hemle

İlham Əliyev Ramazan Bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi

Tarix:11-05-2021, 12:31
Baxış Sayı:258

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

Hörmətli həmvətənlər!

Mübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hamınıza səmimi arzu və diləklərimi yetirirəm.

Ən ülvi hissləri və nəcib niyyətləri özündə təcəssüm etdirən, yardımsevərlik və paylaşmaq kimi yüksək əxlaqi dəyərlər aşılayan Ramazan ayı artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda hər bir müsəlman Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanaraq xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının sevincini yaşayır.

Müsəlman dünyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycan yüz illərdir ki, ayrı-ayrı din və etiqad mənsublarının əmin-amanlıq şəraitində yaşadığı, dinlərarası həmrəyliyin və əməkdaşlığın mövcud olduğu nadir məkanlardandır. Etnik-mədəni müxtəlifliyi ilə seçilən cəmiyyətimizdə qarşılıqlı hörmət və etimada əsaslanan dözümlülük mühitinin, demokratik birgəyaşayışın, vəhdət və harmoniyanın bərqərar olmasında bəşəriyyəti daim sülhə, humanizmə, qardaşlıq və bərabərliyə dəvət edən İslam dini müstəsna rol oynamışdır. Hazırda ölkəmizdə vicdan və etiqad azadlığının, dövlət-din münasibətlərinin mütərəqqi tarixi ənənəyə və beynəlxalq hüquq normalarına uyğun təmin edilməsi, milli-mənəvi dəyərlərimizin təbliği və təşviqi dövlət siyasətimizin əsas prioritetlərindəndir.

Əziz bacı və qardaşlarım!

Xalqımızın birliyini daha da gücləndirən, mənəvi-əxlaqi zənginliyin təntənəsinə çevrilən mübarək Ramazan günlərində ölkəmizin firavanlığı və tərəqqisi naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının ölməz xatirəsini ehtiramla yad edirəm. Əminəm ki, qədirbilən xalqımız onların müqəddəs adını həmişə uca tutacaq, şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısını heç vaxt əsirgəməyəcəkdir.

Bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza bayram təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Allah tutduğunuz orucu, dua və niyyətlərinizi qəbul etsin!

Ramazan bayramınız mübarək olsun!

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir