hemle

Niyə xarici vətəndaşlar Azərbaycandakı daşınmaz əmlaklara maraq göstərmirlər?

Tarix:16-04-2020, 13:43
Baxış Sayı:542

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev yazır…

Demək olar ki, qeyri-neft sektorları arasında daşınmaz əmlak və tikinti sektoru ölkə iqtisadiyyatına ən çox gəlir gətirən sahələrindən biridir. 2000-ci ildən etibarən istər yeni tikili binaların inşası, istərsə də fərdi həyət evlərinə olan təlabat baxımından bu sahə çox böyük sürətlə inkişaf edib. Bu gün demək olar ki, ölkənin üç böyük şəhərləri Bakı, Xırdalan və Sumqayıt və xeyli qəsəbələr biri-birlərinə birləşmiş vəziyyətdədir. Bu hal sözügedən sahənin hansı sürətlə inkişaf etdiyinin bariz nümunəsidir. Paytaxt Bakının hündür bir hissəsindən şəhərə baxanda göydələnlərin günü-gündən necə artdığının şahidi oluruq. Bu sahəyə bu qədər diqqət və marağın artmasına səbəb nə oldu?

1. Azərbaycan xalqının daşınmaz əmlaka, yurd-yuvaya olan bağlılığı və hər kəsin ən azı «öz şəxsi evi olmalıdır» anlayışı.

2. Daşınmaz əmlak sahəsi ən etibarlı yatırımdır. Əmlakı kirayə verirsən və istədiyin zaman sata bilirsən. Hətta üzərindən artıq pulda qazana bilirsən.

3. Vətəndaş artıq pulunu evdə saxlamağa qorxur və banklara etibar etmir. Çünki dəfələrlə müşahidə olunub ki, banklar iflasa uğradığı zaman vətəndaşların əmanətlərinin geri qaytarılmasında ciddi problemlər yaşanıb. O baxımdan ən etibarlı yatırım əmlakdır.

4. Daşınmaz əmlak sahəsinin həmçinin çirkli pulların yuyulmasında müstəsna rolu var. Müqavilə yolu ilə mənzil alırsan və ödədiyin məbləğ rəsmi olaraq, heç bir yerdə qeydiyyatdan keçmir. Əmlaka çıxarış aldıqdan sonra satırsan və bütün pulların rəsmiləşir. İstənilən idarəyə, həmçinin ölkədən pul çıxarılarkən alqı-satqı müqaviləsini göstərərək rahat şəkildə pulunu çıxara bilirsən. Hecçkim pulun keçmişi haqda və necə qazandığın barədə sual vermir.

Əslində daşınmaz əmlak sahəsinə olan maraqları sadalamaqla bitirmək olmaz. Bəs nəyə görə xarici vətəndaşlar ölkəmizdəki bu sahəyə maraq göstərmirlər? Axı bizim vətəndaşlar son illər ərzində Türkiyə, Rusiya və Avropa ölkələrindəki əmlaklara yüz milyonlarla dollarlıq yatırımlar ediblər.



Ölkə vətəndaşlarının xarici ölkələrdə əmlak almalarına səbəb nədir?

Hər iki sualın bir cavabı var. Ölkəmizdə mülkiyyət hüquqları tam qorunmur. Ən azından təkcə Bakı və Abşeronda beş yüz mindən çox çıxarışsız fərdi həyət evləri var. Yeni tikili binalarda minlərlə mənzillər uzun illər öncə tikilib istifadəyə verilməsinə baxmayaraq, hələ də çıxarışla təmin olunmayıb. Axı vətəndaş ən kiçik bir fərdi həyət evini tikən zaman ən azı 3-5 səlahiyyətli nümayəndələr gəlib tikintidən hali olurlar… Üstəlik yeni tikili binaların tikintisinə başlamaq üçün ən azı 20-dən çox rəsmi qurumlardan rəsmi icazələr alınır. Bu problemlə bağlı dəfələrlə müəyyən addımlar atılsa da, hələ də problem olaraq qalmaqdadır. Bu gün paytaxt Bakıda mənzilləri olan yüzlərlə rayon qeydiyyatında olan sakinlər var ki, onların öz şəxsi mülklərinə qeydiyyata düşə bilməməsi səbəbindən karantin tətbiqi ilə əlaqədar olaraq öz evlərinə geri dönə bilmirlər.

Ölkəmizdə turizm sahəsi inkişaf etdikcə xarici ölkələrdən, xüsusən də Şərq ölkələrindən gələn turistlər ölkəmizə ciddi maraq göstərməyə başladılar. Daşınmaz əmlak bazarından apardığım araşdırmalar onu göstərdi ki, ötən illərdə xüsusən Şərq ölkələrindən gələn imkanlı şəxslər paytaxtın ən bahalı ərazilərindən mülklər almağa maraq göstəriblər. Lakin həm əksər yeni tikili binaların çıxarışının olmaması, həm xarici vətəndaşların ölkəmizdə torpaq sahəsi əldə etmə qadağasına görə, həm də həmin xarici vətəndaşların öz araşdırmaları bu sahəyə ciddi yatırımlar etmənin təhlükəli olduğunu göstərdiy üçün onların böyük əksəriyyəti yatırım üçün qonşu ölkələrə üz tutdular. Bəli, ölkəmizdəki bu sahəyə kənardan gələ biləcək yüz milyonlarla dollarlıq yatırımlar bəzi ciddi boşluqlar səbəbindən qonşu ölkələrə yatırılıb.

Bu gün əksər dünya ölkələri ilə yanaşı, Azərbaycan dövləti də koronovirus pandemiyasından iqtisadi cəhətdən zərər görən ölkələr siyahısındadır. Düşünürəm ki, karantin müddəti bitdikdən sonra bu sahənin inkişafı və bu sahədəki boşluqların aradan qaldızılması ilə bağlı ciddi addımlar atılmalıdır. Bu halda tikinti və əmlak sahəsi iqtisadiyyatın ayaqda durmasına böyük təkan verə bilər.

Onuda qeyd edim ki, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən 400-ə qədər yeni tikili çoxmənzilli yaşayış binasına çıxarışların verilməsi ilə bağlı tapşırıq var. Həmin tapşırığa əsasən, yüzlərlə yeni tikili çoxmənzilli binaların sakinlərinə çıxarışlar təqdim olundu. Bu tapşırıqların mütəmadi verilməsi əmlak sahəsinin inkişafına ciddi şəkildə öz müsbət təsirini göstərəcək.

Millitribuna.az

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı