“Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” iyul ayından etibarən xaricdə yaşayan soydaşlarımızın ana dili ilə bağlı problemləri, diaspora məsələləri, ana dilində məktəblər və s. araşdırıb Azərbaycan cəmiyyətində təsəvvür yaratmaq üzrə layihəyə başlayıb. Bu məqsədlə Mərkəzin əməkdaşları müxtəlif xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqə qurub, bu mövzuda müsahibələr alıblar. Budəfəki qonağımız «Ana Vətən» Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Mayisə Ağamirzəyevadır.
— Bakıda anadan olmusunuz…
— Bəli, N.Tusi adına Pedaqoji Universiteti bitirmişəm. Bir müddət Bakıda müəllim işlədim. 2008-ci ildən ikinci təhsil alaraq Haaqa Şəhər Xəstəxanasında işləyirəm.
—— Hollandiyada diasporanın fəaliyyəti haqda qısaca məlumat verərdiniz. Nə işlə məşğulsuz?
— Hollandiyada Azərbaycan diasporunun fəaliyyəti çox güclüdür, desəm, yanılmaram. Bu ötən il 44 günlük müharibə ərzində özünü xüsusilə göstərdi. Hamımız burada Azərbaycan bayrağı altında «Qarabağ Azərbaycandır!» şüarı ilə birləşdik. Azərbaycan diasporu burada öz gücünü, birliyini göstərdi. Müharibə vaxtı mitinqlər təşkil etdik, bəyanatlar imzaladıq, partiyalarla görüşlərimiz oldu. Tovuz hadisələri zamanı səfirliyin qarşısına izdihamlı mitinqlər təşkil etdik. Bu mitinqdən sonra ermənilər də bizim səfirliyin qarşısına gəlmişdilər. Özlərini çox pis aparırdılar. Azərbaycanlı icması ermənilərin cavabını verdi. Şikayətimiz əsasında Hollandiya polisi təxribatçı erməniləri xidməti atlarla, itlərlə qovdu.
— Mayisə xanım, bəlli bir həqiqətdir ki, millətin, yurdun varlığı ana dilinin varlığına bağlıdır. Əgər biz bu gün ana dilimizdə danışmır, övladlarımıza onu sevdirmir, öyrətmiriksə, demək, onda gələcəyimiz olan övladlarımız xalqımızdan ayrı düşür, yaşadığı ölkənin xalqı içərisində itir. Bu isə gələcəyimiz üçün böyük təhlükədir. Hollandiyada doğulan azərbaycanlı uşaqların öz ana dilində təhsil ala bilməsi üçün kurslar, məktəblər varmı?
— Biz «Ana Vətən» Azərbaycanlı Qadınlar Birliyinin nəzdində 2014-cü ildə ana dilini tədris etmək, balalara öyrətmək məqsədilə Nizami Gəncəvi adina Haaqa həftəsonu məktəbini təsis etdik, açdıq. Bir müddət məktəbimiz işlədi. Bizim təşkilatın idarə heyətinin üzvləri Almas Kərimli və Raya Kərimli könüllü olaraq bir neçə il hər həftəsonu azərbaycanlı balalara ana dilimizi öyrədirdilər, dərs keçirilirdi. Həmçinin burada uşaqlara rəqs də öyrədilirdi ki, bu işin də öhdəsindən Fidan Rəhimova layiqincə gəlirdi. Təəssüf ki, hələ pandemiyadan əvvəl məktəbimizi bağlamaq məcburiyyətində qaldıq. Hazırda məktəbimiz fəaliyyət göstərmir. Amma başqa təşkilatların tərkibində də məktəb var. Məsələn, Benilüks Azərbaycanlıları Konqresinin tərkibində həftəsonu ana dili məktəbi fəaliyyət göstərir.
— Necə oldu ki, Hollandiyada Azərbaycan məktəbini təsis etmək qərarına gəldiniz? Çətinlikləriniz nədədir? Bununla əlaqədar Hollandiyadakı səfirliyimizdən dəstək, yardım ala bilirsinizmi?
— Ana dilini tədris edən məktəb açmaq labüd idi, vacib idi. Çünki Sizin də dediyiniz kimi, övladlarımızın öz dilindən, mədəniyyətindən uzaq düşməməsi, yaşadığı ölkənin içərisində öz dillərini, mədəniyyətlərini əritməməsi üçün bu, mütləq lazım idi. Biz bu məktəbi ona görə yaratmışdıq. Qaldı ki,
səfirliklə hər zaman çox yaxşı əlaqələrimiz var. Bizə dəstək verirlər.
