hemle

27 sentyabr - Cənub Qafqazda yeni şəraitin başlanğıc tarixi, Zəfərə aparan yol

Tarix:27-09-2021, 09:37
Baxış Sayı:234


Vətən müharibəsinin başlamasının birinci ildönümüdür. O günlər şanlı tarix kimi yazıldı təqvimimizə. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri ermənilərin növbəti təxribatının qarşısını alaraq əks-hücum əməliyyatına başladı. Bütün qanun və qaydalara əsasən, Azərbaycanın atdığı addım ədalətli idi. BMT-nin qətnamələri, beynəlxalq vasitəçilərin təklifləri işğalçı Ermənistanın Azərbaycan torpaqlarından çıxmasına heç cür yardım etmədi. Əksinə, onlar zəbt etdikləri ərazilərdə möhkəmlənməyə çalışır, qanunsuz məskunlaşdırma aparır, ora başqa ölkələrdən insanlar köçürürdülər.

Əslində, Ermənistanda 2018-ci ilin aprelində baş verən hakimiyyət dəyişikliyi də rəsmi İrəvanın Qarabağa dair ritorikasını dəyişmədi. Baş nazir Nikol Paşinyan və xanımı Anna Hakopyan Qarabağla bağlı iddialı bəyanatlar verir, sosial şəbəkələrdə fotolar paylaşır və s. addımlar atırdı. İş o yerə gəlib çatmışdı ki, hökumət başçısı “Qarabağ Ermənistandır və nöqtə” şüarı ilə çıxış edirdi. Daxildə də siyasi vəziyyət hakimiyyətə yeni gələn qüvvələrin xeyrinə inkişaf etmirdi. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın tərəfdarları Nikol Paşinyanı devirməklə hədələyirdi. Ermənistanın siyasi səhnəsində sabiqlərin və Nikolun arxasında xarici qüvvələrin dayandığı da görünməz deyildi. Koçaryan həbs edilib sonradan 4 milyon dollar qarşılığında zaminə buraxılsa da, Ermənistan hökumətinə qarşı müxalifəti təşkilatlandıra bildi. Elə Serj Sarqsyan da ondan geri qalmırdı. Ölkənin istər yeni, istərsə də keçmiş başçıları Qarabağ kartından istifadə etməklə üstünlüklərini göstərməyə çalışırdı. Azərbaycanı yeni torpaqlarını tutacaqları ilə hədələyirdilər. Nikol Paşinyanın ictimai-siyasi nüfuzunun artırılması üçün bu istiqamətdə addımlar da atılırdı. 2019-cu ilin yayında Ermənistanın müdafiə naziri David Tonoyan “ərazi qarşılığında sülh”ü qəbul etmədiklərini bildirərək başqa bir tezis irəli sürmüşdü: “Yeni müharibə - yeni ərazi. Biz rəqibin ərazisində hərbi fəaliyyət göstərə bilmək üçün taqımların sayını artırmalıyıq”. Nikol Paşinyan isə onu dəstəkləyərək hökumət rəsmisinin dediklərini malalamağa çalışıb və yeni səhvə yol vermişdi: “Tonoyan başqa bəyanatla çıxış etsəydi, onu müdafiə naziri vəzifəsindən azad edərdim”.
27 sentyabr - Cənub Qafqazda yeni şəraitin başlanğıc tarixi, Zəfərə aparan yol

2020-ci il iyulun 12-16-da Ermənistan hərbçiləri Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədini pozmağa cəhd etdilər. Bu, Paşinyanın və onun komandasının nüfuzunun artırılması istiqamətində atılan addımlardan sayıla bilər. Rəsmi İrəvan “Yeni müharibə - yeni ərazi” prinsipi ilə Azərbaycana hücuma hazırlaşırdı. Ermənistanın bu iddiasına qarşı əks-hücum əməliyyatı başladı. Bunun nəticəsində Azərbaycan ərazi bütövlüyünü və torpaqları üzərində suveren hüquqlarını bərpa etdi. Döyüşlər başlamazdan əvvəl beynəlxalq ictimaiyyətin təmsilçiləri, vasitəçilər Qarabağdakı separatçılar və onların başçıları ilə az qala “müstəqil dövlətin” “rəhbərləri” kimi davranırdılar. Onlar bu əməlləri ilə çalışırdı ki, Azərbaycanı torpaqlarından imtina etsin. Vəziyyəti bu həddə beynəlxalq vasitəçilərin 30 illik fəaliyyəti, yaxud fəaliyyətsizliyi gətirib çıxarmışdı.

