Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov erməni həmkarı Zöhrab Mnatsakayanla son görüşündən (görüş videokonfrans formatına baş tutub) sonra tənqid hədəfinə gəlib.
Yenisabah.az xəbər verir ki, görüşdə Elmar Məmmədyarovun yumşaq ritorikası, eyni zamanda XİN-nin açıqlamasından da göründüyü kimi daha çox koronavirus pandemiyasının müzakirə edilməsi ictimai narazılıq doğurub.
Müşahidələr göstərir ki, hakimiyyət düşərgəsi də son görüşdən məmnun deyil. Hər halda XİN başçılarının virtual təmasından sonra iqtidarın maraqlarının müdafiəçisi kimi çıxış edən siyasi fiqurların Elmar Məmmədyarovu tənqid atəşinə tutması özfəaliyyət ola bilməz.
Nümunə kimi hakimiyyətə yaxın Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalının və deputat Cavanşir Feyziyevin tənqidlərini göstərmək olar. Fəzail Ağamalı Elmar Məmmədyarovu Preziden İlham Əliyevin Ermənistana qarşı apardığı “hücum diplomatiyası”na adekvat ola bilməməkdə ittiham edib.
“Sanki Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini malalamaqla məşğuldur. Axı işğalçı ölkəyə qarşı belə "dişsiz" və qorxaq bəyanat olmaz! Biz işğala məruz qalmış ölkəyik. Ancaq xarici işlər nazirimiz nədənsə ehtiyatlı və qorxaq açıqlamalar verir.
Əgər bu gün cənab Prezident işğalçı ölkəyə qarşı açıq şəkildə tutarlı sərt və cəsarətli mövqe ortaya qoyaraq, Nikol Paşinyanı susdurursa, o zaman niyə xarici işlər nazirimiz buna uyğun davrana bilmir?”, - deyə AVP sədri bildirib.
Nadir hallarda siyasi proseslərə münasibət bildirən Cavanşir Feyziyev isə XİN-nin fəaliyyətinin qənaətbəxş olmadığını dilə gətirib:
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən görüşlərdən sonra XİN-in reaksiyası həmişə olduğu kimi bu dəfə də standart, eyni məzmunlu, dəfələrlə təkrarlanmış bir bəyanat oldu. Biz eyni bəyanatları 20 ildən çoxdur eşidirik və çox təəssüf ki, heç nə dəyişmir...
Hər dəfə Ermənistanda hər hansı dəyişiklik baş verdikdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlarda vəziyyət bir qədər də mürəkkəbləşir. Yəni erməni tərəfi daha sərt ritorika ilə danışıqlara başlayır. Bunun müqabilində isə Azərbaycan xarici siyasət idarəsinin hər dəfə təkrarladığı bəyanatın mətni və məzmunu heç vaxt dəyişmir”.
Elmar Məmmədyarov 2004-cü ildən Azərbaycanın xarici siyasət institutuna rəhbərlik edir. Nazir olduğu dövrdə müxətlif səbəblərdən – Azərbaycan dilində doğru-dürüst danışa bilməməsi, Qarabağ problemi ilə bağlı danışıqlarda qarşı tərəfin iddialarını adekvat cavablandırmaması, Azərbaycanın diplomatiya sahəsində geriləməsi, xarici ölkələrdəki səfirliklərin diplomatik təsisatdan daha çox biznes subyektləri kimi fəaliyyət göstərməsi və s.- tənqid olunurdu.
Amma bu tənqidlər indiki qədər tünd, qəzəb və hiddətə boyanmış deyildi. Cavanşir Feyziyevin təbirincə desək, əgər biz 20 ildir eyni bəyanatları eşidirksə, o zaman nədən Elmar Məmmədyarov bu qədər sərt tənqid olunur?
Sualın cavabını vermək üçun 2016-cı ildə Azərbaycan və erməni silahlı qüvvələri arasında baş verən “aprel döyüşləri”ni xatırlatmaq lazımdır. Bu döyüşlər atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında ilk iri miqyaslı hərbi qarşıdurma hesab edilir. Əgər Azərbaycan buna qədər sülh danışıqlarına zərbə vurmamaq üçün təmkin nümayş etidirirdisə, “aprel döyüşləri” artıq səbr kasasının daşması demək idi. Bakı “aprel döyüşləri” ilə İrəvanın hərbi müstəvidə vaxtaşırı törətdiyi təxribatlara layiqli cavab verməklə müharibədən çəkinmədiyini, sadəcə sülh tərəfdarı olduğundan problemin danışıqlar yolu ilə həllinə üstünlük verdiyini nümayiş etdirdi.
