Onlayn satış portallarında saxta və standartlara cavab verməyən tibbi vasitələr və dərmanların elanları artmaqdadır. Təkliflər əsasən, birdəfəlik cərrahi maskalar, əl dezinfeksiyaediciləri, “koronavirusun qarşısının alınması və ya müalicəsi” adı ilə virus və malyariya əleyhinə (antiviral, antimalyariya) dərmanlar, peyvəndlər və COVID-19 test dəstləridir.
Bu barədə Oxu.Az-a açıqlamasında İNTERPOL-un İnsan alverinə qarşı mübarizə üzrə Ekspert Qrupunun üzvü, Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı İlkin Qurbanov deyib.
- Dələduzlar əsasən, hansı sahələrdə fəallaşıblar?
- İnsanların özünütəcridetmə, karantin rejimi qaydaları ilə yaşaması dünyada cinayətkarların fasiləsiz şəkildə gəlirlərini artırmasına, bu məqsədlə yeni yollar axtarmasına əngəl ola bilmir. COVID-19 infeksiyasının dünyanın 200-dən artıq ölkəsində yayılması, bununla əlaqədar pandemiyanın elan edilməsi həmin virusa yoluxma riskinin hələ yüksək olmasını göstərir. Buna görə də, hər yerdə insanlar özləri və ailələrinin təhlükəsizliyini, sağlamlığını qorumaq əzmindədir.
Lakin cinayətkar ünsürlər insanların qorxu, həyəcan və xüsusən də, qərarsızlığı kimi həssas vəziyyətindən sui-istifadə edərək, dələduzluq əməllərinin əhatəsini genişləndirə bilirlər. Bütün bu məqamları diqqətdə saxlamaqla özümüzü, yaxın çevrəmizi qorumaq üçün saxta ola biləcək tibbi vasitələr, dərmanlar, guya səhiyyə qurumundan edilən zənglər, elanlarla bağlı dələduzluq, eləcə də kibercinayətkarlıq halları və müdafiə olunmaq üçün təhlükəsizlik qaydaları barədə məlumatlı olmalıyıq.
İNTERPOL-un Baş Katibliyinin pandemiya ilə bağlı yaydığı məlumatlarda qeyd olunur ki, xüsusilə onlayn satış portallarında saxta və standartlara cavab verməyən tibbi vasitələr və dərmanların elanları artmaqdadır. Təklif olunan əsasən, birdəfəlik cərrahi maskalar, əl dezinfeksiyaediciləri, “koronavirusun qarşısının alınması və ya müalicəsi” adı ilə virus və malyariya əleyhinə (antiviral, antimalyariya) dərmanlar, peyvəndlər və COVID-19 test dəstləridir.
Səhhəti yaxşılaşdırmaq əvəzinə, saxta tibbi vasitələr və dərmanların vəziyyəti ağırlaşdıra biləcəyini hər zaman diqqətdə saxlamaqla, onları yalnız qanuni və rəsmi mənbədən əldə etmək lazımdır.
Dünya təcrübəsində saxta tibbi vasitə və ya dərmanların bəzilərində civə, arsen, siçan zəhəri və ya sement olduğu aşkar edilib. Bundan başqa, ola bilər ki, tibbi məhsul orijinaldır, lakin oğurluq mal olduğu üçün müvafiq şərtlərə uyğun saxlanılmayıb və ya istifadə müddəti bitib.
İNTERPOL-un məlumatlarına əsasən, COVID-19-la əlaqədar qeyd olunan tibbi məhsullardan başqa onkoloji, malyariya, HIV və digər ciddi xəstəliklər, cinsi fəaliyyət, çəki azaltma, kontakt linza, prezervativ, cərrahi alətlər, əlil arabaları, şprislər, radioterapiya ilə bağlı tibbi vasitələr (avadanlıqlar) və dərmanlar daha çox saxtalaşdırılan və ya standartlara cavab verməyən tibbi məmulatların siyahısında yer alır.
Saxta tibbi vasitə və ya dərmanların tərkibindən fərqli olaraq, onların örtüyü, qablaşdırılması yüksək standartlara cavab verə bilər, orijinal malla eyniliyi tam da ola bilər, bəzi hallarda yalnız laboratoriya təhlili və ekspertizalarla onların fərqliliyi müəyyən edilə bilir.
- Belə saxta malları necə müəyyən edə bilərik?
- Dünya təcrübəsində qəbul edilən aşağıdakı tələblər üzrə tibbi vasitə və ya dərmanların satın alınması zamanı diqqətli olmaqda fayda var:
- mənşəyi: Naməlum internet səhifəsi və ya mənbədən deyil, yalnız lisenziyalı (etibarlı sertifikatı olan) təminatçıdan satın almaq, əmin olmadıqda təminatçının qanuniliyini müvafiq səhiyyə qurumu vasitəsilə yoxlamaq, internet resursları vasitəsilə onun həqiqiliyini, yəni adının, veb-saytının, elektron poçtunun dəqiq və ya oxşar olması, fəaliyyətini, barəsində olan müştəri rəylərini, ödənişin ediləcəyi yerin satan tərəfin olduğu yer olmasını dəqiqləşdirmək.
- resept: Həkimin təyin etdiyini satın almaq və onlayn alış zamanı satan tərəfin həkimin reseptini tələb etmə şərtinin olmasını nəzərə almaq, əsla portalın sorğusu nəticəsində və ya əczaçı ilə əlaqələndirmədən təyinatı üzrə satın almamaq.
- vəd: Apteklərin vədlərindən, xüsusən ciddi xəstəliklərin “hər növünü sağaldır”, “pulun qaytarılması zəmanəti var”, “heç bir riski yoxdur”, “məhdud saydadır” ifadələri ilə satışa təqdim edilən mallardan ehtiyatlı olmaq.
- gizlilik: Təhlükəsiz onlayn ödəniş sisteminin olmasına əminlik yaratmayan internet səhifəsində (portalında) maliyyə xarakterli şəxsi məlumatları əsla daxil etməmək, belə hallarda yalnız tibbi məlumatları mübadilə etmək (saxta ticarət, həm də kredit kartı vəsaitlərinin talanması üzrə kriminal fəaliyyətlə əlaqəli olduğu üçün).
- məhsulun özü və qiyməti: Analoji digər mallarla müqayisə edilməlidir, əgər aşağıdakı əlamətlər varsa, saxtadır:
1. kəskin ucuzdur, tərkib elementləri zəruri ölçüdə deyil (ya çox az, ya lap çox, ya da heç olmur);
2. düzgün etiketli və ya ümumiyyətlə, etiketli deyil, istifadə müddəti bitib və ya göstərilməyib;
3. saxlanma qaydaları (şərtləri) barədə məlumat yoxdur və ya qeyd olunan digər məlumatlarda qrammatik, orfoqrafik səhvlər var.
4. qablaşdırılması səliqəli, tam deyil və ya müdaxilə edilmiş görünür.
Qeyd olunmalıdır ki, karantin rejimi qaydalarına uyğun insanların yalnız evdə qalmaqla təhsil alması və ya əmək funksiyaları ilə məşğul olması tələb olunduğu üçün şəxsi və xidməti kibertəhlükəsizlik qaydalarına riayət etmə xüsusilə əhəmiyyət kəsb edir.
- Belə kiberhücumlardan necə müdafiə oluna bilərik?
- İNTERPOL-un məlumatlarına əsasən, hazırkı dövrdə koronavirusla əlaqədar hüquqi və fiziki şəxslərin mülkiyyətində olan kompüter şəbəkələri və sistemlərinin normal iş fəaliyyətinə, toxunulmazlığına (gizliliyinə) xələl gətirən kiberhücumların artması müşahidə olunur. Bunlar əsasən, saxta kampaniya elanları barədə internet səhifələri (malicious domains), yüklənə bilən proqramlar, tətbiqlər (malware) və cihazı bloketmə funksiyası olan (ransomware) texnoloji vasitələrdir.
Tövsiyə olunur: əhəmiyyətli faylları “back up” etmək və sistemdən kənar vasitələrdə (“cloud”, yaddaş qurğusunda) saxlamaq; istifadəçi adı və digər həssas məlumatları daxil etməzdən əvvəl internet səhifəsinin legitim olduğunu nəzərdən keçirmək; son yenilənmiş antivirus proqramının kompüter və mobil cihaza yüklənməsini təmin etmək; “spam” təhdidləri əngəlləyən email təhlükəsizliyini təmin etmək; evlərdə müvafiq şəbəkənin (sistemin) xələl yetirilə biləcək həssas məqamlarını müəyyən etmək və təhlükəsizliyini gücləndirmək; giriş üçün sui-istifadə edilə biləcək kənar və köhnəlmiş komponentləri ləğv etmək; yalnız etibarlı platformalardan mobil və digər tətbiqləri yükləmək; mobil və kompüter cihazlarında mütəmadi “skan” yerinə yetirmək; sosial media hesablarında gizlilik qaydalarını mütəmadi yoxlamaq, şəxsi və gizli məlumatları əsla yerləşdirməmək, mürəkkəb (böyük, kiçik hərflər, rəqəmlər, simvollardan ibarət) keçid sözlərindən istifadə etmək və onları vaxtaşırı yeniləmək; şübhəli (naməlum göndərən, gözlənilməyən) elektron məktubların qoşma fayllarını, linklərini açmamaq, belə məktubları dərhal silmək; tibbi avadanlıqları təklif edən və ya tibbi yoxlamalar üçün şəxsi məlumatları istəyən məktublardan ehtiyat etmək (səlahiyyətli səhiyyə və ya tibbi qurumlar ictimaiyyətlə bu yolla əlaqə saxlamadığı üçün).