Yeri gəlmişkən, sentyabrın 27-i bəzi dövlətlərin Azərbaycanın haqlı savaşına münasibətdə tutduqları mövqeyə də aydınlıq gətirdi. Münaqişənin həllinə yanaşmada, işğalçının torpaqları azad etməsinə münasibətdə kimin daha ədalətli olduğu müəyyənləşdi. Müharibənin ilk günlərində beynəlxalq vasitəçilər özlərini şoka düşən kimi aparırdılar. Rusiya, Fransa və İran KİV-i Azərbaycana qarşı daha fəal kampaniya aparırdı. Onların ardınca bu ölkələrin rəsmiləri hadisələrə reaksiya verməyə başladı. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri isə bir müddət susdu. Sonra vəziyyətin dəyişdiyini görüb dinc sakinlərə ziyan vurulmasının yolverilməzliyini bildirdilər. Ancaq Ermənistan onlara məhəl qoymadı, Gəncə, Tərtər, Bərdə, Goranboy, Naftalan, Yevlax, Mingəçevir, Ağcabədidə mülki binaları bombaladı. Hətta onlar Rusiya istehsalı olan “İskander” raketi ilə Azərbaycan ərazisinə hücum belə etdilər.

Bu arada münaqişənin həllndə 30 il bacarıqsızlıq nümayiş etdirmiş beynəlxalq ictimaiyyət yenidən Ermənistanı müdafiə etmək üçün tərk-silah olmuşdu. Çünki Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etdikcə vasitəçi mövqeyindən çıxış edənlərin və onların müttəfiqlərinin Azərbaycan torpaqlarında gördükləri qanunsuz əməllər üzə çıxırdı.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə mane olanlar təkcə ayrı-ayrı dövlətlər və şəxslər deyildi. Bu istiqamətdə onlara KİV də yardım edirdi. Uzun illər Azərbaycanın ədalətli mövqeyi dünyanın bir çox aparıcı mətbuat orqanlarında təhrif olunur, ermənilər yazıq, çarəsiz və haqlı tərəf kimi ictimaiyyətə sırınırdı.

Prezident 44 günlük müharibə dövründə və ondan sonra 30-a yaxın xarici KİV-ə müsahibə verib. Bunlar arasında Türkiyənin “TRT Haber”, CNN-Türk, “Haber Global”, “Haber Türk”, NTV, “A Haber” televiziyaları, Rusiyanın “Rossiya-1, “Pervıy”, RBK televiziya kanalları, “RİA Novosti”, “TASS” və “İnterfaks” agentlikləri, Fransanın “Sky News”, “France 24” telekanalları, “Figaro” qəzeti, Almaniyanın ARD telekanalı, Yaponiyanın “Nikkei” qəzeti, ABŞ-ın “Fox News” televiziyası, İtaliyanın “Rai-1” telekanalı və “La Repubblica” qəzeti, İspaniyanın EFE İnformasiya Agentliyi, habelə dünyada yüz milyonlarla izləyiciləri olan “Al-Jazeera”, “Al-Arabiya”, “Euronews”, “CNN International”, “BBC News” televiziya kanalları kimi tanınmış media orqanları var.

Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə yerli və xarici KİV-ə verdiyi müsahibələrlə, xalqa müraciətlərlə, müxtəlif yerlərdə etdiyi çıxışlarla Ermənistanın, onun havadarlarının beynəlxalq aləmdə yaratdıqları yanlış rəyi darmadığın etdi. O, vətəndaşlara cəbhədəki vəziyyətlə bağlı real məlumatlar verməklə yanaşı, hadisələri şərh edir, ölkədə dezinformasiyanın yayılmasına imkan vermirdi.

İkinci Qarabağ müharibəsində Azərbaycanın haqq işini, ədalətli savaşını dəstəkləyənlər də, ona qarşı çıxanlar da oldu. İlk növbədə Türkiyə, Pakistan, İsrail, Ukrayna və başqaları rəsmi Bakının əks-hücum əməliyyatına siyasi dəstəklərini əsirgəmədi. Sonra ərazi bütövlüyünün təmin olunması münasibətilə Azərbaycana təbrik göndərənlər çox oldu.

Dövlət başçısı gərgin əməyi, diplomatik bacarığı, bir neçə dildə verdiyi müsahibələr zamanı suallara tutarlı cavabları ilə Ermənistanın və havadarlarının yaratdığı informasiya blokadasını yardı, vəziyyəti Azərbaycanın xeyirinə dəyişdi. İlham Əliyevin apardığı düzgün informasiya siyasəti sayəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya müharibəsində də qalib gəldi.

İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi 44 günlük müharibəyə Ordumuzun əməliyyatlarına rəhbərlik edib. Torpaqlarımızı Ermənistanın işğalından azad etdiyinə, müharibədə qazandığı qələbəyə görə İlham Əliyevə Müzəffər Ali Baş Komandan deyilir və o, xalqın qəhrəmanına çevrilib.

O, bütün beynəlxalq və yerli tədbirlərdəki çıxışlarında Azərbaycanın torpaqlarının işğal edildiyindən, vasitəçilərin yarıtmaz fəaliyyətindən danışıb. Onun yürütdüyü xarici siyasət nəticəsində Azərbaycan haqlı mövqeyini bütün dünyaya sübut edə bilmişdi. Bu səbəbdən İkinci Qarabağ müharibəsi dövründə dünyanın aparıcı dövlətləri Azərbaycana qarşı çıxa bilmədi, daha dəqiqi, beynəlxalq güc mərkəzlərinin belə cəhdləri uğursuzluğa düçar oldu.

