hemle

Minsk “üçlüyü”nə yeni həyat vermək PLANI... - TƏHLİL

Tarix:20-04-2021, 18:37
Baxış Sayı:310

Ötən həftənin yaddaqalan siyasi olaylarından biri də ATƏT-in Minsk Qrupunun böyük fasilədən sonra verdiyi bəyanat oldu. Daha çox “təzə bazara köhnə nırx” qoymaq cəhdinə bənzəyən həmin sənəddə erməni tərəfini, onun revanşist-radikal qüvvələrini ən çox ruhlandıran bənd “konfliktin uzunmüddətli həllinin tərəflərə yaxşı bəlli olan prinsiplər və elementlər əsasında zəruriliyi” barədə olan idi.

Yəni artıq heç kimə gərək olmayan qurumun “vasitəçilər” adlandırılan rəhbərləri sanki heç nə olmayıbmış kimi, təklif edirlər ki, ərazimizdə ikinci erməni dövlətinin qurulmasını və buna Azərbaycanın razılığını nəzərdə tutan (referendum hoqqası ilə!) bədnam “Madrid prinsipləri” əsasında Bakı və İrəvan təzədən danışıqlar stolu ətrafına keçsin. 44 günlük müharibədə öz ərazi bütövlüyünü bərpa edən Bakı niyə, nədən öz ağrımayan başına dəsmal bağlamalıdır, anlaşılmır. Daha doğrusu, anlaşılır. Bu barədə aşağıda...

*****

Gözlənildiyi kimi, Ermənistandakı revanşist-faşist çevrələrdə və Qarabağa gizlənmiş separatçı-cinayətkar ünsürlərdə həmin bənd əməllicə ümid yaradıb. Onlar dərhal bundan yapışaraq, münaqişənin hələ bitmədiyini daha ucadan bəyan eləməyə başlayıblar, növbəti dəfə bədbəxt ermənilərin “saqqızını” oğurlamağa çalışırlar. Çünki üzdəniraq vasitəçilər “məlum olan həll prinsipləri və elementlər” deyərkən 3 prinsipdən biri kimi “öz müqəddəratını təyinetmə”ni də nəzərdə tuturlar.

“Keçənilki müharibədən sonra Azərbaycan Prezidenti münaqişənin həllinə dair danışıqları davam etdirməməyə çalışır. Buna baxmayaraq, o, yenidən danışıqlar masasına qayıtmaq məcburiyyətində qalacaq”.

“Yeni Müsavat” xəbər verir ki, belə bir iddianı erməni politoloq-amerikaşünas Suren Sərkisyan Novosti NK-ə açıqlamsında irəli sürüb. Erməni saytı yazır ki, Sərkisyanı məhz həmsədrlərin bəyanatındakı “tərəflərin yaxşı bildiyi elementlərə və prinsiplərə əsaslanan son, sabit və hərtərəfli anlaşmanın vacibliyi” haqda tezis ruhlandırıb.

“Çəhrayı arzularla” yaşayan erməni ekspertin dediyinə görə, konkret halda söhbət “Qarabağ nizamlanmasının əsasını təşkil edən Helsinki Aktının prinsipləri”ndən gedir. “Yəni xalqların öz müqəddəratını təyinetməsi, güc tətbiq etməmək, güclə hədələməmək və ərazi bütövlüyü. Bu baxımdan Bakı güc tətbiq etməmək prinsipini pozub və ərazi bütövlüyü prinsipini reallaşdırmağa çalışıb. Xalqların öz müqəddəratlarını təyinetmə hüququ ilə bağlı prinsip isə ümumiyyətlə, tətbiq olunmamış qalır” - deyə o sərsəmləyib.

Bu baxımdan o, Minsk Qrupunun bəyanatını “digər oyunçuların” Azərbaycana təzyiqi kimi qiymətləndirir və erməni diplomatiyasının fəaliyyəti üçün burada geniş sahə açıldığını zənn edir. “Biz Əliyevin ”artsax"ı tanıması üçün ona maksimum təzyiq edilməsinə nail olmalıyıq. Bu isə məntiqi olaraq o deməkdir ki, “artsaxı” ilk olaraq Ermənistan tanımalıdır. Bu, “artsax”ın beynəlxalq səviyyədə tanınması prosesinin təşəkkül tapmasına gətirib çıxaracaq və Əliyevə ən yaxşı və təsirli təzyiq vasitəsi olacaq", - deyə beyni “Böyük Ermənistan” virusu ilə zəhərlənmiş erməni politoloq sadəlövhcəsinə ümid edib.

*****

Beləcə, MQ üçlüyünün son bəyanatı həm də xroniki “erməni xəstəliyi”ni təzədən qızışdıraraq, yeni erməni sərsəmlərinə zəmin yaradıb ki, bu da bölgədə çoxdan gözlənilən böyük sülhün əldə olunmasına zərbə hesab edilməlidir. Ayrı sözlə, Minsk Qrupu rəhbərliyi vəziyyətin tam normallaşmasına yardımçı olmaq əvəzinə, erməni xalqının öz maraqlarını və iztirablarını belə, gözardı edərək, hansısa məkrli oyunun təhlükəli elementinə çevrilməkdədir və faktiki, təxribatla məşğuldur.

