hemle

Bahar Muradova: “Komitədə mütləq kadr dəyişikliyi etmək kimi məqsədimiz yoxdur”

Tarix:29-04-2020, 01:22
Baxış Sayı:428

“Əgər nöqsanlar varsa, o nöqsanlar aradan qaldırılmalıdır, yaxşı cəhət nə varsa, davam etdirilməlidir”
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Musavat.com-a geniş müsahibə verib. Milli Məclisin sabiq vitse-spikeri pandemiya dövrünə təsadüf edən təyinatı, rəhbərlik etdiyi komitənin fəaliyyəti, parlamentin yeni tərkibi, həmçinin şəxsi həyatı və fəaliyyəti ilə bağlı suallarımızı səmimi cavablandırıb. Müsahibəni təqdim edirik:

- Bahar xanım, karantin günlərində iş qrafikiniz necədir? Siz də “Evdə qal” kampaniyasına əməl etməli olursunuz?

- Bəli. Biz rəsmi evə göndərilmişik. Əmək haqqı ödənilməklə məzuniyyətdəyik - ayın 29-na kimi. Amma bununla belə, evdəki mövcud imkanlardan istifadə edərək işlərlə məşğul olmağa çalışırıq. Nə qədər alınır, onu yekunda dəyərləndirmək olar.

- Sizcə, bu, yaxşıdır, yoxsa pis? Axı yenicə vəzifəyə təyin olunmuşdunuz, heç iki ay da deyil və evdə qalmalı olmusunuz...

- (Gülür). Neçə illərdir davamlı olaraq gününün daha cox hissəsini işdə kecirən biri kimi bu qədər evdə qalmaq həm psixoloji, həm də fiziki cəhətdən çətindir. Bir də ki yeni təyinatla bağlı vəziyyət məsələlərə ətraflı yanaşmanı tələb edir. Hazırda belə imkanlar da məhduddur. Ona görə bunu yalnız işləməyə səy göstərmək kimi adlandırmaq mümkündür. Amma koronavirus pandemiyası olmasaydı, əlbəttə ki, biz daha çevik, daha dinamik şəkildə komitənin səlahiyyətləri çərçivəsində olan məsələlərlə məşğul ola bilərdik. Hələlik bunu təhlil, analiz, vəziyyəti öyrənmək və müəyyən araşdırmalar aparmaq üçün yaxşı bir fürsət kimi də dəyərləndirmək olar. Biz də çalışırıq belə edək.

- Sizin komitə də öz fəaliyyətini onlayn rejimdə davam etdirir?

- Bəli.

- Təyinatı aldıqdan sonra aparatın işçilərinə dəyib-toxunmadınız ki?

- Xeyr. Heç birinə də. Niyə toxunmalıyıq ki?

- Adətən yüksək vəzifəyə təyin olunanda məmur iş yerində əvvəlcə kabinetinə əl gəzdirir, təmir etdirir, kreslosunu, həmçinin komandasını dəyişir. Siz nədən başladınız?

- Mən ilk olaraq aparatın hər bir şöbəsi ilə ayrı-ayrılıqda görüş keçirdim, hər kəslə tanış oldum. Ümumi vəziyyətə dair fikir mübadiləsi apardıq. Vaxtımız ancaq buna çatdı. Daha sonra əlbəttə ki, “Evdə qal” kampaniyası başladı.

- Demək, indiki koronavirusla əlaqədar qaydalar, yaxud ölkə rəhbərinin “Heç kəsi işdən çıxarmayın” xəbərdarlığı olmasaydı, hansısa dəyişikliklər edəcəkdiniz, eləmi?

- Mütləq şəkildə dəyişiklik etmək kimi bir məqsədimiz yoxdur. Biz cənab Prezident tərəfindən tapşırılan vəzifəni səlahiyyətlərimiz çərçivəsində yerinə yetirməliyik. Ölkənin bütün regionlarında bu komitə ilə bağlı sahələrdəki durumu öyrənməliyik. Yeni, islahatlar dövrünün qarşımıza cıxardığı cağırışları nəzərə alaraq, yeni tələblərə uyğunlaşmalıyıq. Düzünü desəm, hər şeydən əvvəl uzun illər bu qurumda işləyən şəxslərin təcrübəsindən maksimum istifadə edilməsini məqsədəuyğun hesab edirəm. Əgər hansısa bir addım atmaq tələb olunacaqsa, bu, yalnız müəyyən təhlillərin nəticəsində olacaq.

