hemle

Ugrunda ölməyə hazır olduğum tək sevgilim: VƏTƏN !!!

Tarix:30-09-2021, 18:33
Baxış Sayı:345

Ugrunda ölməyə hazır olduğum tək sevgilim: VƏTƏN
Əntiqə Rəşid- 1970 –ci il də Ağdam rayon Baş Qərvənd kəndində anadan olub və elə orada 1987-ci ildə tam orta məktəbi bitirib.. 1988-ci ildə Kənd Təsərrüfatı Texnikumunun “mühasibat-uçotu” fakültəsinə daxil olub. 1990-cı ildə oranı bitirb və kənd mədəniyyət evində “Kütləvi tədbirlin təşkilatçısı” kimi əmək fəaliyyətinə başlayıb. Yaşadığı kənd işğal olunduqdan sonra rayonun Quzanlı kəndinə pənah gətiriblər. O burda 50 saylı Ağdam texniki Peşə Məktəbinin baş mühasibi, sonra isə həmin məktəbin müəllimi kimi çalışıb. hələ 1997-1999-cu illərdə mətbuatda yazıları- müxtəlif səpgili məqalələri işıq üzü görüb. 2002-ci ildə test üsuli ilə imtahan verərək Azərbaycan Beynəlxalq Universitetinin “Jurnallistika ” fakültəsinə daxil olub. Elə o vaxtdan peşəkar jurnalistikada fəaliyyət göstərir. “İnterpress”, “Yeni xəbər”, “Qarabağ” “Ədalət”qəzetlərində, “Qazilər”, “Adalet.az”saytlarında çalışıb. “Azərbaycan ” ,” Ulduz”, “Vəfa”, “Kirpi” jurnallarında hekayələri, povesti, felyeton və yumoristik məqalələri çap edilib. Elə bir mətbu orqan yoxdur ki, Əntiqə Rəşidin imzası ilə orda yazı olmasın. Mən qarabağlıyam!..Uşaqlığım, yeniyetməliyim , ilk gənclik çağım Qafqazın Xorasimasi deyilən Ağdam rayonunda, kəndimizdə keçib. 1989-cu ildə texnikumun tələbəsi olanda Sovet imperiyasına qarşı olan mitinqlərə qatıldım. 1990-cı il yanvar hadisələrində həyatımın ən böyük faciəsinə şahid oldum!Sovet rejimi, işğalçı rus əsgəri neç bir səbəb göstərmədən xalqımı tanklar altına salaraq məhv edirdi, insanların kütləvi qətlinə fərman verirdi.. Amma bilmirdim ki, qarşıda ondan da qanlı olaylara şahid olacağam, ondan da böyük dəhşətlər görəcəyəm... Ağdam Qarabağın mərkəziydi deyə nankor ermənilər yerli əhaliyə Xocalıda, Kərkicahanda, Qaradağlıda, Başlıbeldə faciələr, soyqırımı dəhşətləri yaşadanda düşməndən qaçan soydaşlarımız Ağdama gəlirdilər və o vaxt soydaşlarımın başına gələn faciələri əlacsız göz yaşları ilə yaşadım. Bir də kəndimizdən müharibəyə qələbə əzmi ilə gedən gənclərin tabutda qayıtmağı anladırdı ,yaşadırdı mənə müharibənin nə olduğunu. Havadarlarının köməkliyi ilə Ağdamı da, bizim balaca kəndimizi də ağır artilleriyadan atəş tutan erməni günahsız insanları qəsdən öldürürdü. Atəş zamanı zirzəmilərdə gizlənirdik atəş dayanandan sonra çıxıb camaat olaraq bir-birimiz axtarırdıq, macal tapıb gizlənə bilməyənlərin, atəş altında parça-tikə olanların hissələrini bir yerə yığırdıq. Elə olurdu ki, parçalanmış bədənin bəzi əzalarını ağacların budaqlarında 4-5 gündən sonra fərq edirdik Ağlaya –ağlaya onu ağacdan endirmək , harasa bir yerə basdırmaq da yazılmışdı alnımıza. Kəndimizə hüzn, ümidsizlik, göz yaşları, hər kəsin qəlbinə isə düşmənə qarşı nifrət hakim olmuşdu. 1994-cü ilin 26 aprelində bizim kəndimiz də işğal olundu, igidlərimiz şəhid , günahsız qız-gəlinlər, xəstə, yaşlı adamların bir çoxu mərmilərin qurbanı oldu, camaatımız pərən-pərən düşdü. Ordudan yenicə tərxis olan 23 yaşlı yeganə qardaşım yol qəzasında faciəli şəkildə həlak oldu. Atam o dərdə dözmədi, xəstə düşdü, bir müddət sonra isə.. sizlərə ömür... Müharibə məni qardaşsız, atasız buraxdı.Bacım, anam, mən... müharibənin döydüyü bir ailə... Bax, elə o illərdən içimdə düşmənə qarşı bir nifrət alovlandı. Qarşısıalınmaz nifrət! Düz 30 il o nifrət məni korun-korun , zərrə -zərrə yandırıb yaxıb. 