Məlum bəyanatdan dolayı incə bir məqam, gəlişmə də var. Bu da Rusiyadan olan həmsədrin də sənədə imza atmasıdır. O Rusiya ki, onun lideri Vladimir Putin 2-ci Qarabağ savaşından az sonra belə bir cümlə işlətmişdi və düz də demişdi: “Ümid edirəm ki, bundan sonra ”Dağlıq Qarabağ münaqişəsi" ifadəsindən istifadə etməyəcəyik".

Yəni Rusiya prezidenti də konfliktin tarixə çevrildiyini etiraf etmişdi. Bu fonda rusiyalı həmsədrin öz ölkəsinin mövqeyi əleyhinə gedərək, Qərbin oyundan kənarda qalmış “vasitəçilərinə” qoşulması, havaya getməsi, ən azı, qəribə görünməklə yanaşı, məntiqli sual doğurur: əcəba, Rusiya da artıq ölü olan bir qurumun reanimasiya edilməsindəmi maraqlıdır? Belədirsə, bunu Moskvanın sülhməramlılar məsələsində ona böyük güzəşt eləmiş Bakıya qarşı yeni təzyiq rıçaqı yaratmaq cəhdi saymaq olarmı - xüsusən də “İsgəndər M” qalmaqalı ilə bağlı Azərbaycanın Kremldən izah gözlədiyi bir vaxtda?

Bu xüsusda politoloq Yeganə Hacıyevanın Teleqraf.com-a müsahibəsində bir fikir diqqət çəkir. Siyasi ekspert düşünür ki, Rusiya hazırda Azərbaycan daxilində “hibrid oyuna” əl atıb: “Rusiya Qarabağda sülhməramlı missiya adı altında humanitar fəaliyyətlərdən çox, siyasi oyunlar oynayır. Beynəlxalq təşkilatlar və ya tərəfdaşları, eləcə də Bakının dəfələrlə ”bizə lazım deyil" dediyi ATƏT-in Minsk Qrupunu da bura cəlb edərək, Azərbaycana qarşı təzyiq və təsir alətləri formalaşdırır. Yəni Rusiyanın Qarabağla bağlı başqa planları var. Bu, Azərbaycanın özünün ərazi bütövlüyünü bərpa etmək planları ilə uzlaşmır. Türkiyə də buna mane olur".

Politoloq bu kontekstdə Ağdamda fəaliyyət göstərən birgə Rusiya-Türkiyə monitorinq mərkəzinin üzdə görünməsə də, daxildə çox dərin işlər gördüyünə əmindir. “Rusiya da çalışır ki, öz məqsədlərini rahat həyata keçirə bilmək üçün Türkiyə prosesdən kənarda qalsın... Əslinə qalsa, Rusiya 44 günlük müharibədə heç dı sakit şəkildə kənarda durmamışdı. Oktyabrın əvvəlində o, BMT TŞ-də hərbi əməliyyatların dayandırılması ilə bağlı qətnamə qəbul etdirmək istədi. Eyni zamanda son 30 ildə olduğu kimi, 44 günlük müharibədə də, Ermənistana hər cür silah-sursat dəstəyi verdi. O sırada Azərbaycana satışının qadağan edildiyi sistemləri Ermənistana verdi (”Isgəndər M" nəzərdə tutulur - red.)".

Onun sözlərinə görə, Rusiya müharibə vaxtı Cənubi Qafqaz və ya Azərbaycandakı maraqları nəzərə alaraq, bir qədər özünü kənarda dururmuş kimi göstərsə də, əlaltından öz işini görüb. “Hərbi əməliyyatların gedişində bir çox ərazilərimiz işğaldan azad edildi. Sonra aydın olanda ki, Azərbaycan Ordusu Şuşaya girir, bu, Rusiya üçün narahatlıq yaradan məqam oldu. Şuşanın azad edilməsi həlledici məqam idi. Yəni Rusiyada Şuşanın azad olunmasını gözləmirdilər”, - deyə politoloq fikrinə bir az da aydınlıq gətirib.

*****

Təbii ki, rəsmi Bakı son gəlişmələrin hamısının yaxşı fərqindədir. Onun da fərqindədir ki, “Minsk üçlüyü”nə hər hansı şəkildə yeni həyat vermək səyləri - konflikti sönməyə qoymamağa hesablanıb. Lakin ətrafımızda hansı məkrli oyunlar qurulur-qurulsun, Azərbaycan dövlətinin sükanı arxasında milli maraqlarımızın alver predmetinə çevrilməsinə heç vaxt imkan verməyəcək qətiyyətli, iradəli bir rəhbər dayanıb. Qalib Azərbaycan xalqının əzmi, iradəsi və saz vəziyyətdə olan “dəmir yumruğu” da öz yerində.

Bir də ki, qalib mühakimə edilmir. Ələlxüsus da o, haqlı olanda...
“Yeni Müsavat”

Digər xəbərlər
15:19 Siyəzəndə gənclər üçün təlim baş tutub
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...