Yarandığı gündən etibarən səfirliyin həmişə bizim «Ana Vətən» Azərbaycanlı Qadınlar Birliyi ilə də, həmçinin Niderland Belçika Avropa Azərbaycanlıları Koordinasiya Şurası ilə də çox gözəl əlaqəsi var.Tək bizim deyil, hər hansısa bir vətəndaşımızın və ya buradakı diaspora təşkilatı nümayəndələrinin bir problemi olarsa, onu dərhal çözməyə, əllərindən gələn köməkliyi etməyə çalışırlar. Səfirlik istənilən işdə bizə əlindən gələn köməyi əsirgəmir.
— Əksər Avropa ölkələrində hər millətin nümayəndəsinin öz ana dilini öyrənməsi üçün dövlət hesabına dil kursları var. Hollandiyada bu barədə dövlətin dəstəyi varmı?
— Yox, təəssüf ki, Azərbaycan dilini öyrənmək üçün dövlət hesabı yoxdur. Burada, bu qədər türklərin yaşadığı bir ölkədə, əvvəllər məktəblərdə türk dili dərsləri keçirildiyi halda, indi o da qaldırıldı, o ki qala Azərbaycan dilinə… Dövlət tərəfindən heç bir dəstək yoxdur…
— Öz dilini sevmədən xalqı sevə, ona bağlı ola bilməzsən. Xaricdə yaşayan azərbaycanlılar necə, öz dillərinə, mədəniyyətlərinə bağlıdırlarmı? Azərbaycan dilində danışdığınız, toplaşdığınız məkan varmı?
— Təbii ki, biz toplaşdığımız zaman Azərbaycan dilində danışırıq. Bunun üçün müxtəlif təşkilatların ofisində də toplaşırıq, evlərdə də toplaşırıq. Azərbaycan dilində danışmağı çox sevirik, hamımızın övladı da ana dilində danışır, sözsüz ki, övladlarımız burda anadan olublar, burda böyüyüblər, holland dilində təhsil alırlar, holland dilində də danışırlar, ingilis dilini də, əlavə olaraq digər dilləri də öyrənirlər, amma Azərbaycan dilində danışmaq bizim üçün böyük şərəfdir, xüsusilə, mən ana dilində danışmağı çox sevirəm. Baxmayaraq ki, holland dilim də çox yaxşıdır, bu dildə də mükəmməl danışıram, amma öz dilimdə danışmağa daha çox üstünlük verirəm.
— Yeri gəlmişkən, ailədə hansı dildə danışırsınız? Övladlarınız ana dilin bilirmi?
— Ailədə ana dilində danışırıq. Mən öz dilimi, qeyd etdiyim kimi, çox sevirəm. Uşaqlarım da ailədə ana dilində danışırlar. Amma onlar burda anadan olub, burada böyüyüblər, təbii ki, holland dilində təhsil alırlar, odur ki, holland dilini də, ingilis dilini də bilirlər, həmçinin türk dilində danışmağı da sevirlər, təbii ki, türk dili də bizimdir — Anadolu türkcəsi deyək, o dildə də danışırlar. Çünki ataları əslən azərbaycanlı olan Anadolu türküdür… Bunu da demiş oldum.
— Bəs orada doğulan azərbaycanlı uşaqlar öz mədəniyyətinə, adət-ənənəsinə bağlıdırlarmı?
— Övladlarımız öz mədəniyyətinə çox bağlıdırlar, biz bunu görürük. Çünki adət-ənənə, mədəniyyət ən çox müəyyən günlərdə özünü göstərmiş olur. Birinci növbədə bu ailədən, ailədə verilən tərbiyədən başlayır və azərbaycanlı ailələrində, doğrudan da, görürük ki, uşaqlar tam bizim milli mentalitetə uyğun olaraq böyüyürlər. İstər hüznlü günlərdə, istər şadyanalıq günlərində mütləq şəkildə Azərbaycan adət-ənənələri özünü göstərir və bizim azərbaycanlılar da bunu qorumağa çalışırlar. Ümumiyyətlə, burada yaşayan azərbaycanlıların hər biri ayrılıqda bir diaspor fərdidir və zaman-zaman, yeri gəldikcə də Azərbaycan haqqında öz ətraflarındakılara, tanışlarına məlumat verirlər.
