Çərkəzki və Aslan-Bek öz qoşunları ilə Pyotra dəstək oldular. Pyotr Dərbənd istiqamətində altı kəndi yandırdı. Burada məqsəd,əhalidə qorxu yaratmaq idi. 15 iyul 1722-ci ildə nəzərdə tutulan Manifest çap edildi. Manifest, rus ordusunun hərəkəti istiqamətindəki bölgələrə göndərildi. Öz var-dövlətini qorumaq istəyən bəzi feodallar Manifesti müsbət qarşıladı. Bu səbəbdən dolayı düşünə bilərik ki, Pyotr 23 avqustda heç bir müqavimətə rast gəlmədən Dərbəndə daxil oldu. Şəhər naibi İmamqulu öz vəzifəsində qalmaq şərti ilə Pyotra Dərbənd qalasının açarlarını təqdim etdi.
Əlbəttə, Pyotrun Dərbənddə olduğu müddətdə ona qarşı çıxanlar, hətta suiqəst təşkil edənlər də var idi. Lakin rus ordusu bunların qarşısını aldı.
Rus ordularının Xəzər sahillərinə yürüşü birmənalı qarşılanmadı. Şirvan üsyanı nəticəsində Bakı hücumlara məruz qalmışdı. Məhz bu səbəbdən, bəzi tacirlər tərəfindən Pyotra məktublar göndərildi. Pyotr məkublara cavab olaraq Bakıya yürüş qərarı aldı. Yürüşdən əvvəl, Bakı xanına xəbərdarlıq edildi. Pyotrun Bakıya yürüşünə qarşı çıxan Məhəmmədhüseyn xan rusları şəhərə buraxmamağı qərara aldı. Avqustun 30-da hərəkətə keçən Pyotr uğursuzluqla qarşılaşdı. Xəzər dənizində çıxan fırtına rus ordusunun bütün tədarükünü pozdu. Rus silah-sursatını, ərzaqlarını daşıyan gəmilər Xəzər dənizində batdı. Bundan başqa, Osmanlının da Pyotrun Xəzərsahili ərazilərə yürüşü qəti etirazlara səbəb oldu. Bakı və Şirvanı ələ keçirə bilməyən Pyotr geri qayıdır. Yunker başçılığında qarnizonu isə burda saxladı.
Hacı Davud Osmanlıdan gözlədiyi dəstəyi aldı. Amma Pyotr İstanbuldakı səfiri İvan Neplyuyevə bildirmişdi ki, Hacı Davudun Osmanlı himayəsinə keçməyinə mane olsun. Görünən odur ki, Neplyuyev heç də uğurlu olmayıb. Sultan III Əhmədin (1703-1730) Hacı Davuda göndərdiyi xətti-şərifdə ona xan titulu verilir və Şirvan və Dağıstan hakimi qismində Osmanlı himayəsinə qəbul olunurdu.
Pyotrun yürüşünə ilk başda nəzər salsaq,uğursuz olduğunu deyə bilərik. Amma, Pyotr heç də belə fikirləşmirdi. Onun fikrincə, Səfəvi torpaqlarından bir parça almaq belə böyük qənimət idi. Pyotr özü Peterburqa qayıtsa da, Mixail Matyuşkinə tapşırdı ki, Bakı qalasını alsın. Bundan sonra, cənuba doğru hərəkət etməli və Kürün sağ sahilində qala inşa etməli idi. Bu ərəfədə əfqanlar İsfahanı mühasirəyə aldı. Əfqanların Gilanı zəbt etmək fikirləri var idi. Pyotrun da belə bir istəyi olduğu üçün,dərhal gəmilərlə Gilana hərəkət qərara aldı. 1722-ci ilin dekabr ayında rus polkovnik Şipov başçılığındakı eskadra Rəşti zəbt etdi.
İsfahan əfqanlar tərəfindən mühasirə olduğu vaxt Şah Sultan Hüseynin oğlu II Təhmasib adı ilə özünü şah elan etdi. Şah Sultan Hüseyn mühasirə vaxtı İsmayıl bəyi hərbi yardım almaq üçün Rusiyaya göndərdi. Təhmasib də şah elan edildikdən sonra İsmayıl bəyin missiyasını tamamlamağını istədi. Amma Rəştin Şipov tərəfindən tutulduğunu eşitdikdə o buna qarşı çıxdı. İsmayıl bəylə əlaqə yaratmaq mümkün olmadı. İsmayıl Bəy heç nədən xəbərsiz Rusiyaya yollandı.1723-cü ildə imzalanan Peterburq Müqaviləsinə əsasən, Rusiyanın işğal etdiyi ərazilər güzəştə gedilir. Dərbənd, Bakı, Gilan, Mazandaran Rusiyaya ilhaq edilirdi. Lakin müqavilə Şah II Təhmasib tərəfindən təsdiqlənmir. Səbəb olaraq da bildirilir ki, İsmayıl bəyə bu səlahiyyətlər verilməyib.