- Keçmiş sədr Hicran Hüseynovanın komandası ilə çalışmaq çətin olmayacaq?

- Mənim heç bir çətinliyim yoxdur. Hamımız azərbaycanlıyıq, bu ölkənin vətəndaşıyıq, indiyə qədər müxtəlif sahələrdə işləmişik. İndi tale belə gətirib ki, bir yerdə işləməli olmuşuq. Çalışıb, bir yerdə işləmək üçün lazım olan hər şeyi etməliyik.

- Uzun illərin parlament təcrübəsi, deputat mandatı və indi məmur kreslosu... Bir diskomfort hiss etmirsiniz ki?

- Heç bir diskomfort hiss etmirəm. Mənə görə, dövlətə, xalqa, nəzərdə tutduğun, qarşına qoyduğun ideyaya, məqsədə xidmət etmək üçün harada işləməyin, harada xidmət göstərməyin bir fərqi olmamalıdır. Çalışıb sənə tapşırılan işi yüksək səviyyədə yerinə yetirməlisən, tələb olunan, gözlənilən fəaliyyəti ortaya qoymalısan. Mən harada oluramsa-olum, yalnız buna çalışıram və ona görə də heç bir diskomfort hiss etmirəm, hamısı Azərbaycana xidmətdir.

- Bəs hansı yüksək post idi: ali qanunverici orqanın sədr müavinliyi, yoxsa hazırkı vəzifə?

- Bunların ikisi də mənim seçimimin nəticəsi deyil. Mənim secimim Azərbaycana xidmətdir. Bu xidməti həyata keçirmək üçünsə uyğun siyasi xətti, Azərbaycanın başlıca sərvəti olan müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevi siyasi lider kimi seçmişəm. Bu gün həmin siyasi xətti davam etdirən cənab prezident İlham Əliyevin ölkəmizin, xalqımızın mənafeyi naminə həyata kecirdiyi fəaliyyətə azacıq da olsa töhfə vermək mənim həyat amalımdır. Bunu hansı vəzifədə həyata kecirmək o qədər də vacib deyil. Yeni Azərbaycan Partiyasının sədri, partiya özü məni hansı vəzifədə görürsə, hansı sahədə işləməyi məqsədəuyğun hesab edirsə, mənim borcum onu ləyaqətlə, şərəflə və məsuliyyətlə yerinə yetirməkdir.

- Bahar xanım, parlamentin yeni tərkibinin, sədarətdə olanların fəaliyyətini yəqin ki, yaxından təqib edirsiniz, paralellik aparırsınız. Qənaətiniz necədir?

- Mənim hansısa bir paralellik aparmaq kimi niyyətim yoxdur. Düşünürəm ki, istənilən fəaliyyət özünəqədərkinin üzərindən həyata keçirilir. Əgər nöqsanlar varsa, o nöqsanlar aradan qaldırılmalıdır, yaxşı cəhət nə varsa, davam etdirilməlidir. Bu gün parlament rəhbərliyində təmsil olunan şəxslər neçə illər mənim parlament divarları arasında birgə fəaliyyət göstərdiyim insanlardır. Həm də şəxsiyyəti, peşəkarlığı, mövqeyi, Azərbaycana sadiqliyi və ölkə prezidentinin tutduğu xəttə sədaqətinə əmin olduğum insanlardır. Hesab edirəm ki, onlar cənab Prezidentin bütövlükdə parlamentin və bir rəhbərlik kimi onların qarşısına qoyduğu vəzifələri yüksək səviyyədə yerinə yetirmək imkanlarına malikdirlər. Keçən qısa müddət də bunu göstərir. Mən onlar başda olmaqla, bütün parlamentə, xüsusilə yeni seçilən millət vəkilləri də daxil olmaqla, bütövlükdə parlamentin işinə uğurlar arzulayıram. Bu gün hamımızdan sürətlə dəyişən zamana uyğunlaşmağı bacarmaq və öz işinə yüksək səviyyədə yanaşmaq tələb olunur. Mən düşünürəm ki, Azərbaycan parlamenti cənab Prezidentin onların qarşısına qoyduğu vəzifələrə uyğun şəkildə işini qurmaq ücün yaxşı start götürüb.

- Karantin rejiminin qaydalarına sizin yanaşmanız maraqlıdır...

