hemle

Bir sözlə başladı, 20 il davam etdi...

Tarix:31-08-2021, 22:39
Baxış Sayı:272

ABŞ-ın 7 oktyabr 2001-ci ildə başlayan Əfqanıstandakı varlığı 20 il sonra – bu gün hərbçilərinin Əfqanıstandan çəkilmə prosesinin tamamlanması ilə başa çatıb.

hemlemedia.az “Anadolu” agentliyinin ABŞ tarixindəki ən uzun müharibənin önəmli məqamlarına toxunan məqaləsini təqdim edir.

ABŞ-ın Əfqanıstana müdaxiləsi 2001-ci ildəki 11 sentyabr hücumlarından sonra ovaxtkı ABŞ Prezidenti Corc Buşun “terrorizmlə müharibə” sözü ilə başladı.

Əfqanıstanda yerləşdiyini irəli sürən “Əl-Qaidə” və Usamə bin Ladenə fokuslanan Buş “Taliban” rejimini “torpaqlarında gizlənən bütün “Əl-Qaidə” liderlərini ABŞ rəsmilərinə təslim etməyə”, ya da onların taleyini bölüşməyə çağırdı.

Corc Buş 18 sentyabr 2001-ci ildə 11 sentyabrda ABŞ-a hücumda məsuliyyət daşıyanlara qarşı güc tətbiqinə icazə verən birgə qərarı qanun halına saldı. Bu birgə qərar daha sonra Buş administrasiyası tərəfindən Əfqanıstanın işğalı başda olmaqla, terrorla mübarizə üçün kompleks tədbirlər görmə qərarının hüquqi əsaslandırması oldu.

Bir sözlə başladı, 20 il davam etdi...

“Terrorla müharibə”

“Terrorla müharibə” deyiminin ardınca ABŞ-ın 20 illik Əfqanıstan işğalında yaşananlar belədir:

7 oktyabr 2001: ABŞ qüvvələri hava hərəkatına “Taliban” və “Əl Qaidə” qüvvələrinə qarşı hücumlarla başladı. Bölgəyə təxminən 1000 ABŞ xüsusi əməliyyat qüvvələri və Mərkəzi Kəşfiyyat Təşkilatı nümayəndəsi, hücumları yönləndirməyə və əfqan müxalif qüvvələri təşkilatlandırmağa kömək olmaq üçün Əfqanıstana girdi. Eyni dönəmdə təxminən 1300 dəniz piyadası “Taliban”a təzyiq göstərmək üçün vəzifələndirildi.

9 noyabr 2001: “Taliban” rejimi Məzari-Şərifdə özbək hərbi lider marşal Rəşid Dostuma sadiq qüvvələr qarşısında məğlub olduqdan sonra sürətlə zəifləməyə başladı.

14 noyabr 2001: BMT Təhlükəsizlik Şurası üzvlərinə Əfqanıstanda bir keçid hökluməti qurmaqda “mərkəzi bir rol” çağırışı edən, üzv dövlətləri sabitliyi və yardım paylanmasını təşviq etmək üçün sülhməramlı göndərməyə dəvət edən 1378 saylı qətnaməni qəbul etdi.

5 dekabr 2001: BMT “Taliban” xaricindəki başlıca əfqan qruplarını Almaniyanın Bonn şəhərindəki konfransa dəvət etdi və tərəflər BMT TŞ-nin 1383 saylı qərarı ilə təsdiqlənən Bonn Müqaviləsini imzaladılar. Müqavilə Həmid Qərzaini müvəqqəti rəhbər olaraq vəzifələndirdi və Kabildə təhlükəsizliyi təmin etmək üçün beynəlxalq sülhməramlılar yerləşdirilməsini planlaşdırdı. Bonn Müqaviləsini Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrini (ISAF) quran 20 dekabr tarixli, 1386 saylı BMT TŞ qətnaməsi izlədi.

Əfqanıstanda “Taliban” hakimiyyəti 9 dekabr 2001-ci ildə başa çatdı

9 dekabr 2001: “Taliban” hakimiyyəti “Taliban”ın Qəndəharı təslim etməsi və “Taliban” lideri Molla Ömərin şəhəri tərk etməsi ilə başa çatdı.

16 dekabr 2001: Əfqan milislərin “Əl Qaidə” lideri Usamə bin Ladeni tutmaq məqsədilə “Əl Qaidə” yaraqlıları ilə 3-17 dekabr tarixlərində girdiyi qarşıdurma yüzlərlə ölüm və Bin Ladenin qaçması ilə nəticələndi. Müharibənin ilk ilində 2 min 375 mülki şəxs həyatını itirdi.

Mart 2002: İlk ən böyük əməliyyat olan “Anakonda Əməliyyatı” təxminən 800 “Əl Qaidə” və “Taliban” üzvünü tutmaq üçün başladıldı. Təxminən 2000 ABŞ və 1000 əfqan əsgər əməliyyatda iştirak etdi.

17 aprel 2002: Buş Əfqanıstanın yenidən inşası ilə bağlı çağırış etdi. ABŞ Konqresi 2001-ci ildən 2009-cu ilə qədər Əfqanıstana 38 milyard dollardan çox humanitar və yenidənqurma yardımı ayırdı.

