Azərbaycan İslam Partiyasının sədri, Hacı Mövsüm kimi tanınan Mövsüm Səmədovun azadlığa çıxması münasibətilə evində dini məclis təşkil edən şəxs saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunda baş verib. Belə ki, polisə qəsəbədəki evlərdən birində partiya üzvləri və dini təhsilli şəxslərin iştirakı ilə tədbir keçirilməsi barədə məlumat daxil olub. Əraziyə gedən polis əməkdaşları tədbirin qanunsuz keçirildiyini və dayandırılmalı olduğunu bildirib.
İttihama görə, bu zaman ev sahibi, tədbirin təşkilatçısı olan 1991-ci il təvəllüdlü şəxs etirazını bildirib və polisin tələbinə tabe olmayaraq aqressivlik nümayiş etdirib. Onunla birgə tədbirlə əlaqədar oraya gələn daha 3 nəfər saxlanılıb. Polis tərəfindən edilən xəbərdarlıqdan sonra evə gələn digər şəxslər ərazini tərk edib.
Bildirilib ki, hadisədən əvvəl tədbirlə bağlı sosial şəbəkədə elan verilib.
Saxlanılan şəxslərdən tədbirin təşkilatçısı olan 32 yaşlı şəxsə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası verilib.
Qeyd edək ki, İslam partiyasının sədri, Hacı Mövsüm Səmədov 12 il həbsdən sonra bir neçə gün əvvəl azadlığa çıxıb. M.Səmədov mütəşəkkil dəstə halında cinayətə hazırlıq, odlu silahdan istifadə etməklə cinayətə hazırlıq, qanunsuz silah saxlama və hakimiyyəti zorla ələ keçirməyə görə ittiham olunmuşdu.