- Bizim yanaşmamız karantin rejiminin koronavirusla mübarizə qaydalarına tam uyğundur. Biz əlbəttə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına, qəbul etdiyi qərarlara, cənab Prezidentin tövsiyə, tapşırıq və sərəncamlarına uyğun davranılmasını istəyirik. Çünki bu zəncir qırılmalı, nəhayət, bu proses durdurulmalıdır. Hər kəs bu işə xidmət etməli və özünün vəzifəsini yerinə yetirməlidir. Kimlərsə bu mübarizə tədbirlərinin təşkilatçılığı, kimlərsə xidmət sahələrində, təhlükəsizliyin təmin olunmasında, asayişin qorunmasında, xüsusilə də tibb işçilərimiz, həkimlərimiz müalicə prosesində və digərləri isə ondan tələb olunan sadə bir məsələyə – evdə qalmaq tələbinə əməl etməlidir. Bununla da hər kəs özünün, ailəsinin, yaxınlarının və bütün cəmiyyətin qorunmasına öz töhfəsini verməlidir. Başqa yollar axtarmağa ehtiyac yoxdur, bu yollar bəllidir. Hər kəsin davranışı necə olmalıdır, o barədə tövsiyələr var, onlara əməl etmək lazımdır. Biz də komitənin saytında, Facebook, Twitter səhifəsində bununla bağlı BMT-nin, UNİSEF-in digər beynəlxalq təşkilatların, evdə ünsiyyətdən tutmuş, ailədaxili münasibətləri pandemiya dövrünə uyğun qurmaqla bağlı tövsiyələrini yaymaqla maarifləndirici işlə məşğuluq. Hesab edirəm ki, bu, hamını əhatə etməsə də - çünki hamı Facebook istifadəçisi deyil və ucqar kəndlər, yaşlı adamlar və digərləri bu təlimlərdən uzaqda qalır - amma biz imkan daxilində insanları bura daha cox cəlb etməyə, həm boş vaxtın keçirilməsinə dəstək olmağa, həm də ki, koronavirusla mübarizə barədə təlimatların onlara çatdırılması işinə töhfə verməyə çalışırıq.

- Yazmışdınız ki, bugünlərdə həm də ev işləri ilə məşğuldunuz, hətta çörək də bişirirsiniz. Bu, yeni fəaliyyət növüdür, yoxsa əvvəllər də olub?

- (Gülür). Yox, bu, Azərbaycanın əksər qadınlarının gündəlik işidir, gündəlik fəaliyyətidir, burada qeyri-adi heç nə yoxdur. Çörək bişirməyim də birinci dəfə deyildi.

- İndi deyəcəksiniz ki, təndirdə də çörək bişirmisiniz...

- Yox, yox, təndirdə çörək bişirməmişəm, yalan deyərəm (gülür).

- Bu iş davam edir, yoxsa sadəcə, şəkil çəkdirib Facebookda paylaşmaq üçün idi?

- Yox, dietik kəpək çörəyidir, mən onu iki-üç gündən bir bişirirəm...

- Yəni qayğılarınız artıb?

- Elədir. Ailənin, işin qayğıları, bir də koronavirus dövrünün yaşatdığı mənəvi çətinliklər. Əlbəttə, asan deyil. On minlərlə insanın bu virusun qurbanı olması acı hadisələrdir və bunu elə-belə, sadəcə, seyr etmək, laqeyd qalmaq və "evdə qal"ı da tətil kimi qəbul eləmək olmaz. Bu, məcburiyyətdən atılan addımdır. Bunun mənəvi, etik tərəflərini də qətiyyən unutmaq olmaz.

- Deyək ki, nə isə lazım olur və evdən çıxıb almaq lazım gəlir. Bu işlərin öhdəsindən kim gəlir?

- Mənim evdən çıxmağa icazəm var. Həftədə bir dəfə işə baş çəkib bəzi məsələlərlə bağlı müəyyən işləri görürəm və evə lazım olanları isə özüm yolüstü alıram. Bu zaman da əlcək, maska birmənalı şəkildə olur. Hətta eynək... Gözləri də qorumaq lazımdır.
Qızınız Nigar xanım bu vəziyyətə nə deyir?

- Qızımız onlayn dərslə məşğuldur və hər gün dərsə gedirmiş kimi, gündəlik nəzərdə tutulan dərsləri keçirlər. Geri qalmamağa çalışır və biz də nəzarət edirik ki, üzərinə düşənləri edə bilsin, dərsdən geri qalmasın.

- Həyat yoldaşınızın necə, sərbəst fəaliyyət üçün icazəsi varmı?

- Onun yaşı 65-dən yuxarı olduğuna görə biz hamımız onu qorumaqla məşğuluq (gülür).

Elşad Paşasoy,

Musavat.com

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