İyun 2002: Dekabr 2001-ci ildən bəri Əfqanıstanın müvəqqəti rəhbəri olan Həmid Qərzai ölkənin keçid hökumətinin rəhbərliyinə seçildi.

2 may 2003: ABŞ rəsmiləri Əfqanıstandakı böyük müharibə əməliyyatlarının başa çatdığını elan etdi. “Taliban” cənub və şərq başda olmaqla, yenidən bir araya gəlməyə başladı.

8 avqust 2003: BMT Əfqanıstanı sabitliyə qovuşdurmaq və yeni bir hökumət qurmaq məqsədilə NATO liderliyindəki bir missiyaya səlahiyyət verdi. NATO Əfqanıstandakı beynəlxalq təhlükəsizlik qüvvələrinin (ISAF) nəzarətini öhdəsinə götürərək, NATO/ISAF-ın rolunu ölkə miqyasında genişləndirdi.

9 oktyabr 2004: Qərzai 55 faiz səslə Əfqanıstanın demokratik yolla seçilən ilk lideri oldu.

Bin Laden 11 sentyabr hücumlarının məsuliyyətini üzərinə götürdü

29 oktyabr 2004: Bin Laden “Əl-Cəzirə”də yayımlanan açıqlamasında 11 sentyabr 2001-ci il hücumlarının məsuliyyətini öz üzərinə götürdü.

23 may 2005: Əfqanıstan Prezidenti Həmid Qərzai və ABŞ Prezidenti Corc Buş ölkələrinin strateji müttəfiqliklərini elan edən birgə bəyanat yayımladı. Bəyanat ABŞ qüvvələrinə “beynəlxalq terrora qarşı müharibə və şiddət ehtiva edən radikallığa qarşı mübarizə” üçün əfqan hərbi obyektlərinə girişi təmin etdi.

İyul 2006: Cənubda şiddətli qarşıdurmalar meydana çıxdı. 2005-ci ildə 27 olan intihar hücumlarının sayı 2006-cı ildə beş dəfə artaraq, 139-a yüksəldi. Uzaqdan partladılan bombalar iki dəfədən çox artaraq, 1677-yə çatdı.

2006-2008: ABŞ qüvvələri İraqda müharibə apararkən, Əfqanıstanda yalnız çox daha kiçik bir birlik yerləşdirildi. “Taliban” xüsusən cənubda böyük irəliləyişə nail oldu. Bundan sonra NATO missiyası bölgəyə çoxu ingilis olmaqla, minlərlə yeni hərbçi gətirdi. Mülki ölümlər 2001-ci ildən sonra ilk dəfə mini ötdü.

Əfqanıstandakı ABŞ qüvvələrinin sayı ilk dəfə 2010-cu ildə 100 minə çatdı

17 fevral 2009: ABŞ-da yanvar 2009-cu ildə Prezident seçilən Barak Obama Əfqanıstandakı qüvvələri artırmağa qərar verərək, müharibə bölgəsinə daha 17 min hərbçi göndərməyi planlaşdırdığını elan etdi.

İyul 2009: ABŞ dəniz piyadaları ölkənin cənubunda, xüsusən Helmand vilayətində böyüyən “Taliban” üsyanına cavab olaraq 4000 dənizçi ilə böyük bir hücum başlatdı.

Avqust 2009: İlk dəfə 50 mini ötən Əfqanıstandakı ABŞ hərbçilərinin sayı avqustda 68 minə çatdı.

Noyabr 2009: 20 avqustda keçirilən mübahisəli Prezident seçkilərinin ardından iki Aydan çox davam edən qeyri-müəyyənlikdən sonra Prezident Həmid Qərzai bir dönəm daha rəhbərliyə gəldi. Qərzaini rəqibləri Abdulla Abdulla və Əşrəf Qani ilə qarşı-qarşıya gətirən 20 avqust seçkiləri saxtakarlıq iddiaları ilə kölgələndi.

1 dekabr 2009: ABŞ Prezidenti Obama mövcud 68 min hərbçiyə əlavə olaraq daha 30 min əsgərin müharibəyə qatılacağını dedi.

2010: Əfqanıstandakı ABŞ qüvvələrinin sayı ilk dəfə 100 minə çatdı. 2008-ci ildən sonra illik 2000-i ötən mülki ölümlər 2010-da 2 min 794 oldu.

Bin Laden 1 may 2011-ci ildə öldürüldü

1 may 2011: Bin Laden Pakistanda ABŞ qüvvələrinin keçirdiyi əməliyyatda öldürüldü. Müharibənin başlamasına səbəb olan 11 sentyabr hücumlarının məsuliyyətini üzərinə götürən Bin Ladenin öldürülməsi Əfqanıstanda müharibənin davam etdirilməsi ilə bağlı davam edən mübahisələri qızışdırdı.

