Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti şərh edib.
L.Abdullayeva Publika.az-a bildirib ki, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqelərini iri çaplı silahlardan atəşə tutub və hadisə zamanı Dövlət Sərhəd Xidmətinin əsgəri Ceyhun Bayramov yaralanıb: “Xüsusilə vurğulamaq istərdik ki, bu hadisə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində deyil, məhz Ermənistan-Azərbaycan sərhədində baş verib”.
XİN rəsmisi deyib ki, Ermənistanın baş naziri dünən müsahibəsində münaqişənin həlli üzrə aparılan danışıqların konkret nəticə verməsi üçün erməni və azərbaycanlı xalqların maraqlarına cavab verən həllin əldə olunmasının vacibliyindən bəhs edib: “Bu bəyanatın verilməsindən bir neçə saat sonra Ermənistan-Azərbaycan sərhədində sözügedən insident baş verib. Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?! Baş vermiş bu hadisə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı məlum çağırışına tam şəkildə ziddir”.
Ermənistan mətbuatında yayılan məlumat barədə – RƏSMİ AÇIQLAMA
Ermənistan mətbuatında yayılan məlumat barədə – RƏSMİ AÇIQLAMA
“Ermənistan rəhbərliyi sonunda anlamalıdır ki, həm erməni, həm də azərbaycanlı xalqlarının marağında olan əsas məsələ bölgədə davamlı sülh və rifahın təmin olunmasıdır. Buna nail olmağın yeganə yolu isə hərbi işğal faktorunun aradan qaldırılması, Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunması və bu ərazilərdən didərgin salınmış məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının təmin olunmasıdır. Yalnız bundan sonra bölgədə hər iki xalqın marağına cavab verən dayanıqlı sülh, inkişaf və tərəqqi təmin olunacaq”, – deyə L.Abdullayeva qeyd edib.
ONN informasiya agentliyi