Mərkəzi Bank sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi və sığorta olunanların hüquqlarının qorunması ilə bağlı da qərar verib.
“Qafqazinfo” xəbər verir ki, xüsusi karantin rejimi şəraitində iqtisadi aktivliyin azalması sığorta xidmətlərinə çıxışın məhdudlaşmasına gətirib çıxarıb. Yaranmış şəraitdə sektorun topladığı sığorta haqlarının həcmində azalma müşahidə edilməkdədir. Sığorta olunanlarla sığortaçılar arasında fiziki təmasın minimuma enməsi sığorta tələblərinin idarə olunmasını çətinləşdirib. Eyni zamanda, satışların azalması fonunda sığorta ödənişlərinin davam etməsi sığortaçıların likvidlik idarəetməsini mürəkkəbləşdirib.
Bütün bunları nəzərə alaraq aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub:
1. Sığorta xidmətlərinə çıxışın təmini və sığortaçılara elektron vasitələrdən effektiv istifadənin tövsiyə edilməsi
• Zərərlərin tənzimlənməsi ilə bağlı sığortalıların müraciətlərinin elektron poçt və elektron formada qəbul edilməsi (hadisələr barədə video və foto görüntülər daxil olmaqla);
• Könüllü sığorta müqavilələri üzrə xüsusi karantin rejimindən birbaşa təsirlənən sığortalılara sığorta haqlarının ödənilməsində 30 sentyabr 2020-ci il tarixinə kimi möhlətin verilməsi;
• Sığortaçılarda biznes proseslərinin pandemiya ilə əlaqədar yeni əməliyyat şəraitinə tam uyğunlaşdırılması üçün lazımı idarəetmə və texnoloji tədbirlərin görülməsi;
• Könüllü sığorta müqavilələrinin elektron formada bağlanmasının sığortaçılar tərəfindən təmin edilməsi (Mülki Məcəllənin 899, 903.7-ci maddələrinin və “Sığorta fəaliyyəti haqqında” Qanunun tələbləri nəzərə alınmaqla);
• Sığortaçıların öz internet səhifələrində xüsusi karantin müddətində iş rejimi ilə bağlı məlumatın və zərərlərin tənzimlənməsi ilə bağlı müvafiq prosedurlarını açıqlaması;
• Sığortalıların hüquqlarının qorunması məqsədi ilə sığortaçılarda qaynar xəttin fasiləsiz işlək olması, habelə sığortalıların videozənglər vasitəsilə qəbulunun təmin edilməsi.
2. Sığortaçılara müvəqqəti requlyativ tətillərin verilməsi
• Xüsusi karantin rejimindən birbaşa təsirlənən sığortalılar üzrə 01 mart 2020-ci il tarixdən sonra yaranmış və 90 günü aşmış debitor borclarının sığorta ehtiyatı və sığortaçının öz vəsaitlərinin hesablanmasında 01 yanvar 2021-ci ilədək nəzərə alınması;
• Sığortaçılarda səyyar yoxlamaların (növbəti) təxirəsalınmaz reaksiya tələb edilən hallar istisna olmaqla (növbədənkənar) 30 sentyabr 2020- ci ilədək təxirə salınması.
3. Sığortaçılara likvidliyin idarə edilməsində dəstəyin göstərilməsi və maliyyə dayanıqlığının qorunması
• İcbari Sığorta Bürosuna təqvim haqqlarının ödənişinə 30 sentyabr 2020-ci ilədək möhlət verilməsi üçün İSB-yə tövsiyə edilməsi;
• Kapital mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə 2019-cu ilin nəticəsi üzrə dividend ödənişlərinin 30 sentyabr 2020-ci ilədək təxirə salınmasının və 2020-ci il üzrə aralıq dividend ödənilməməsinin sığortaçılara tövsiyə edilməsi.