2020-ci ilin yayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü yazıldım. Qərarım qətiydi. Məndə müharibə zonasına getdim! Qarabağa çatanda atışma kəsməmişdi... Ağız deyəni qulaq eşitmirdi. Qəribə bir hisslər vardı məndə qətiyyən qorxmurdum.Səngərdəkiləri o qədər önəmsəyir, o qədər dəyər verirdim ki, təhlükəni, ölümü, şikəst olmağı belə gözə alırdım.Tərtər zonasında ən təhlükəli nöqtəsi Şıxarxdan çəkiliş edirdim. Binalardan uzaqlaşıb ovuc içi kimi görünən açıq yerə gəlib çıxdım. Əsgərlərdən biri, səhv eləmirəmsə adı Sadiq (Umudlu kəndindən) idi. Ucadan qışqırdı ki, ay jurnalist, bu dəqiqə mərmi gəlib başına düşəcək, binaların arasına keç. Gördü elə şəkil çəkirəm buna fikir vermirəm. Gəldi durdu yanımda. Yəni sənə mərmi dəysə, qoy mənə də dəysin. Onun bu hərəkəti məni elə mütəssir elədi... Dinməzcə düşdüm qabağına keçdim mərmi tutmayan yerə... Əsgərlərimiz, səngərlər, göydə uçuşan mərmilər, real təhlükə..Əynimdə Azərbaycan əsgərinin geyimi vardı, həm də belə yerdə ölmək şərəf olardı. Bəzən elə olurdu gün ərzində bir loxma çörək yeməyə vaxtım olmurdu. Könüllülərə qoşulub ərzağa –çörəyə ehtiyacı olan ailələrə yardım paylanılmasına da kömək edirdim. Paytaxtdan gələn sovqat və bağlamaları hospitala, hərbi hissələrə çatdırılmasında da, Şəhidlərimizin dəfn və yas mərasimlərində iştirak edirdim. Rayona gələn qonaqların da belə ailələrə getməsini təşkil edirdim. Müharibənin ilk günündən hər yerdə internet kəsilmişdi. Yazıları redaksiyaya, gedib Bərdədən- qohum-tanışın evindən göndərirdim. 28 oktyabrda da elə oldu. Həmin gün hava günəşliydi, xoş idi. Ağdam, Tərtər tərəfdən güclü atışma səsləri gəlirdi. Ona görə o, bölgələrin camaatı bu məhləyə yığışmışdı. Atışmanın dayanmağını gözləyirdilər. Bərdəyə iİlk “Smerç” “köçkün binası”nın 50 addımlığına düşdü. Mərminin səsi elə dəhşətli idi ki…qəlpələr yaxınlıqdakı şiferdən olan damların üstünə dolu kimi yağırdı. Tez hadisə yerinə yüyürdüm. Polis məni yanan maşına yaxın buraxmadı. Qaça-qaça yenidən binanın həyətinə döndüm. Camaatın arasına çaxnaşma düşmüşdü. Qadınların, uşaqların həyəcanlı bağırtıları, ağlaşmaları, qışqırıq səsləri həyəti başına götürmüşdü. İkinci, üçüncü mərmi də düşdükdən sonra şoka düşmüş, çaşqınlıq və stress içərisində olan camaatı zirzəmiyə yığmaq lazım idi. Orda Asif və Etibar Əsədovlarla birgə camaatı çox əziyyətlə zirzəmilərə yığa bildik.Yenə hadisə yerinə götürüldüm. Zirzəmidəki qadınların arxamca qışqırıb məni geri çağırmasını eşidirdim, amma dönə, cavab vermək istəmirdim. FHN-in əməkdaşları yanğını söndürməklə, “Təcili Yardım” maşınları küçələrə səpələnmiş yaralıları yığıb xəstəxanalara daşımaqla məşğul idi. Yerlər qan içində idi…gölməçə-gölməçə… yangına tökülən su qan gölməçələri ilə birləşib küçə aşağı axırdı. Çox dəhşətli mənzərəydi çox…Səhəri dirigözlü açdım. Səhər, qonaq olduğum evdə bir-iki loxma yeyib, “Pajarnı” tərəfə üz tutdum. Bu ərazidə daha çox dinc insan öldürülmüşdü. Yenə çəkilişə başladım, qəhər boğazımı yandırırdı. Elə bu anda göy rəngli VAZ-2107 avtomobilinin oturacağında bir ovuc insan içalatını gördüm. Çəkilişi necə başa vurduğumu xatırlamıram. Son kəlməmi deyib, telefonu bağladım, dizim üstə asfalta düşüb ucadan elə hönkürə-hönkürə ağladım... Müharibə ilə bağlı xatirələrim çoxdu, lap çox.. ilk gündən son günə qədər soydaşlarımın, əsgərlərimizin yanında oldum! Nə yaxşı ki, oldum! Yəqin bir kitaba sığmaz bu xatirələrim Uzun sözün qısası, Vətənin dar günündə lazım idi orda olmaq , getdim, min dəfə lazım olarsa, min dəfə də gedərəm! Çünki… çünki.. mənim sevgilim vətəndir!
Əntiqə Rəşid ailəlidir, bir oğlu var, həyat yoldaşı İsmayıl 2 qrup Qarabağ əlilidir.
hemlemedia.az







Digər xəbərlər
16:04 Britaniya ukraynalı qaçqınlara icazə verdi: Uşaqlarını...
16:01 Süni intellektlə məlumatlar ələ keçirilir? - ABŞ Çinə görə narahatdır
15:58 Azərbaycanda "Nimesil"in satışı qadağan edilib? - KİV
15:55 Lüksemburqda azərbaycanlı auditorun meyiti tapıldı
15:53 Hansı universitetlər köçürülür? - İlk "beşlik"də olanlar açıqlandı
15:49 Bakıda evlərin qiyməti kəskin bahalaşacaq - Səbəb bəllidir
15:47 Bu tarixdən temperatur enəcək, güclü külək olacaq - Hava ilə bağlı XƏBƏRDARLIQ
15:43 Moskva İrəvanı Bakı və Ankara ilə qorxutdu: Hücum edəcəklər