"Bundan sonra Əfqanıstanda sülhməramlı missiyyasına ehtiyac yoxdur. Azərbaycan hərbçiləri də NATO üzvü olan Türkiyəyə dəstək vermək üçün oradadır. Təxliyə prosesindən sonra "Taliban" yenə öz təzyiq və bəyanatlarını bildirəcəksə, əlbəttə Azərbaycan da öz sülhməramlılarını geri çəkəcək. Çünki "Taliban" bir terror təşkilatıdır. Onların hansı addımı atacağı müəmmalı olaraq qalır.
Şübhəsiz ki, Türk əsgərinin orada qalması onların maraqlarına cavab verir. Amma Türkiyə hərbçiləri Əfqanıstandan çıxacaqsa, Azərbaycan sülhməramlıları da oranı tərk edəcək".
Bu sözləri Unikal.org-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Azərbaycan sülhməramlılarının Əfqanıstandakı missiyasının nə zaman bitəcəyini şərh edərkən deyib.
Milli Cəbhə Partiyasının sədr müavini onu da bildirib ki, "Taliban" siyasətinin əsasını ölkəni tam nəzarətə götürüb istədikləri kimi hakimiyyət qurmaq təşkil edir. Bunun üçün onlar heç bir xarici ölkə hərbçilərinin Əfqanıstanda qalmasını istəmir:
""Taliban"ın Əfqanıstanda hakimiyyətə gəlib ölkəni "Əfqanıstan İslam Əmirliyi" elan etməsi və xarici ölkə qoşunlarının ölkə ərazisindən çıxarılması onların strategiyasının əsasını təşkil edir. Onların əsas siyasəti ölkə daxilində heç bir xarici hərbçinin olmamasıdır.
Bir çox NATO ölkələri öz hərbçilərini Əfqanıstandan çıxarıb. Hazırda Türkiyə sülhməramlıları Kabil aeroportunda təhlükəsizliyi təmin edirlər. Həmçinin Azərbaycan hərbçiləri də.
Artıq "Taliban" Türk hərbçilərinin də ölkədən çıxarılmasını tələb edir. Lakin bu proses bir az ləngiyə bilər. Çünki hələ ki, təxliyə prosesi gedir. Düşünürəm ki, aparılan danışıqlar əsasında bu məsələ də öz müsbət həllini tapacaq. Türkiyə hərbçiləri hələ hava limanında təxliyə prosesini həyata keçirəcək".