22 iyun 2011: Obama 2012-ci ilin yayına qədər 33 min hərbçini geri çəkmək planını açıqladı. Bu çərçivədə ilin sonuna qədər 10 min əsgərin geri çəkilməsini söyləyən Obama 2014-cü ildə təhlükəsizliyi əfqanlara verənədək sabit sürətdə çəkilmənin davam etməsini istədi.

7 oktyabr 2011: Əfqanıstanda müharibənin 10-cu ili geridə qalarkən, təkcə 2011-ci ildə 3 min 133, ümumilikdə isə 17 minə yaxın mülki şəxs həyatını itirdi. Müharibəyə 444 milyard dollar xərcləyən ABŞ bölgədə 1800 əsgərini qurban verdi.

27 may 2014: Obama ikinci dönəminin başa çatacağı 2016-cı ilin sonunadək, demək olar ki, bütün ABŞ əsgərlərini Əfqanıstandan çəkmə planını açıqladı.

21 sentyabr 2014: Yeni seçilən Prezident Əşrəf Qani seçki nəticələrinə etiraz edən Abdulla Abdulla ilə koalisiya hökuməti qurmaq məsələsində razılığa gəldi.

28 dekabr 2014: ABŞ müharibə missiyası çoxu müharibə birliklərinin geri çəkilməsi və “əfqan liderliyindəki” bir müharibəyə keçidin ardından rəsmi olaraq başa çatdı. Bununla yanaşı, bölgədə əfqan qüvvələrini və terrorla mübarizəni təlimatlandırmaq üçün təxminən 10 min ABŞ hərbçisi qaldı.

2015: Obama Əfqanıstanda vəziyyətin ABŞ ordusunun bölgəni tərk etməsi üçün çox kövrək olduğunu dedi. 2015-ci ildə 3 min 565, 2016-cı ildə isə 3 min 527 mülki şəxs həyatını itirdi.

13 aprel 2017: ABŞ ordusu Əfqanıstanda İslam Dövləti yaraqlılarının istifadə etdiyi bir tunel kompleksinə bomba atdığını açıqladı. “Bütün bombaların anası” olaraq bilinən “Massive Ordnance Air Blast Bomb” (MOAB) ABŞ tərəfindən bir qarşıdurmada bu zamana qədər istifadə edilən ən böyük nüvə olmayan bomba oldu.

ABŞ-la “Taliban” arasında sülh görüşləri başladı

21 avqust 2017: Yanvar ayında vəzifəsinin icrasına başlayan Donald Tramp “Taliban”ı Kabil hökuməti ilə sülh danışıqları aparmağa məcbur etmək məqsədilə əfqanlara dəstək verən ABŞ qüvvələrinin yerləşdirilməsi çağırışını etdi. Tramp “Artıq ABŞ ordusunun gücünü uzaq ölkələrdə demokratiya inşa etmək üçün istifadə etməyəcəklərini, digər ölkələri ABŞ nüfuzuna görə yenidən inşa etməyə çalışmayacaqlarını, artıq o günlərin geridə qaldığını” söylədi. Bölgədə 2017-ci ildə 3 min 442 mülki şəxs öldü.

4 sentyabr 2018: Əfqan əsilli amerikalı diplomat Zalmay Xəlilzad “Taliban”la müzakirələr üçün ABŞ xüsusi nümayəndəsi olaraq təyin edildi.

12 oktyabr 2018: Xəlilzad siyasi ofislərini qurduqları Dohada “Taliban” təmsilçiləri ilə bir araya gəldi.

Fevral 2019: ABŞ-la Dohadakı “Taliban” arasındakı müzakirələr ən yüksək səviyyəyə çatdı.

7 sentyabr 2019: Xəlilzadın “Taliban” liderləri ilə “prinsipdə” razılaşdıqlarını açıqlamasından bir həftə sonra Tramp sülh görüşlərini qəflətən dayandırdı.

Fevral 2020-ci ildəki müqavilə ilə başlayan geri çəkilmə tamamlandı

29 fevral 2020: Xəlilzad və “Taliban” Əfqanıstandakı ABŞ qüvvələrinin nəzərəçarpacaq dərəcədə geri çəkilməsinin önünü açan və “Taliban”dan ölkənin terrorçu fəaliyyətlər üçün istifadə olunmayacağına dair zəmanətləri ehtiva edən müqavilə imzaladı. Sülh müqaviləsi çərçivəsində yekun geri çəkilmə üçün 1 may 2021-ci ili dəqiq tarix olaraq müəyyənləşdirən Əfqanıstandan geri çəkilmə prosesi başladı.

14 aprel 2021: Prezident vəzifəsinin icrasına başlayan Co Bayden ona miras qalan 1 may tarixini 31 avqusta təxirə saldı.

İyun 2021: Hücumlarını çoxaldan “Taliban” onlarla rayonu ələ keçirdikdən sonra mühasirəyə aldığı vilayət mərkəzlərinə yönəldi.

15 avqust 2021: “Taliban” paytaxt Kabili mühasirəyə aldı və idarəçiliyi ələ keçirdi. Əşrəf Qani həmin gün ölkəni tərk etdi.

30 avqust 2021: ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi ABŞ qüvvələrinin Əfqanıstandan çəkilmə prosesinin tamamlandığını açıqladı.

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?