Ötən il avtomobilini texniki baxışa təqdim edən xeyli sayda sürücünün ciddi qayda pozuntularına yol verdiyi aşkar edilib.
DİN-dən verilən məlumata görə, 2021-ci ilin 12 ayı ərzində dövlət texniki baxışına təqdim edilən nəqliyyat vasitələrinin müayinəsi zamanı Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzinin əməkdaşları tərəfindən 285 avtomobilin mühərrik, ban, şassi nömrələrinin qeydiyyat sənədlərindəki uçot göstəriciləri ilə uyğunsuzluq təşkil etməsi müəyyən olunub. Həmin nəqliyyat vasitələri mühafizə olunan duracağa yerləşdirilib sənədləşmə aparılıb və aşkar edilən faktlar araşdırmaların aparılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilib. Uyğunsuzluq əsasən həmin avtomobillərin mühərriklərində aşkarlanıb. Məlum olub ki, nəqliyyat vasitəsinin mühərrikini sürücülər nasazlıq səbəbindən dəyişdirsələr də bu barədə polisə məlumat verməyiblər. Amma qaydalara görə, mühərrik dəyişdirilərkən üzərindəki nömrə, mütləq qaydada Baş Dövlət Yol Polisi idarəsində avtomobilin texniki pasportunda qeyd edilməlidir.
Həmçinin ötən il texniki baxışa təqdim edilən, digər qaydaları pozan sürücülər də aşkar edilib. Belə ki, son zamanlar texniki baxış müddəti bitmiş nəqliyyat vasitələrinin sürücüləri avtomobillərini texniki baxışa gətirərəkən yolda xüsusi texniki vasitələr tərəfindən aşkarlanan qayda pozuntularından yayınmaq üçün eyni markalı lakin başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanlarını öz nəqliyyat vasitələrinə bağlayırlar. Bu cür hallar da mərkəzin əməkdaşları tərəfindən aşkar edildiyi təqdirdə həmin sürücülər inzibati məsuliyyətə cəlb edilirlər.
Qeyd olunub ki, avtomobilin mühərrik nömrəsini texniki pasportda qeyd etdirməyən sürücülər aşkar edildikdə inzibati qaydada 50 manat cərimə olunurlar. Sürücülərə tövsiyə edilir ki, nəqliyyat vasitələrini texniki cəhətdən saz saxlamaqla vaxtında texniki baxışa təqdim etsinlər.