İlham Əliyevin “Qarabağ Azərbaycandır, nida!” sözləri bütün dünyada yayılmışdı. Sentyabrın 27-də Ali Baş Komandan bu şüarı gerçəkləşdirmək məqsədi ilə əks-hücum əmri verdi.

Ordunun yüksək döyüş qabiliyyəti silah-sursat və hərbi texnikadan da asılıdır. Qələbənin bir hissəsi bu sahədə təchizatın üzərinə düşür. Ali Baş Komandanın Silahlı Qüvvələrin müasir silah və hərbi texnika ilə təmin edilməsi istiqamətində gördüyü əhatəli tədbirlər İkinci Qarabağ müharibəsində qələbə qazanmağımızda mühüm rol oynadı.

44 günlük müharibədə Azərbaycan döyüş meydanında, xarici siyasətdə, informasiya və təbliğatda üstünlüyünü göstərdi. Bütün bunlar hamısı Müzəffər Ali Baş Komandanın siyasətçi kimi uzaqgörənliyi, diplomatik bacarığı, sərkərdəlik qabiliyyəti sayəsində mümkün oldu.

İlham Əliyevin hakimiyyəti illərində yetişən vətənsevər gənc nəsil özünü döyüşlərdə də təsdiqlədi. Silahlı Qüvvələrin əsgər və zabitlərinin yüksək səviyyədə döyüş qabiliyyətinin əsasında bu vətənsevərlik durur. Onun komandanlığı ilə gənclər Azərbaycanın üçrəngli bayrağını Şuşada və işğaldan azad olunan digər ərazilərdə dalğalandırdı.

2020-ci il dekabrın 10-da İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında iştirak ediblər. Ali Baş Komandan bu təntənəli tədbirdəki çıxışında Vətən müharibəsi ilə bağlı bunları da bəyan etmişdi: “Sentyabrın 27-də bizim kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qalmışdır, mülki şəxslər, hərbçilər arasında itkilər olmuşdur. Biz dedik yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Mən Ali Baş Komandan kimi əmr verdim ki, Azərbaycan əsgəri irəli, torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işğalçını cəzalandırmalıyıq və belə də oldu. Azərbaycan 44 gün ərzində istədiyinə nail oldu, ədaləti bərpa etdi”.

Sentyabrın 27-də başlayan Vətən müharibəsində şəhidlərimiz, qazilərimiz oldu. Onlar Vətənin ərazi bütövlüyü və inkişafı naminə canlarını, sağlamlıqlarını qurban verdilər.

Hər halda beynəlxalq vasitəçilərin 30 ilə yaxın bir müddət ərzində həll edə bilmədikləri münaqişəni Azərbaycan əsgəri 44 günə əks-hücumla yerbəyer elədi. Bununla da münaqişəyə son qoyuldu. Bu müharibə həm də Azərbaycanın erməni vətəndaşlarının girovluqdan azad edilməsi idi. Uzun illərdir onlara yalan vədlər verilir, saxta mifik ideyalarla beyinləri yuyulur. Sentyabrın 27-si həm də ermənilərin saxta ermənilik ideologiyasının buxovundan azad edilməsinin başladığı gündür. İndi onların Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesi başlamalıdır... Odur ki, arada yarıtmaz vasitəçilər olmasa, Azərbaycanın öz erməni vətəndaşları ilə dil tapması elə çətin olmaz...

Beləliklə, Azərbaycan torpaqlarını işğaldan azad etməklə regionun təhlükəsizliyi, bölgədə əməkdaşlıq və Cənub Qafqazın inkişafı üçün yeni vəziyyətin yaranmasına yol açdı. Bu müharibə Ermənistanın yanlış yolda olduğunu və ideologiya olaraq erməniliyin mənasız, xeyirsiz, boş mahiyyətini faş etdi. Erməni cəmiyyətinin uzun illərdir aldadıldığı məlum oldu. İşğal altında saxlanıldığı 30 il ərzində daşın daş üstünə qoyulmaması ilə o yerlərin ermənilərə aid olmadığı, Azərbaycana məxsusluğu bir daha təsdiqləndi. 44 gün ərzində orduların döyüş qabiliyyəti nümayiş edildi. Bütün müharibələr başa çatır, işğalçı gec-tez geri oturur, danışıqlar başlayır. Bütün bunlar bir-birini tanımaq, sülh müqaviləsi imzalamaq üçün yeni mərhələnin başlamasıdır. Odur ki, sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı Azərbaycan-Ermənistan münasibətlərini yeni müstəviyə köçürüb. İndi tərəflər sərhədlərin tanınması, sülh müqaviləsinin imzalanmasından bəhs edirlər. Yeni şərait vasitəçi olmadan Ermənistanla Azərbaycanın anlaşmasına da yol açır.

Qarabağ Azərbaycandır!

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?