hemle

Elxan Zalın “Anıt məzar dastanı” - hemlemedia.az

Tarix:15-12-2016, 20:31
Baxış Sayı:1 098

Elxan Zal Qaraxanlının “Anıt məzar dastanı” poeması nəzm və nəsrin qarşılıqlı əlaqəsi formasında yazılmışdır. Poemanın əsas qəhrəmanı Heydər Əliyev olsa da, müəllif bu tarixi şəxsiyyətin obrazı kontekstində dövlət və dövlətçilik, millət və millətçilik prinsiplərini poeziyaya gətirmişdir. Poema yurdumuzun tarixən şahid olduğu hadisələrə nəzər salmaqla başlanır. “Burda Keyxosrovun kəsilmiş başı, Tuluğun içində al qan içibdir” misraları ilə Tomris dönəmindən üzü bəri dövlətçilik tariximizə qısa nəzər salınır. Əsərin əvvəlindən bu torpaqda böyümüş türk qadınlarının şücaəti xatırladılır. İnsan başından qüllələr yapdıran Feyləqus oğlu İskəndərə Bərdə qızı şanlı Nüşabənin qadın qeyrətini göstərərək onu heyrətə gətirməsi şairin türk qadınının şərəfli keçmişinə ehtiramıdır. “Oquzun mübarək bahadırları, Qobuzla yaydılar ulu islamı” sətirləri ilə şair həm də qobuzunu çalan Dədə Qorquddan, Leylayla Məcnun, Xosrovla Şirin hekayətini qələmə alan Nizami Gəncəvidən söz açır. Mənəvi təkamülə gətirib çıxaran bu gerçəkliklərin səbəbini həmin dövrdəki türk dövlətlərinin qüdrəti ilə əlaqələndirir. Bunlarla yanaşı, türkün tarixi simalarından Çingiz xan, Nəsrəddin Tusi yad olunur. Qara qoyunlu, Ağ qoyunlu, qızılbaşlar kimi dövlətçilik ənənələrini misal çəkir. Bu dövlətlər “zülmətə bürünmüş orta çağları” işıqlı gələcəyə aparan əsas siyasi mərkəzlər kimi təqdim edilir. “Didilib-dağılmış bu torpaqları, Bir bayraq altında yığdı İsmayıl” deyərək əsərin əvvəlində İsmayıl şahın milli görəvini məqsədyönlü şəkildə nümayiş etdirir. Çünki əsər boyu Şah İsmayılla bağlı epizodlara bir neçə dəfə rast gəlirik. Onun qurduğu imperiyanı sonralar ruslar fürsəti əldən verməyərək çökdürməyə can atdılar. Nəticə isə çox acınacaqlı oldu ki, “Qəflət mürgüsündə dəm alanda biz, Bakıdan aralı salındı Təbriz”. Bu klassik tarixi və itirilmiş qüdrəti yada salmaqda müəllifin məqsədi keçmiş ilə indinin arasında məntiqli bir körpü yaratmadır. Şah İslmayıldan sonra yenidən dirçəlişi müşkilə çevrilən bir məmləkətdə “Xalqın gözlədiyi heydərdi-gəldi”. Maraqlı cəhət odur ki, şair nəzmlə verilən həmin girişdə sözlərin əksəriyyətini qədim türkcədə yazıb.
Nəzmlə verilən girişdən sonra “Bu ulu məzara əyil, Tanrını tanı, atanı bil, Anıt məzara gəl” başlıqlı fəsil gəlir. “Anıt Məzarda” başlıqlı bölümdə şair fikirlərini həm nəsrlə, həm də nəzmlə bölüşür. Belə təsvir olunur ki, bir fevral səhərində şair dostu Natiq Namazovla əski türk üslubunda bir məzarın önündədir. Bu təsvir son dərəcə səlis nəsr dili ilə qələmə alınıb. Həmin məzar qədim türklərin xaqanların üstündə yapdıqları kurqanları xatırladır. Şair bu məzarın sahibi üçün istəyini dilə gətirir: “O Azərbaycan adlı bir abidə qurdu, mən ona könüllərdə abidə qurmaq istəyirəm”. Həm də Heydər Əliyevin özəl cəhətini özünəməxsus düşüncə ilə ifadə edir: “Dünyanın yarısına hökm edən bir imperiya onun iradəsi ilə hesablaşırdı və biz də buna görə, onunla fəxr edirdik- böyük bir imperiyanın hesablaşdığı Azərbaycan oğluyla”. Müəllif Heydər Əliyevin Azərbaycanı tanıtma üsulu kimi xalqımızın dahi söz adamlarını dünyada tanıtmaq yolunu seçməsini xüsusi rəğbət hissi ilə qeyd edir. Çünki o, bununla öz ölkəsini müstəqilliyə hazırlayırdı. Şair Heydər Əliyevin Moskvada çıxan “Qoy ədalət zəfər çalsın” başlıqlı müsahibəsini bütün Sovetlər Birliyinin müzakirə etdiyini də bilərəkdən poemaya əlavə edir. Səbəbi odur ki, “Axı o, on yeddi imperiya qurmuş fatehlər nəslindən idi. Onun rəhbərlik etdiyi ölkə imperiyanın bir hissəsi olsa da, imperiya özü onun babalarının qurduğu səltənətin davamı idi”. Göründüyü kimi, poemada müəllifin əsas məqsədlərindən biri də mənsub olduğu millətin şanlı tarixini sərgiləməkdir. Şair bir məsələyə xüsusilə önəm verərək, diqqətə çatdırmaq niyyətindədir ki, “O, böyük bir imperiyanın başında dura bilərdi, o, dünyanın yarısına hökm edə bilərdi… Amma öz Azərbaycanının xilaskarı oldu”. Bu səbəbdən də onun Stalin kimi “xalqlar atası” yox, öz xalqının atası olduğu önə çəkilir. Poemada nəsr hissələri üstünlük təşkil etsə də, əsərin məğzi şeir parçalarında açılır. Bu şeirlərin birmənalı olaraq hədəfi milli özünütəqdimdir. “Türk oğlu boyun əyməz. Adsız məzarları uyudan kişilər hələ varsa, el matəm libası geyməz” tipli misralar buna sübutdur. Həmin şeir parçasında türkün boz qurd gələnəyindən tutmuş, müasir dünya düzənində oynadığı rola qədər hamısı obrazlaşdırılır.
Əsərin nəsrlə yazılan hissəsində müəlliflə yanaşı digər bir ziyarətçinin də adı çəkilir. Natiq adlı bu obrazı şair qısaca belə xarakterizə edir. “Sadəcə bilir ki, örnəyi olmayan xalq siyasət cəngəlliyində qurda-quşa yem olur...” Poemanın əsas məziyyəti ondan ibarətdir ki, yazar əsərin qəhrəmanının timsalında türkün cahangirlik tarixini sərgiləyə bilmişdir. Heydər Əliyevi qırx altı ilə yüz minlik çin ordusunun qarşısına çıxan Kürşadla müqayisə edərək, onun Gəncə qiyamçılarının qarşısına tək çıxmağını həmin sərkərdəyə bənzədir.
Əsərdə qeyd edilir ki, bütün millətlərin tarixində qurucu atalar olur. Şair qəhrəmanını rusların Pyotru, amerikalıların Vaşinqtonu, Türkiyənin Fatehi və Atatürkü ilə müqayisə edir. Azərbaycanın da qurucu atası olmaq missiyası Heydər Əliyevin üzərinə düşdüyü vurğulanır. O da Şah İsmayıl kimi dayanıqlı dövlət qura bildi. Bu səbəbdən də şair məzar önündə düşünür ki, onun cismi sevdiyi məmləkətdə uyusa da, ruhu Tanrıdağda “Ulular uçmağında”, qırx pirin arasındadır. Ona görə də, rəhbərin dəfn günü on minlərlə ümidsizlik hisslərinə bürünmüş insan seli “Fəxri xiyabana” doğru axırdı. Səbəbi də belə göstərilir ki, o, hələ sovetlər dönəmindən ölkəsində müstəqilliyin təməlini yaradırdı. Bunu sübut edən amillərdən biri kimi Azərbaycan dövlətçiliyinin simvolu olan İsmayıl şaha heykəl qoydurması və Bakı rayonlarından birinə onun adının verilməsini qeyd edir.
Poemanın gedişində şair yenidən Şah İsmayılla bağlı fikirlərinə dönür. Bu dəfə onun milli dövlətçilik şüarının mahiyyətindən söz açır. “Qızılbaşlıq duyğusu bizim içimizdədir, qızılbaşlıq bizim genetik kodumuzdadır. Qızılbaşlıq türkün İslam sevdasıdır, qızılbaşlıq Azərbaycan duyğusudur”- yazaraq İsmayıl şahın inandığı gerçəkliyin onun milli ruhundan qidalandığını nəzərə çatdırır. Şair qızılbaşların tarixinə və mahiyyətinə də diqqəti yönəldir, habelə Heydər adının həm də Şah İsmayılın atasının adı olmasını yada salır. Bununla yanaşı, səfəvilərin tarixində islamın həlledici rolu haqqında da mülahizələrini yürürdür. Hətta Şah İsmayılı peyğəmbər nəslindən olan biri kimi qələmə verir. Belə bir mübaliğə onun milli kimliyi barədə suallar yarada bilər. Azərbaycan ideyasının onun adıyla tarixdə təşəkkül tapdığı qeyd olunur. O, ilk mərkəzləşmiş türk Azərbaycan dövləti yaratmağı qarşısına məqsəd qoyur. “Türküstandan gələn türk-İslam missionerləri əski türk inanclarını Əli kultuna sintez edə bilmişdilər və İslamın bu şəkildə izahı sadə türk insanına daha yaxın idi” kimi misallar bunu deməyə əsas verir.
E.Z.Qaraxanlı poemada Əhməd Yəsəvinin və Hacı Bektaşın təlimlərinin mahiyyətindən də bəhs edir. Hətta türklük barədə özünəməxsus izahlar da verir: “...Amma kəndlərdə və çöldə yaşayan köçəri türk əhalisi fars dilini anlamırdı. Buna görə şəhərlərdə yaşayanlar özlərini müsəlman, köçəri həyat sürənlər isə türk adlandırırdılar. Yəni türk məfhumu milli deyil, daha çox sosial mahiyyət daşıyırdı”. Bu, təbii ki, müəllifin şəxsi qənaətinin təzahürüdür. Poemada Səfəvilər dövlətinin qurulmasının və apardığı mübarizələrin də özünəməxsus izahları verilmişdir. “Səfəvi dövləti İranda Azərbaycan dövlətinin üçüncü mərhələsidir” sözləri ilə İran coğrafi məkanında yaranmış türk mənşəli dövlətlərin varlığına eyham vurur.
Əsərin quruluşu ilə bağlı maraqlı manevrlərdən biri dörd bəndlik altılıqdan sonra Böyük Sufinin Dedi-Dedilər formasında verilən dialoqudur. “İstədilər” rədifli beş bəndlik gəraylıdan sonra şair Azərbaycan ulusunda, Tovuz şəhərində doğulmağına belə məna verir. “Böyük bir məmur da ola bilərdim, amma şair oldum... Savaşı olamayan bir xalqın “Savaş ayələri”ni yazdım”. Lakin bu “savaşı olmayan” ifadəsi sual doğurur ki, necə ola bilər ki, bir xalqın milli genetikası türkdən törəmə olsun, amma onun savaşı olmasın. Təbii ki, olmayan savaşa da ayə yazmaq mümkün olmazdı. Hətta şair bu məqamda fürsətdən istifadə edib məmləkətimizdə onu qane etməyən çatışmazlıqlar barədə gileylənir. “İnsanın özünü azad etməsi üçün onun genetik kodunu azad etməsi lazmdır” qənaətini bölüşür. Müəyyən qədər din və dövlət barədə düşüncələrinə də yer ayırır: “Hərə allahı dərk etdiyi şəkildə, ona uyğun dövlət və cəmiyyət yaradır” tipli mülahizələrini də irəli sürür.
Poemada əsas diqqət türkün tarixinə və bu tarixin düzgün araşdırılmasına yönəldilib. Şair “Şumernamə”si ilə Altay nəzəriyyəsinin tərəfdarlarını çaşbaş qoyan Oljas Suleymenovun Aralıq dənizi hövzəsində yaşayan xalqların dillərindəki türk komponentlərini müəyyən etməsini xüsusilə vurğulayır. Yəni Aralıq dənizi hövzəsi türklərin ana vətənləri olmuşdur, Altaydan köç edib ora gələnləri genetik yaddaş geri qaytarır. Ən önəmlisi də odur ki, şair türklərin Azərbaycan və qonşu ərazilərə sonradan köçərək gəldiklərini yox, yerli xalq olduğunu əsaslandıra bilir.
“Tarixə döndükcə altun saraylar, Çadırlar içində tarix doğuldu” kimi misraları olan beş bəndlik dördlükdən sonra mövzu türkün qədim tarixindən Azərbaycanın ən yeni tarixinə yönəlir. Söz Qanlı 20 Yanvardan salınır. Onun baş vermə səbəbləri və nəticələri şərh edilir. Qarbaçovun Heydər Əliyevi Siyasi Bürodan məqsədli şəkildə uzaqlaşdırması bildirilir. SSRİ-də türk-müsəlman faktorunu azaltmaq üçün Qarbaçov bunları bilərəkdən edirdi: “Bəlkə də, o qanlı yanvar gecəsi Bakı küçələrində törədilən vəhşilik Qarbaçovun Heydər Əliyevə olan nifrətindən qaynaqlanırdı, onun xalqını qırmaqla ona göz dağı vermək istəyirdi. Bu adi nifrət deyildi, bu liliputun Qulliverə olan nifrətiydi” kimi şərhlərlə faciəyə öz baxış bucağını nünayiş etdirir. O dönəmlər həmin qırğına qarşı susan Türkiyə prezidentindən fərqli olaraq Heydər Əliyevin “bir millət, iki dövlət” konsepsiyasını irəli sürdüyü alqışlanır. Azərbaycan olmayan yerdə türk birliyi də ola bilməz həqiqətini təsdiqləyir. Bu iki türk dövlətinin uzunmüddətli müttəfiqlərə çevrilməsinin səbəbkarının da Heydər Əliyev olduğu söylənilir. Bu birlik müharibə vaxtı dərk edilməsi vacib olan ən mühüm məsələlərdən idi. “Qarabağ savaşında bizim nizami ordumuz olmasa da, arslanürək igidlərimiz vardı və onlar bu məmləkəti daha böyük itkilərdən qorudular...” sözləri ilə yazar həmin müharibənin gerçəkliklərinə də nəzər yetirir. Vurğulanır ki, xalqımız bu günə bütöv halda gəlib çıxmasına görə “adsız məzarlara” borcludur. Bu əhvalatlar “Qoy bizə heç kimin yazığı gəlməsin” rədif misralı dörd bəndlik beşliklə tamamlanır...
Şair türkün varlığı ilə bağlı daha vacib məsələlərə toxunur. Adətən tarixdə döyüşkənlikləri ilə ad çıxaran türklərin 1893-cü ildə V.Tomsen tərəfindən tapılan yazılı abidələri həm də onların sivil mədəniyyətə sahib olduqlarını sübut etdiyini qeyd edir. “Bu əlifbanın oxunduğu gün türk etnosunun tarixinə baxış bucağı dəyişdi”- kimi faktlarla qərbin şərqə yenidən göz gəzdirməsini etiraf edir. Ona görə də, yazar təklif edir ki, dekabrın 15-nə təsadüf edən bu günü bütün türk xalqlarının əlifba bayramı hesab etmək lazımdır. “Biz yüz illər boyu yabançı təbliğatın təsiri altında əksiklik kompleksi ilə yaşamışıq, hətta siyasi hegemon olanda belə, mənən özümüzü başqalarının vassalı etmişik” kimi etiraflar, gələcəkdə eyni tipli səhvlərə yol verməmək üçün diqqətə çatdırılır. Bütün bunlara rəğmən türk milli özünəqayıdışı əsas amildir. Bugünki dünyanın bütün güclü ölkələri öz milli köklərinə dönüş edərək inkişafa nail olmuşlar. Türkün də gələcək taleyi bundan asılıdır. Əgər əzəmətli keçmişi olmayan bir sıra avropa ölkələri yoxdan var etməyi bacarıbsa, onda gərək türkanə keçmişi olan türk dövlətləri daha da irəli getsinlər. Şair inanır ki, Yeseninin “türk gözəli” kimi vəsf etdiyi Bakı Türkiyə ilə Türküstan arasında daim körpü olacaq. Bakı müstəqil bir dövlətin paytaxtı olmaq üçün 20 Yanvar kimi tarixi imtahandan keçmişdir. Buna görə də müəllif yazır ki, “Hürrü almaq qəliz işdir, hürr yaşamaq ondan qəliz”.
Əsərin sonlarına yaxın müəllif Heydər Əliyevi Atatürklə əvəz edir. Necə ki, Atatürk birinci dünya müharibəsindən sonra Anadoludakı min illik hakimiyyətlərinə son qoyulmaq təhlükəsi olan türklərə bir ər kimi göndərildi, eləcə də əsrin sonlarında Heydər Əliyev azərbaycanlılara bir ər kimi göndərildi. Atatürk imperatorluğu xilas edə bilməsə də, Türkiyəni və türklüyü xilas edə bilmişdi. Heydər Əliyev də dövlət quruculuğunda onun qoyduğu irsdən bəhrələndi. Türkün şanlı tarixini və hökmdarlarının həyatını dərindən bilən və bunu həmişə təbliğ edən Oljas Suleymenovun da Heydər Əliyevi o sərkərdələrin davamçısı hesab etdiyi yada salınır.
Müəllif müstəqilliyin ilk illərində verdiyimiz qurbanların səbəbini də Heydər Əliyevin həmin dövrlər hakimiyyətdən uzaqda olmasında görür. O milləti inandırdı ki, siyasi məharət hərbi məharətdən daha da səmərəli ola bilər. Əsərin sonlarına yaxın şair türk gəncliyini öz milli kimliyini dərk etmək üçün anıt məzarı ziyarətə səsləyir.

Gülnar Səma

Digər xəbərlər
20:58 İnsan bu yaşa çatanda ehtiyatlı olmalıdır
20:50 COP29-da mühüm razılıq əldə olundu
20:48 İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
20:47 Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam
20:47 Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
20:39 Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılır?
20:38 Avropa yeni böhranla üz-üzədir: qarşısı alınmasa...
20:35 Taxta qaşıqlar görün hansı xətəliklərə yol açırmış