— Çox yaxşı, bizim azərbaycanlılar hansısa bir təşəbbüs göstərirlərmi? Orada Azərbaycan dilində teatr varmı?
— Teatr var. Hollandiyada Benilüks Azərbaycan Konqresi tərkibində «Körpə fidanlar» teatr qrupu var, yeni yaradılıb. Balaca uşaqlardan ibarət bir kollektivdir. Onlar da çalışışırlar ki, uşaqlarımıza şeirlər, nağıllar öyrətsinlər və onları səhnələşdirsinlər.
— Öz mədəniyyətindən ayrı düşənlər başqa mədəniyyətlərin təsiri altına düşür, assimilyasiya olma riski artır. Buna qarşı hansısa tədbirlər görülürmü?
— Təbii ki, Hollandiyada keçirilən bütün tədbirlərimizdə uşaqlarımız da iştirak edirlər və biz çalışırıq ki, gənclərə xüsusi yer verək, tədbirlərin aparıcılığını onlara verək, onlar bu yolla ana dilinə, mədəniyyətimizə daha da bağlansınlar. 44 günlük müharibədə gənclərimiz çox fəal idilər, elə ondan əvvəl də, indi də fəaldırlar. Belə…
— Sözsüz ki, hər hansı bir dilin öyrənilməsində kitablar mühüm rola malikdir. Kitabxanalarda necə, Azərbaycan dilində kitab tapmaq olurmu? Kitab mübadiləsi nə yerdədir?
— Kitabxanalarda Azərbaycan dilində kitablar var, bəli. Zaman-zaman digər təşkilatlar tərəfindən, o cümlədən, bizim təşkilat tərəfindən də kitabxanalara Azərbaycan dilində, Azərbaycan haqqında kitablar verilib.
— Yaşadığınız ölkədə Azərbaycanı tanıtmaq üçün nə işlər görmüsünüz?
— Bu istiqamətdə bir sıra tədbirlər həyata keçirmişik. Buraya mədəni tədbirlər, sərgilər aiddir, bir çox beynəlxalq festivallarda da iştirak etmişik, mən bunu «Ana Vətən» Azərbaycanlı Qadınlar Birliyi adından deyirəm. Bundan əlavə, Azərbaycanın haqq işini tanıtmaq üçün 44 gün ərzində çox fəallıq göstərdik. Niderland Parlamentində mətbuat konfransi keçirdik.
Türk əsilli deputat Tunahan Kuzu yanımıza gəlib bizə dəstək oldu. Həmçinin o, müharibə vaxti bizə məclisdə cox arxa durmuşdu. Ən son tədbirimiz isə odur ki, mayın 31-dən avqustun 31-nədək, 13 həftə — 3 ay ərzində Haaqa şəhərində böyük xəttə malik olan bir tramvay Azərbaycanı tanıtmaq, onun haqqında təsəvvür yaratmaq üçün Azərbaycana aid reklamlarla hərəkət edir. Bu böyük tramvayın üzəri Azərbaycan və onun dilbər guşələri, xüsusən, işğaldan azad olmuş Şuşa şəhərinin şəkilləri ilə bəzədilib. O, 3 aydır ki, bu reklamlarla hərəkətdədir və bu aksiya hələ də davam edir.
— Bildiyimizə görə, Azərbaycan dövləti fəaliyyətinizi qiymətləndirir, təltifləriniz də var…
— Bəli, Azərbaycan Prezidenti tərəfindən diaspora fəaliyyətinə görə Fəxri fərmana və “Tərəqqi” medalına layiq görülmüşəm.
— Dilin öyrədilməsində və təbliğində televiziya və radionun rolu danılmazdır. Hollandiyada Azərbaycan dilində televiziya və ya radio verilişləri varmı?
— Televiziya və radionun yaradılması məsələsi planımızda var. Doğrudur, burda televiziya və ya radio kanalı açmaq işi asan deyil. Amma Azərbaycan radio kanalı yaratmaq «Ana Vətən»in planlarının içində olan bir layihədir, İnşallah buna da nail olacağıq.