"Teleqraf.com"dan götürülüb.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Sunna Evarsdottir, Sör Rocer Geyl və Stefan Şennak prezident İlham Əliyevin Novruz bayramı təbrikində səsləndirdiyi bəzi fikirləri tənqid ediblər. Həmməruzəçilər prezidentin çıxışını siyasi müxalifətə qarşı təqibləri davam etdirtmək üçün koronavirus pandemiyasından sui-istifadə cəhdi kimi qiymətləndiriblər.
Sözügedən təbrik nitqində koronavirusla bağlı görülən tədbirlərdən danışan İlham Əliyev müxalifəti “beşinci kolon” və “satqın” adlandırmışdı. Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli həmməruzəçilərin açıqlamalarını Azərbaycana qarşı qeyri-sağlam niyyətin göstəricisi adlandırıb.
“Azərbaycan müxalifətinin böyük əksəriyyəti, vətəndaş cəmiyyətinin nümayəndələri Prezidentin bu çıxışının tezislərinə tərəfdar çıxdıqlarını bildirdilər”, – deyə o “Report”a açıqlamasında qeyd edib.
“Fakt Yoxla” Əli Hüseynlinin bu iddiasının doğru olub-olmadığını yoxlayıb.
İlham Əliyev bayram təbrikində iqtidar-müxalifət münasibətləri kontekstində 2 tezis səsləndirib. Bunlardan biri iqtidarla müxalifət arasında dialoq təşəbbüsü ilə bağlı olub: “Biz hesab edirik ki, güclü ilk addımı atmalıdır, ilk təklifi verməlidir və belə demək mümkündürsə, yolunu azmışlara da yol göstərməlidir. Yəni, biz bunu etdik və şadam ki, siyasi spektrin mütləq əksəriyyəti bu təşəbbüsə müsbət reaksiya vermişdir, faktiki olaraq siyasi dialoq artıq başlamışdır. Əminəm ki, bunun nəticələri də xalqımız üçün və ölkəmizin gələcək inkişafı üçün müsbət olacaqdır".
Prezidentin digər tezisi “beşinci kalon” adlandırdığı kəsimin təcridi ilə bağlı olub. "O ki qaldı, bu dialoqdan imtina edən qruplaşmalara, onlar özləri bilərlər. Hər halda mən demişəm, bir daha demək istəyirəm, uduzan tərəf biz olmayacağıq və yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq. Azərbaycan təmizlənir, o cümlədən satqınlardan, xainlərdən, beşinci kolonun nümayəndələrindən təmizlənir və təmizlənməlidir”, – deyə İlham Əliyev qeyd edib.
azırda Azərbaycanda rəsmi olaraq qeydə alınmış 55 siyasi partiya var. Bu partiyaların böyük əksəriyyəti prezidentin çıxışına münasibət bildirməyib. Böyük Qurtuluş Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Azərbaycan Demokratik Partiyası kimi partiyalar isə sözügedən təbrikə münasibət bildirərkən prezidentin çıxışını dəstəklədiklərini bildiriblər. Parlamentdə də təmsil olunan bu partiyalar iqtidaryönümlü partiyalar hesab olunurlar. Belə ki, bu partiyalar Milli Məclisdə keçirilən səsvermələrdə hər zaman hökumətin təqdim etdiyi qanun layihələrininə səs veriblər, prezident seçkiləri zamanı İlham Əliyevin namizədliyini dəstəkləyiblər.
Bununla belə, mövcud iqtidara qarşı tənqidi mövqeləri ilə seçilən Müsavat Partiyası, ReAl Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə yanaşı bir sıra müstəqil şəxslərin təmsil olunduğu Milli Şura prezidentin çıxışına fərqli münasibət bildirib.
Müsavat Partiyasının başqanı Arif Hacılı prezidentin müxalifətlə bağlı fikirlərinə münasibət bildirərkən deyib ki, beşinci kolonu müxalifətin içində yox, iqtidarın içində axtarmaq lazımdır. Sitat: “Azərbaycanda beşinci kolonun fəaliyyəti var. Beşinci kolona aid olan çox şəxslər hakimiyyətin yüksək eşelonlarında təmsil olunurlar”.