- Saxta telefon zəngləri barədə nə deyə bilərsiniz?
- Hazırkı dövrdə həm də yalan telefon zəngləri və ya elektron məktublar vasitəsilə maliyyə dələduzluğu dünyada geniş vüsət alan kriminal üsullardan biridir. Dələduzlar telefon zəngləri ilə özünü tibb müəssisəsinin işçisi olaraq təqdim edərək, şəxsin qohumunun, dostunun və ya etibar etdiyi insanın infeksiyaya yoluxduğunu bildirir və müalicəsi üçün onun əvəzindən pul xahiş edirlər. Eləcə də, oxşar adlar, veb-saytlar və elektron məktublardan istifadə etməklə yerli və ya qlobal səhiyyə qurumu kimi özlərini təqdim edib şəxsdən fərdi və ödəniş vasitəsi məlumatlarını göndərməsini (qoşma faylları, linkləri açmaqla) istəyirlər.
Bu kimi zənglər olduqda qətiyyən həyəcanlanmadan zəng edənin şəxsiyyətini ona yenidən zəng etmədən müəyyən etməyə çalışmaq, şəxsi və gizli olan məlumatları verməmək, heç bir ödəniş həyata keçirməmək, hətta özünü hakimiyyət nümayəndəsi və ya hüquq-mühafizə orqanı əməkdaşı olaraq təqdim etsə də, etibar etməmək şərtdir. Çünki bu əməkdaşlar heç vaxt ödəniş etməyi və ya gizli məlumatları ötürməyi tələb etmirlər.
Qeyd olunanlardan sonra əgər saxta tibbi vasitə və ya dərmanları istifadə etdiyinizi düşünürsünüzsə, belə malların satışına rast gəlmisinizsə, kiberhücuma, telefon və ya maliyyə dələduzluğuna məruz qaldığınızı hesab edirsinizsə, polis və səhiyyə orqanı ilə, həkimlə, zəruri hesab edildikdə isə malı aldığınız yerlə əlaqə saxlamağa və zəruri məlumatları təqdim etməyə çəkinməyin.
- Bütün dünyada elan olunan pandemiya ilə əlaqədar şiddətlənmiş transmilli cinayətlərin miqyasını əks etdirən rəqəmləri açıqlamağınızı xahiş edirəm.
- COVID-19-la əlaqədar pandemiyanın elan edilməsi ilə saxta tibbi vasitə, avadanlıq və dərmanların xüsusən onlayn satışı faktları ilə bağlı genişlənən cinayətkar əməllərin qarşısının alınması məqsədilə mart ayında 90 üzv ölkənin polis, digər hüquq-mühafizə və səhiyyə orqanlarının birgə iştirakı ilə İNTERPOL-un Baş Katibliyi tərəfindən “PANGEA” adı altında qlobal əməliyyat-istintaq tədbirləri təşkil edilib.
Bu tədbirlər 121 şəxsin həbs edilməsi ilə 37 mütəşəkkil cinayətkar qrupun zərərsizləşdirilməsi, dəyəri 14 milyon ABŞ dollarından artıq təxminən 4.4 milyon ədəd qeyd edilən növ saxta malın müsadirə edilməsi, 2500-dən artıq internet səhifəsi, sosial şəbəkə hesabı və digər internet resursunun ləğv edilməsi ilə nəticələnib.
Təkcə Avrasiya regionu üzrə COVID-19-la əlaqədar baş vermiş 30 transmilli dələduzluq halının araşdırılması nəticəsində 18 bank hesabının bloklanması ilə 730 min ABŞ dollarından artıq vəsaitin köçürülməsi istiqamətində şübhəli əməliyyatlar dondurulub.
Ramella İbrahimxəlilova
Bizimlə əlaqə saxlayın