“Aprel döyüşləri”ndən sonra Bakının yenə də təmkinli davranış sərgiləməsi də sülh danışıqlarına sadiqliyin göstəricisi sayıla bilər.
Ermənistan “aprel döyüşləri” ilə hərbi müstəvidə Azərbaycanı işğala tabe etdirməyin mümkün olmadığını anladıqdan sonra yenidən diplomatik cığallığa başladı. Paşinyanın hakimiyyətə gəlişi ilə avantüra daha da dərinləşdi. Nəhayət, Ermənistanın Baş nazirinin “Qarabağ Azərbaycanındır, nöqtə” bəyanatı Bakını yenidən hərəkətə gətirdi. Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun Rusiyanın Soçi şəhərində keçirilmiş XVI illik iclasının plenar sessiyasında Paşinyanın “nöqtəsini” nida ilə əzdi: “Qarabağ Azərbaycandır və nida işarəsi”.
İlham Əliyevin bu bəyanatı artıq Azərbaycan tərəfinin Ermənistanın kaprizlərinə dözmək niyyətində olmadığının açıq şəkildə nümayişi idi. Bu bəyanat Qarabağ məsələsində əhəmiyyətli dönüş sayıla bilər. O mənada ki, İrəvanın avantürist addımlarına əvvəlki tək səbr nümayiş etdirilməsi yenidən adekvat cavablarla əvəzləndi.
Amma təəssüf ki, XİN səviyyəsində yenə də yumşaq ritorikanın şahidi olduq. Nəhayət, Mnatsakayanın Rusiya Xarici İşlər nazırı Sergey Lavrova cavab olaraq “Ermənistan üçün Qarabağ məsələsinin Azərbaycana ərazi güzəştləri ilə həlli yolverilməzdir” bəyanatı, bunun müqabilində Azərbaycan XİN-nin dişsiz reaksiyası son hədd oldu.
Məsələ burasındadır ki, Sergey Lavrov aprelin 21-də A.M. Qorçakov adına Xalq Diplomatiyasına Dəstək Fondunun iştirakçıları ilə keçirilən “dəyirmi masa”da çıxış edərkən BMT Təhlükəsizlik Şurasının Qarabağ nizamlanması ilə bağlı qətnaməsinin həyata keçirilməsində ən vacib addımın, tərəflərin 2019-cu ilin aprelində Moskvada qəbul etdiyi sənədin imzalanması olduğunu söyləyib. Bu, 2019-cu ilin aprelində Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilən iclasında qəbul edilmiş sənəddir.
“Bu sənədlər mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini və nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını nəzərdə tutur”,- deyə Rusiya XİN başçısı vurğulayıb.
Mnatsakayan isə buna cavab bəyanatı ilə İrəvanın sülh danışıqlarında səmimi olmadığını bir daha nümayiş etdirdi. İctimaiyyət Azərbaycan XİN-indən adekvat cavab gözlədiyi halda qurum dişsiz bəyanatla kifayətləndi. Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və erməni həmkarı ilə görüşündə isə koronavirus pandemiyasını Qarabağ müzakirələrini üstələdi.
Əlbəttə bu Xarici İşlər nazirini tənqid atəşinə tutmaq hətta onun vəzifədən uzaqlaşdırılmasını zərurətə çevirən ciddi əsasdır. Elmar Məmmədyarov situasiyaya qeyri-adekvat olaraq yumşaq ritorikaya üstünlük verməklə Azərbaycanın nüfuzuna zərbə vurub. Əgər artıq Azərbaycan birinci şəxs səviyyəsində işğal olunmuş torpaqlarını azad etmək üçün “hücum diplomatiyası”na keçid alıbsa, o zaman Elmar Məmmədyarovun qorxaqlıqla assosiasiya olunan tövrü qəbuledilməzdir.
Yeri gəlmişkən, XİN mətbuatla da işini qanedici səviyyədə qura bilmir. Qurumun yeni mətbuat katibi Leyla Abdullayeva hansısa səbəbdən yerli jurnalistlərin suallarını cavablandırmağa həvəs göstərmir. Leyla xanımın maraqlı taktikası var. Əvvəlcə, onunla əlaqə saxlayan jurnalistin sualını dinləyir, daha sonra sualı yazılı şəkildə ünvanlamağı xahiş edir, amma bu halda da Leyla xanımdan cavab gəlmir...