ReAl Partiyasının sədri İlqar Məmmədov “facebook”da statusunda İlham Əliyevin çıxışındakı bəzi tezislərlə razılaşdığını yazıb: “Birincisi, ilkin siyasi təmasların qurulmasından sonra iqtidar və müxalifət arasında dialoqun başlanması yaxşı məqsəddir. Əlavə edim ki, iqtidar və müxalifət dialoqla məhdudlaşmamalı, mümkün olan sahələrdə onu ölkəyə xidmət edən qarşılıqlı praktiki gedişlərlə nəticələndirməlidirlər. İkincisi, müxalifətin bir hissəsinə yönəlik səsləndirilən sərt ifadələri biz ReAL olaraq öz ünvanımıza götürmürük, çünki o ifadələrdə təsvir olunanlar [bizə aid deyil]. Öz ünvanına götürənlər münasibət bildirə bilər. Üçüncüsü, Azərbaycan dövlət başçısının hər hansı müxalifət partiyası ilə bu ifadələrlə danışmasını çox sayda Azərbaycan vətəndaşının istəyib-istəmədiyini qarşıdakı prezident seçkiləri göstərəcək. Dördüncüsü,[koronavirusa görə] fövqəladə vəziyyətə heç bir əsas yoxdur, gələcəkdə olacağı da inandırıcı görünmür”.
Milli Şura prezidentin bayram nitqi ilə bağlı tənqidi bəyanat verib. “Milli Şura İlham Əliyevin bu yersiz, məntiqsiz, əsassız ittiham və aşağılayıcı ifadələrdən ibarət çıxışını qətiyyətlə pisləyir, ölkə başçısının Novruz kimi milli bir bayram münasibətilə çıxışında belə uğursuz ritorika seçməyinə görə təəssüflənir. Milli Şura bildirir ki, İlham Əliyev əslində, xeyli vaxtdır müxalifətə qarşı faktiki faşist siyasəti həyata keçirməklə məşğuldur”.
Əli Hüseynli öz açıqlamasında vətəndaş cəmiyyəti nümayəndələrinin də prezidentin çıxışındakı tezisləri dəstəklədiklərini bildirib. Bu çıxışdakı fikirləri dəstəkləyən vətəndaş cəmiyyəti nümayəndələri olsa da, Xədicə İsmayılova, Ələsgər Məmmədli, Akif Qurbanov, Hikmət Hacızadə kimi şəxslər fərqli mövqe tutublar.
Jurnalist Xədicə İsmayılova paylaşdığı “facebook” statusunda İlham Əliyev və ailəsini korrupsiya sisteminin başında durmaqda ittiham edib və qeyd edib ki, beşinci kolon bu korrupsiyanın özüdür
Hüquqşunas Ələsgər Məmmədlinin fikrincə, hökumət nümayəndələrinin müxalifət nümayəndələrini beşinci kolon adlandırması və cəmiyyətə düşmənmiş kimi təqdim etməsi yanlış addımdır. Onun fikrincə, ölkənin böyük fəlakətlə üz-üzə olduğu bir vaxtda siyasi ritorikalara diqqət yetirilməli, xüsusilə səlahiyyət sahibləri başqalarına münasibətdə korrekt siyasi ifadələrdən istifadə etməlidirlər.
Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov İlham Əliyevin bayram nitqində onu tənqid edənləri hədələdiyi və aşağıladığı qənaətindədir. Siyasi icmalçı Hikmət Hacızadə isə prezidentin çıxışına görə təəssüf hissi keçirdiyini deyib.
“Belə gündə barışığa çağırmaq və ümid vermək lazım idi, amma biz bunları görmədik, əksinə, qeyri-müəyyənlik və aqressiv çıxış eşitdik”, - deyə o, qeyd edib.
Göründüyü kimi, prezidentin bayram nitqindəki tezisləri dəstəkləməyən müxalifət və vətəndaş cəmiyyəti nümayəndələrinin sayı yetərincədir. Müxalifət partiyalarından ancaq ReAl Partiyasının sədri İlqar Məmmədov İlham Əliyevin tezislərinin bəziləri ilə razılaşdığını bildirib.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Əli Hüseynlinin müxalifət partiyaları ilə bağlı iddiası faktlarla manipulyasiyadır.