Qanlı döyüşlər davam edir...
Bu gün mövqelərində duruş gətirə bilməyən qorxaq düşmən piyadalarının beyninə yeridilib ki, guya Azərbaycan ordusu karıxıb. Ona görə Tunel tərəfdən 3 erməni tankı arxayın-arxayın irəliləyir. Zabitlərimiz operativ göstəriş verirlər ki, hələ dəyməyin, özləri tələyə düşəcəklər. 5 dəqiqə çəkmir ki, tankın ikisi minaya toxunur və susur. Düşmən piyadalarının canına vəlvələ düşür. Sağ və sol cinahda atışma qızışır. Leş leşə qalanır. Qumbaraatan silahın mərmiləri düşmənin üçüncü tankının yan-yörəsini yalayıb ötür. Ermənistan tankçıları irəli soxulurlar.
"N” kəndi istiqamətində gələn tankımızın ekipajı isə vəziyyətdən xəbərsizdir. Tuşlayıcı operator Səməd Orucov qabağı görə bilmir. Çünki yol burula-burula uzanır. Tank komandiri İsmayıl Allahverdiyev döngənin o biri üzünü yoxlamaq üçün çölə çıxır. Səməd xahişanə qışqırır:
- Qadan alım, tez ol. Xəbər gəlib ki, bizim yola bir erməni tankı çıxıb.
- Oldu, Səməd, səbir elə, indi biz onların başında turp əkərik, - deyə İsmayıl yüyürərək döngəyə çatır. Çox əfsus ki, özünü qorumadan yolun ortasına çıxır və düşmən tankı ilə üz-üzə gəlir. Nə geri çəkilə bilir, nə də kənara. Pulemyot gülləsi ilə onu ayağından yaralayırlar. Yola yıxılan İsmayıl çətinliklə sürünür. Son nəfəsdə başına gələnləri hava telefonu ilə dostlarına çatdırmağa macal tapır. Hadisədən duyuq düşən Səməd hazır durur. Döngə ağzında düşmən tankı ilə döş-döşə dayanır. Qənimət üçün yaxşı fürsət yaranır. Ona görə lülə davasına başlayır (belə döyüşə tankın tarana getməsi də deyirlər). Düşmən nədənsə atəş aça bilmir. Səmədgil adi vəziyyətdə risq edərək pələng cəldliyi ilə tankı 5 metr geri çəkir və sərrast atışla düşmən tankının üstünə çıxan 8 dığanı cəhənnəmə vasil edirlər. Sonra dalbadal 3 mərmi atılır. Tankın gurultusu aləmi lərzəyə salır. Erməni tankının içərisindəki mərmilər də odlanır. Həmləsi boşa çıxan dığaların sağ qalanları dik yamaclara dırmaşır və gözdən itirlər...
Eyni vaxtda qonşu kənd yaxınlığında da döyüş gedir. Tünbətün olmuş erməni hərbi qüvvələri, necə deyərlər, köhnə əhval-ruhiyyə ilə vuruşurlar. Elə zənn edirlər ki, yenə də boş şayiələrlə, psixoloji həmlələrlə döyüşlərimizi karıxdıra biləcək, onların döyüş əzmini sındıracaqlar. Düşmənin gizlənən bir ZDM-i Söhbət Hacıyevlə Kərim Mirzəyevin sərrast atışları nəticəsində məhv edildikdən sonra ermənilərin tərs damarı qırılır. Hədə-qorxuları işə keçmir. Ona görə yavaş-yavaş bu istiqamətdən də geri çəkilməyə başlayırlar.
Hər qarışı dağ möcüzəsi ilə adamı heyran edən ulu Kəlbəcərdə axşamlar ay çox gec üzə çıxır. Bəzən günlərlə aya həsrət qalırıq. Döyüşlər axşama yaxın səngiyəndə rabitəçilər işıq gözünə döyüş tapşırıqlarını yerinə yetirməyə tələsirlər. Yoxsa şər qarışanda uca dağların zülmət çökən yamacları, daş qucağı adamı vahimələndirir. Döyüşçü İlqar Əhmədov düşməndən qənimət kimi götürülən rabitə xəttini yığıb qurtardıqdan sonra boş qalmış düşmən səngərinə girir, lazımi məxfi sənədlər əldə etmək marağı ilə axtarış aparır. O, yenicə tapdığı kağızı mənə göstərərək deyir:
- Cənab kapitan, bu sənədi qəzetdə dərc etməyə dəyər. Düşmənin məhv edilmiş bir taqımının üzvlərinin siyahısıdır. Siz allah, bir diqqət yetirin, Aralarında bir nəfər də olsun Qarabağ ermənisi yoxdur.
Siyahını nəzərdən keçirirəm. Birinci sırada taqım komandirinin müavini, kiçik serjant Saqatelyan Aram Aqvardoviçin adı yazılıb. 1992-ci ilin fevralından torpağımıza soxulub vuruşur. Erebuni yaşayış massivindəndir. Ailəsi Avanesov küçəsindəki 2 nömrəli binanın 34-cü mənzilində yaşayır. Ay Aram, Yerevan hara, Kəlbəcər hara?! Sənin nə itin azmışdı burada? Hələ harasıdır, çox ağılsız aramların anası ağlar qalacaq!
Siyahıda 19 dığanın adı qeyd edilib. Yox, səhv etdim, biri erməni soyadı qəbul etsə də, milliyyətcə yezidi kürdüdür: Tamoyan Zado Sutoyeviç. Görünür, dığaların yalı ilə kişi olub bu Zado! Amma onu bilmirmiş ki, özündən başqa heç kimi gözü götürməyən millətçi daşnak tör-töküntüləri nəinki onun özünün, hətta qan qardaşlarının da başını haçansa yeyəcəklər. Necə ki, Zadonun cəmdəyi indi quşlara yem olub.
Gəbərmiş dığaların 7-si Armavir, 1-i Abovyan, qalanı isə Yerevan şəhərinin mərkəzindən və digər yaşayış massivindəndir. İndi gəl Ermənistan rəhbərlərini dinlə. Deyəcəklər ki, Azərbaycan torpağında biz yox, Qarabağ erməniləri döyüşürlər.
Uğurlu savaşımız davam edir...