Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin İctimai TV-də Qarabağın azad edilməsi qarşılığında MDB-nin Avropa İttifaqı modelində yeni birliyə çevrilməsi məsələsinin mümkünlüyü barədə fikirləri bəzi şəxslər tərəfindən birmənalı qarşılanmayıb. Həmin kateqoriyadan olan insanlar hesab edirlər ki, Rusiya ilə yaxınlaşma keçmişdə baş verənlərə və Qarabağın işğal altında qalmasına görə yolverilməzdir
Bəs görəsən, onlar nə dərəcədə haqlıdırlar
Modern.az məsələ ilə bağlı Qüdrət Həsənquliyevin mövqeyini öyrənib. Deputat hesab edir ki, ona qarşı hücum edənlər xarici himayədarlarından yarınmaq istəyənlərdir:
"Əvvəla həmin adamların kimliyin araşdırsaq görəcəyik ki, onlar əsasən tərbiyəsiz,nankor adamlardır və hansısa xarici dövlətdən pul dilənənlərdirlər. Onlardan sadəcə istifadə olunur. Siyasət emosiya və şeyriyyəti sevmir. Digərləri isə məhz, bu qəbildən olan, işğala son qoymaq üçün heç bir ağıllı təklif irəli sürmək qabiliyyəti olmayan, çətin vaxtlarda heç vaxt prinsipial mövqe ortaya qoymağı bacarmayanlardır. Mənə hücum edənlər sadəcə xarici himayədarlarına yarınmaq istəyirlər. Bir vaxtlar Türkiyə Rusiyanın hərbi təyyarəsini vuranda bu addımın yalnış olduğunu və ilk növbədə Türkiyənin maraqlarına cavab vermədiyini söyləmişdim. Onda da bugünkü qaragüruh düşmüşdü üstümə ki, sən niyə elə deyirsən. Sonra nə baş verdiyini təkrarlamağa ehtiyac yoxdur. Məni Moskvanın təbliğatını aparmaqda ittiham edən kuklalara demək istəyirəm ki, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqidir və münaqişənin həllində maraqlı görünmür. Ona görə hökumətə təklif edirəm ki, Rusiya ilə bağlı qapılar arxasında danışıqlar aparsın. Ermənistanla hər hansı danışığın faydası yoxdur. Əgər Rusiya istəməsə, Ermənistan heç bir sülh sazişinə imza ata bilməz. Ermənistanın, onun savaşda tam qələbəsini təmin edəcək, Qarabağda ermənilərin öz müqəddəratını müəyyən edəcək referendiumun keçirilməsini nəzərdə tutan, Madrid prinsiplərindən imtina etməsi də bununla bağlıdır. İndi elə bir beynəlxalq vəziyyət yaranıb ki, biz Qarabağ naminə, suverenliyimizdən imtina etmədən, Rusiyanın regiondakı maraqlarını nəzərə alsaq, onun mövqeyini dəyişmək ehtimalı var. Həm də qardaş Türkiyədən tələb və xahiş edə bilərik ki, hansısa regional məsələdə Rusiyanın marağını nəzərə alsın və onun Qarabağ məsələsində obyektivliyini təmin etməyə kömək etsin. 26 ildir danışıqlar davam edir, ermənilər torpaqlarımızı məskunlaşdırır, təbii sərvətlərimizi talayır. Necə Rusiyapərəst siyasətçiyəm ki, Rusiya ilə danışıqlar baş tutmayacağı təqdirdə Qərbə və NATO-ya inteqrasiya yolu tutmağımızı, Ermənistana heç kimin təzyiq etməyəcəyi təqdirdə, bizə hansı qiymətə başa gələcəyindən asılı olmayaraq, Böyük Vətən müharibəsinə başlamağı təklif etmişəm. Baxmayaraq ki, o zaman biz tək qalacağıq, Ermənistanın yanında isə Rusiya və İranla yanaşı Qərb də olcaq. Birinci Qarabağ savaşında olduğu kimi".
Qüdrət Həsənquliyev həmçinin qeyd edib ki, əgər Avropa İttifaqı modelində birlik suverenliyin itirilməsidirsə, niyə Türkiyə Avropa İttifaqına qoşulmaq üçün illərdir mübarizə aparır?
"Axı, orda keçmişdə həm bir-biri ilə, həm də Türkiyə ilə qanlı savaşlarda olmuş, bir-birinin torpaqlarını işğal etmiş çoxlu dövlətlər, xalqlar var. Ona görə də biz qabağa baxmalıyıq. MDB Avropa İttifaqı modelində İttifaqa çevrilərsə, bura Türkiyənin və İranın da qoşulmasına çalışmalıyıq. Bu halda biz Cənubi Azərbaycanlılarla eyni ittifaqın vətəndaşları ola bilərik. Yeni birlik Avropa İttifaqı və Çinlə regionda sağlam rəqabət apara və inkişafa böyük töhfə verə bilər. Kiçik dövlətlərin əzilməsinə və işğalına son qoyular, Avroasiya məkanında sülh olar", - deyə deputat bildirib.