Rusiyanın aktiv fəaliyyətindən narahat olan Osmanlı isə vaxt itirmədən Cənubi Qafqaza daxil oldu və Tiflis ərazisini işğal etdi. Pyotr isə bu vaxt Matyuşkindən tez bir zamanda Bakını işğal etməsini tələb etdi. 1723-cü il 21 iyulda Matyuşkin Bakıya daxil olur. Şəhər hakimləri baş verəcək ağır tələfatın qarşısını almaq istəyirdi və təslim olmaq qərarına gəlirlər.Bakıda komendantlıq idarəsi təyin olunur.İlk Bakı komendantlığına knyaz Aleksandr Baryatinski gətirilir. Azərbaycanın Xəzərboyu sahilləri Rusiya tərəfindən işğal edildi
Azərbaycanın qərbi Osmanlı tərəfindən, şərqi isə Rusiya tərəfindən işğal edilməsi iki ölk əarasında müharibəyə səbəb ola bilərdi. Osmanlı Xəzərboyu ərazilərə hücum etməyi düşünürdü. Müharibə haqqında fikirləşməyən Rusiya müqavilə bağlamaq qərarına gəlir. Bəzi mənbələrdə müqavilənin Fransız elçi Marquis de Bonnac tərəfindən təklif olunduğu söylənilir. 23 iyun (bəzi mənbələrdə 12 iyul) 1724-cü ildə İstanbulda Rusiya və Osmanlı arasında müqavilə imzalanır. Müqavilə ilə Rusiya və Osmanlı aralarındakı gərgin mübarizəyə bir müddətlik son verirlər. Müqaviləyə əsasən, Gəncə, Naxçıvan, Xoy, İrəvan, Mərənd, Salmas, Kirmanşah, Nəhavənd, Həmədan əraziləri Osmanlıya verilir. Xəzərboyu ərazilər isə Rusiyaya güzəştə gedilir. Müqaviləyə görə, Osmanlının Şirvanda qoşun saxlamağa ixtiyarı yox idi. Münaqişələr baş verdikdə sultan bura yalnız Rusiyanın razılığı ilə qoşun çəkə bilərdi. İstanbul müqaviləsinə əsasən Şirvan Osmanlının himayəsi altında yarımmüstəqil xanlıq elan olunurdu. Artıq bu zaman yerli əhali arasında müəyyən nüfuz qazanmış Hacı Davud Osmanlı tərəfındən Şirvan xanı kimi təsdiq edildi.
Nəticədə, Azərbaycan ərazisi Səfəvilərin zəiflədiyi bir dövrdə Rusiya və Osmanlı arasında bölüşdürüldü. Pyotr Qara dənizdə əldə edə bilmədiyi uğuru Xəzər dənizində əldə etdi. Lakin bu uğur uzun çəkməyəcəkdi. Təxminən 10 il sonra, tarix səhifələrinə öz adını qızıl hərflərlə yazdıran Şərqin son fatehi-Nadir Şah Əfşar həm Osmanlını, həm də Rusiyanı bu ərazilərdən çıxardacaq və yenidən Azərbaycan torpaqlarını vahid dövlət halında birləşdirəcəkdi…
İstifadə olunan mənbələr:
1.Geoffrey Hosking”Rusya ve Ruslar,Erken Dönemden 21. Yüzyıla”,İstanbul-2011
2.Kezban Acar”Ortaçağdan Sovyet Devrimine Rusya”, 2017-İstanbul 3.Ceyhun Bayramlı, Vüqar Zifəroğlu”Azərbaycanlı hökmdarlar:Səfəvilər”,Bakı-2015
4.TDV İslam Ansiklopedisi
5.Azərbaycan Tarixi 7 cilddə- III cild.
6.Большая советская энциклопедия-ПЕРСИДСКИЙ ПОХОД 1722-23
7.Wikipedia.org 8.http://1905.az/…/манифест-петра-i-от-15-июля-1722-года-к-ж…/#