hemle

Ey gözəl radio

Tarix:26-12-2016, 20:08
Baxış Sayı:830

Azərbaycan radiosu mənimçün yaradıcılıq məktəbidir. Bu müqəddəs məkan - 90 yaşlı radiomuz, yarandığı gündən boynuna düşən işin öhtəsindən layiqincə gəldi. Fəaliyyətə başladığı ilk gündən xalqımızın ən dəyərli ziyalıları, ışıqlı adamları sinələrini sipər edib səngər qarşısında dayanan kimi radiomuzun yanında oldular. Radio ilə gələcəyə, aydın gələcəyə birgə addımladılar.

İlk bədii verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak etdilər. Bu siyahını uzatmalı olsaq, Uzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Məmməd Səid Ordubadinin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Hüseynqulu Sarabskinin, Bülbülün, Mustafa Mərdanovun və digərlərinin adlarını qeyd etmək olar.
Azərbaycan ziyalılarının sanki hər biri radio ila əməkdaşlıq etməyə borclu idilər. Aydınlarımız müxtəlif illərdə radionun keşiyini çəkdilər, şərəfini uca tutdular. And yerinə, qibləgaha çevirdilər.
Mikayıl Rəfili, Cəfər Xəndan, Qulam Məmmədli, Adil Əfəndiyev, Lətif Kərimov, Mübariz Əlizadə, Ələsgər Məmmədov, Abbas Gülməmmədov, Cəfər Hacıyev, Hüseyn Məcnunbəyov, Cabbar Cabbarov, Fazil Babayev, Mina Bayramova, Şərif Vəliyev və yüzlərlə, minlərlə tanınmış yazıçılar, jurnalistlər, şərqşünaslar da radio üçün öz töhfələrini verdilər.
Müasir texnologiya indi o qədər inkişaf edib ki, canlı yayımla radio-televiziya verilişini ötürmək çox asanlaşıb. Amma canlı yayımla bağlantı qurmağı Azərbaycan radiosu 1928-ci ildə Bakıya qonaq gələn Maksim Qorki ilə təşkil olunan görüşü, Azərbaycan Elmlər Akademiyasının böyük salonundan canlı olaraq yayımladı.Bu ilkdə də Azərbaycan radiosu boy çıxartdı.
Böyük yazıçı Maksim Qorkini gorə bilməyənlər onun səsini radiodan eşitdilər
Hərbiçi Əsgər Mövsümzadə, əməkdar artist Leyla Terequlova, filoloq Soltan Nəcəfov, sair Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev də diktor vəzifəsində çalışdılar.
Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdi.
Bütün bu sadaladıqlarımla yanaşı, radio eyni zamanda özünün qızıl fondunu da yarada bildi. "Qızıl fond"unda görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar, şair-yazıçılarımızın, alimlərimizin, aşıqlarımızın səsləri qorunub saxlanır.
Dəyərli dinləyicilərimiz, millətin maarfilənməsi üçün gecəni-gündüzə qatıb çalışan aydınlarımız zəhmətləriylə radionu bu günümüzə çatdırdılar. Radio onların əmanəti,yadigarı kimi bizimlədir. Onu da qeyd edim ki, radio-televiziyamız bu gün də uğurlu əllərdədir.
90 yaşlı Azərbaycan radiosunda çalışmaq mənim də taleyimə yazılıb. Nə mutlu bana. Düz on ildir bu müqəddəs məkanda çalışıram. Sanki hipokrat andı içmiş kimi əhdimə sadiq öz peşə borcumu yerinə yetirməkdəyəm.
