Daxili işlər naziri Vilayət Eyvazov ötən gün vəfat edən polis əməkdaşı ilə vida mərasimində iştirak edib.
DİN-dən verilən məlumata görə, polis əməkdaşı ilə vida mərasiminə nazir müavinləri də qatılıb. "Onun əziz xatirəsi, xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaqdır. Yaxınlarına, doğmalarına Allahdan səbr diləyirik!", -deyə DİN-in yaydığı açıqlamada deyilir.
Xatırladaq ki, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına müqavimət göstərən şübhəli şəxsi zərərsizləşdirərkən onun üzərində olan qumbaranı partlatması nəticəsində Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Elçin Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmiş E.Səfərov avqustun 5-də vəfat edib.