Rüstəm İbrahimbəyovun ən böyük nailiyəti sovet rejissoru Vladimir Motılın çəkdiyi «Бе́лое со́лнце пусты́ни» filminin ssenarisini əsas ssenarist Valentin Yojovla birgə yazması olub. Bu adam 1968-ci ildən 2015-ci ilə qədər altmışdan çox irili-xırdalı ssenarilər yazıb, pulunu alıb cibinə qoyub. Harda ssenari yazmaq lazım olanda, Rüstəm məllim deyib, dayanın, o iş mənlikdi. Bilməyənlər üçün deyim ki, hələ sovet dönəmindən bəri ssenari yazmaq çox bahalı iş sayılır. Özü də sən ssenarini yazıb bitirəndən sonra proyekt kimi verib pulunu alırsan. Ta, sonra həmin ssenarini qəbul elədilərmi, onun üzərində film çəkildimi? - bunlar sənlik deyil. Sən yazıb pulunu alırsan, biraz da bu işi düzüb-qoşana "hörmət" eləyirsən, vəssalam! Nə isə, bu heç.
Adam ömrünü Moskvada yaşamaqda keçirdib. Əgər nə vaxtsa tanınıbsa sovet adamı, rus yazıçısı kimi tanınıb. Nə vaxtsa bir yazıçı kimi xeyri dəyibsə, həmin xeyri Rusiyaya dəyib.
İndi də rəhmətə gedib. Onun nəşini çox hörmətlə Bakıya gətirmək fikrimiz var. Yəqin ki, Fəxri Xiyabanda dəfn edəcəyik. Başqa cür də ola bilməz! Çünki, məndən başqa, hamı deyir Rüstəm böyük adamdı. Əminəm ki, bunu deyənlərin heç biri onun bir cümləsini oxumayıb.
Bayaq baxıram, ermənipərəst yazıçımız Əkrəm Əylisli Rüstəm haqda vida sözü çap elətdirib. Həmin mətnin bir yerində belə yazıb: "Həqiqətən, gözəl bir ömür yaşaya bilmişdi. İstədiyi yazını yazmışdı, istədiyi keyfi çəkmişdi... Bir ucu Bakı, bir ucu Moskva... Hətta Los-Anclesdə də villası vardı".
Bəli, doğrudu! İstədiyi kefi çəkmişdi. Vətəndən kənarda, vətəndən xəbərsiz, öz soydaşlarına dəxli olmayan bir ömür sürmüşdü, nə başınızı ağrıdım, kef eləmişdi. Ömrü boyu Azərbaycana biganə, Azərbaycandan kənarda yaşayıb. Bircə dəfə Rusiyanın diqtəsi ilə Azərbaycanın daxili işinə qarışdı, onda da elə həmin diqtə altında xalqla məzələnib aradan çıxdı. İndi də gəlib ki, bəs ölmüşəm, məni Bakıda dəfn eləyin.
Buna bənzər hissləri Amerikada bafat eləmiş hansısa elmin alimi Lütfi Zadə öləndə keçirtmişdim. Bütün Azərbaycan fəxr edirdi ki, belə bir alimimiz var. Halbuki, adamın özü Azərbaycanlı olduğunu unutmuşdu. Ona "sən azərbaycanlısan" deyəndə, az qala, başını qaşıyıb, "qoy görüm yadıma sala bilərəmmi?" deyirdi. Azərbaycanda bircə adam da bilmədi ki, o kişi Amerikada nə işlə məşğul olurdu, onun elminin adı nə idi. Elminin adı o yana dursun, kişinin öz adının necə olduğunu bilmədik, getdi. Ancaq neynirsən, hamı xornan deyirdi ki, kişi böyük alimdi. Həmin Lütfü Zadənin də bu Rüstəm kimi Azərbaycana heç bir dəxli yox idi, heç bir! Heç bir elmi nailiyəti Azərbaycanın adına yazılmırdı. Ancaq öləndən sonra yenə onun meyitinə biz sahib çıxdıq, nəşini gətirib Fəxri Xiyabanımızda dəfn elədik. Üstündə də yekə bir heykəl ucaltdıq.
Məsələ burasındadı ki, bu cür adamları gətirib Bakıda dəfn eləməsək "qədirbilən xalqımızın" ağzını yığa blməzdik. O saat başlayacaqdılar ki, böyük oğullarımızın qədrini bilmədik... flan.
Olsun! Nə deyirəm? Həm də mən kiməm ki, nə deyəm?
Murad Köhnəqala...
ATESH,AZ