2005-ci ildən dinləyiciləri salamlayır, hazırladığım mövzularla onların görüşünə gəlirəm. İlk çalışdığım günlərdən radioda çox ünlü radioçuları, qocaman jurnalistləri, sevilən şair və yazıçıları gördüm. Onlarla hətta müəyyən illərdə çiyin-çiyinə də çalışdım. Kələntər Kələntərli, Qaçay Köçərli, İbrahim Göyçaylı, Akif Səməd, Əhməd Həpo, Möhbəddin Səməd, Mövlud Süleymanlı, Camal Yusifzadə, Zakir Sadatlı, Elxan Məmmədli, İntiqam Mehdizadə kimi tanınan imzalar məhz radionun vasitəsi ilə mənim tərcümeyi-halıma yazıldı.
Ustad şairimiz Ramiz Rövşənin təbirincə desək, bir uzağa gedən gəmiyə minib uzaqlara gedirəm. O uzaqlara məni radio aparır. Uzaqlarda həm keçmiş var, həm də gələcəkdə görüləsi yaradıcılıq planları.
Bu gün də radioda ustadlar çalışır. Mirzə Yusif, Əhməd Oğuz, Kamil Əfsəroğlu, Tahir Talıblı, Bəxtiyar Bəxtiyarov və onlarla bu cür nəhəng imzaların adlarını qeyd etmək olar.
“Yurd yeri” verilişində dəyərli ziyalılarımızı, folklorşünas alimlərimizi, ağzıdualı ağbirçəklərimizi, dünyanı dörd dolaşmış babaları, xalqımızın mənəviyyat boxçası olan aşıqlarımızı mütamadi verilişlərə dəvət edir,dinləyiclərlə görüşdürürəm.
“İrəvan Çuxuru” verilişi demək olar mənim üzərimdə olduqca məsuliyyətli bir yükdür. Qədim-qayım oğuz - türk yurdu olan, indi Ermənistan adlandırılan dədə-baba torpaqlarımızın tarixi, folkloru, ədəbiyyatı, aşıq yaradıcılığı, qədim yurd yerlərimizin toponimləri, etnonim və antroponimləri, o yörələrimizdə yaşayan türk tayfaları, onların mədəniyyəti, folklor nümunələri alimlərimizlə birgə geniş şəkildə araşdırılır və dinləyicilərə təqdim olunur.
“Obalardan babalardan” folklor toplusu verilişi də adından göründüyü kimi, obalarımızın və o obalarımızın yadigarları olan babalarımızın folklorla bağlı bildikləri, yaddaşlarında adları kimi bildiyi el-oba deyimlərini, hərəsi bir dastan qədər qədim olan nənələrimizin də sirli-sehirli nağıllarını, laylalarını, oxşamalarını, bayatılarını, alqış və dualarını, məhz bu proqramda dinləyicilərə təqdim olunur.
Verilişin sloqonu da verilişin mahiyyətindən yaranıb."Agsaqqal olan yerdə urvat, ağbirçək olan yerdə mürvət olar". Tanrı hər birimizi agsaqqalı, agbirçəkli eləsin.
"Obalardan-babalardan" folklor toplusuyla bağlı bir xatirəni də burada xatırlatmağı özümə borc bilirəm. Bu veriliş yarananda mərhum yazıçımız Əlibala Hacızadədən xahiş etmişdik ki, verilişin başlıq musiqisi üçün sözlər yazmışdı. Pir olmuş da sözümüzü yerə salmayıb sözləri yazmışdı. Lakin verilişin ərsəyə getməsinə çox az bir vaxt qalanda ustad yazıçımız bu dünyayla haqq-hesab eləyib haqq dünyasına qovuşdu. Bu yerdə ona da Tanrıdan rəhmət diləyirəm. Yeri uçmaq olsun.
Radio ila əməkdaşlığa başladığım gündən bu günə kimi maraqlı xatirələr, təəsüratlar yaranıb. Əslində onların hər biri bir yazı şəklində qələmə alınmalıdır. O xatirələrdə gələcək üçün marağa səbəb olan xeyli sayda nüanslar var.
Bu sadaladıqlarımdan sonra heç də demək olmaz ki, mən radioda müəyyən qədər verilişlər hazırlamışam. Əksinə qarşıda tətqiqat aparılası, hazırlayacağım çox verilişlər var, ey gözəl radio. Bunlar isə üzümüzə gələn ildə mənim öhdəmə götürdüklərimdir.

Savalan Talıblı

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı