Fitnes məşqçisi Kamil Zeynallının sosial şəbəkələrdə paylaşdığı videolar çox müzakirə olunur.
İmkansız ailələrə, qoca və əlillərə maddi yardım edən idmançının bunu sosial şəbəkələrdə paylaşması birmənalı qarşılanmır. Bu günlərdə instaqram səhifəsində jurnalist Türkan Məmmədli Kamil Zeynallıdan online müsahibə alıb.
Sfera.az xəbər verir ki, idmançı yaşadığı çətin günlərdən danışıb. Qeyd edib ki, bir vaxtlar hamamı, ayaqyolusu olmayan daxmada yaşayıb, geyməyə paltarı belə olmayıb, indi yardım etdiyi insanlardan da yoxsul vəziyyətdə yaşayıb, utana-utana qonşuların ayaqyolundan, hamamından istifadə edib, başqalarının paltarlarını geyib, fitrələrlə dolanıb, anası ilə birgə kimlərinsə xidmətində durub.
Amma bu gün yaşanan o ağır, məşəqqətli günlərə görə Tanrıya şükr etdiyini bildirib, bu gün o məşəqqətli günlərin borcunu qaytardığını söyləyib.
Bu gün yardım apardığı yoxsul, şəraitsiz evlərə baxanda, öz şəraitsiz daxmalarını xatırladığını söyləyən Kamil Zeynallı danışıb ki, uşaqlıq illərində o zaman ermənilərin yaşadığı evlərdən birinin quş damında yaşayırmışlar.
"Anamla ümumi həyətdə yaşamışıq. Evimizin divarları deşik-deşik idi. Əslində ev də deyildi. Ermənilərin göyərçinlər saxladığı quş damı idi. O damı anamla bəzəyib evə oxşatmışdıq. Dəlmə-deşikləri kartonla bağlamışdıq, pəncərə yerinə salafan vurmuşduq. Evin çölü dəmiriçərisi taxta idi. Qışda dəmir soyuyuduğundan evimiz buzlayırdı,soyuqdan donurduq, qızdırıcı da kömək etmirdi, yayda isə dəmir qızırdı, evdə bürküdən otura bilmirdik.
O günləri görmüşəm deyə, bu gün yoxsul insanların nə çəkdiyini yaxşı bilirəm. Buna görə imkanlı şəxslərə səslənib onlardan imkansız soydaşlarımıza yardım etmələrini xahiş edirəm.”
Kamil Zeynallı onu yaltaqlıqda, özünü reklam etməkdə suçlayanlara cavab olaraq bildirib ki, həyatda qazandığı bütün nailiyyətlərə öz zəhməti, bacarığı sayəsində çatıb. Odur ki, kiməsə yaltaqlanmağaehtiyacı yoxdur. Amma bu gün Kamil Zeynallı kimi tanındığına, rahat, firavan yaşadığına görə dövlətə borclu olduğunu dərk etdiyindən, bacardığı qədər dövlətə dəstək olmağa, az da olsa, borcündan çıxmağa çalışır.
Sözügedən müsahibədə Kamil Zeynallı azərbaycanlı hacılara da səslənib: "Üzümü hacılara tuturam. Hər il Azərbaycandan 1000 nəfər Həcc ziyarətinə yola düşür. Bu il məlum səbəbdən gedə bilmədilər. Adambaşına 6 min dollar ödəyirdilər, 1000 nəfərin ziyarət pulu 7 milyon dollar edir, bu pulla Azərbaycandakı bütün kasıbların qarnını doyurmaq olar. Əgər hər bir hacı xeyriyyə işləri üçün müəyyən bir məbləğ ayırsa, ölkədə kasıb qalmaz, bütün problemlər həll olunar.
Pandemiya əbədi davam etməyəcək ki. Müvəqqəti çətinlikdir. Uzağı iki ay çəkə bilər. Həcc ziyarətinə gedib savab qazanmaq istəmirdin? Burda kasıba yardım et, daha böyük savab sahibi ol da. 10 ailənin, 100 ailənin duası 100 dəfə Həccə gedib gəlməkdən də artıqdır.
Həccə gedə bilməyən dostlar! Nə olar, o pulla kasıblara yardım edin. Mən Allahımı, peyğəmbərimi, dinimi sevən insanam, amma bilirəm ki, ziyarət adı ilə biznes edirlər, milyonlar qazanırlar, orda bir ətək pul xərcləyirsiniz. Orda şeytana atdığınız daşı götürüb təkrar digər zəvvarlara satırlar, şeytanın hesabına pul qazanırlar. Mən dinimə qarşı çıxmaram. Sadəcə deyirəm ki, ay ziyarətə gedə bilməyən hacılar ziyarət üçün ayırdığınız pulu bir yerə qoyub Qafqaz Müsəlmanları İdarəsinə bağışlayın, ordan da həmin pul ölkədəki yoxsullara paylansın. İstəyirsiz, bizimlə əlaqə saxlayın, biz sizin pulunuzla imkansızlara yardım edək.”
Müsahibəni canlı yayımda izləyən insanların böyük əksəriyyəti Kamil Zeynallını dəstəkləyib, ona can sağlığı və uğurlar diləyib.
Selcan
Sfera.az