Fərasət Qurbanov bütün suallara aydınlıq gətirdi: “Aşkarlanan çatışmazlıqları QHT-lər, podratçı təşkilatlar və Katiblik artıq aradan qaldırıb”
Musavat.com saytı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin icraçı direktoru Fərasət Qurbanovdan müsahibə alıb.
- Fərasət müəllim, artıq mətbuatdan da bildiyimiz kimi Azərbaycan Respublikası Hesablama Palatası Şuranın Katibliyində yoxlamalar aparıb. Bu yoxlama haqqında nə deyə bilərsiniz?
- Bəli, Azərbaycan Respublikası Hesablama Palatası keçən ilin sentyabrın 15-dən oktyabrın 15-dək Şuranın Katibliyində yoxlamalar aparıb və bu yoxlamalar Katibliyin fəaliyyətinin 3 ilini (2017–2019-cu illər) əhatə edib.
Bildiyimiz kimi, Hesablama Palatası ildə onlarla dövlət təşkilatında büdcədən ayrılan vəsaitlərin xərclənməsi vəziyyətini yoxlayır və bu adi bir praktikadır. Bir məqamı diqqətinizə çatdırım ki, Şuranın təşəbbüsünə baxmayaraq qurumumuz fəaliyyətə başladığı 2008-ci ildən ötən ilədək yoxlamaya cəlb olunmayıb. Ümumən götürsək belə yoxlamaların aparılması qurumun fəaliyyətinin təkmilləşdirilməsi və daha yaxşı təşkil olunması baxımından olduqca faydalıdır. Yoxlamanın məqsədi çatışmazlıqları və pozuntuları aşkar edərək müvafiq qurumların fəaliyyətini təkmilləşdirməsinə yardımçı olmaqdır. Bizim işimiz isə yoxlamalardan nəticə çıxararaq həmin nöqsanları aradan qaldırmaqdır.
- Yoxlama zamanı hansı nöqsanlar aşkarlandı, daha çox nələrə diqqət ayrıldı?
- Hər şeydən öncə onu deyim ki, Şura fəaliyyətində hər zaman aşkarlığa və hesabatlığa önəm verdiyindən Hesablama Palatasının apardığı yoxlamanın nəticələri barədə də ictimaiyyəti ətraflı şəkildə məlumatlandrımağı vacib hesab edir. Bu cəhətdən sizin saytınızın suallarını cavablandırmağa məmnuniyyətlə hazıram. Çünki belə həssas mövzu barədə Katibliyin icraçı direktoru kimi birbaşa məndən məlumat almağınız mümkün anlaşılmazlıqların və ya sui-istifadələrin qarşısının alınması baxımından önəmlidir.
O ki, qaldı sualınıza, onu deyə bilərəm ki, qeyd olunan 3 il üzrə Şuranın Katibliyinin maliyyə fəaliyyətinin bütün sahələri yoxlanıldı. Buraya Katibliyə ayrılmış vəsaitin istifadəsi, dövlət satınalmalarına aid məsələlər, qrant müsabiqələrinin mövzularının müəyyənləşdirilməsi, həmçinin QHT layihələrinin icra vəziyyəti və hesabatlıq məsələləri, layihələrin ekspertizasına dair ödəmələr, təlim və tədbirlərin icra vəziyyəti, qrantların qeydə alınması, layihələrin icrasına nəzarət və monitorinq, Katibliyin struktur bölmələrinə dair məsələlər aiddir.
İlk növbədə istərdim ki, Şura Katibliyinin xərclər üzrə tələbat barədə Maliyyə Nazirliyinə təqdim olunmuş layihə sənədinə münasibət bildirim. Palatanın rəyində proqnoz layihələrin hazırlanması prosesində Şuranın funksional fəaliyyəti, Katibliyin saxlanılması və QHT-lərin qrant müsabiqəsi layihələri üzrə keçirilməsi nəzərdə tutulmuş tədbir və layihələrin sayına uyğun ehtimal olunan xərclərin müəyyənləşdirilməməsi və maliyyə yardımının həcminin əsaslandırılması barədə dəlillərin tam olmaması ilə bağlı bir sıra iradlar bildirilib. Bütün QHT sektoruna və ictimaiyyətə bəllidir ki, Şura daima dinamik fəaliyyət göstərən bir qurumdur. Şura hər il dövlət siyasətinin prioritetlərinə, ictimai həyatın çağırışlarına və QHT-lərin ehtiyaclarına uyğun olaraq çoxsaylı tədbirlər həyata keçirir. Hər il Şuranın funksiyalarına aid bütün məsələlər üzrə illik fəaliyyət planı hazırlanır və ona uyğun olaraq ehtimal qiymətlər müəyyənləşdirilir. Qrant müsabiqələri çərçivəsində QHT layihələri üzrə isə təlim və tədbirlərin proqnozlaşdırılmasında dəqiq sayların göstərilməsində çətinliklər yaranır. Belə ki, QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı proqnoz büdcəni müəyyən edərkən orta hesabla Şuraya il üzrə daxil olan layihələrin sayı, QHT layihələrinin keyfiyyətinin yüksəldilməsi məqsədilə bir layihə üçün nəzərdə tutulan orta məbləğin artırılması kimi amillər əsas götürülür. Müsabiqə mövzuları demək olar ki, hər il yeniləndiyinə və şaxələndirildiyinə görə proqnoz büdcə hazırlanarkən QHT layihələri üzrə tədbirlərin sayının əvvəlcədən müəyyənləşdirilməsi mümkün olmur. Burada, QHT-lərə institusional dəstəyin gücləndirilməsi, QHT-lərin davamlı fəaliyyətinin təmin olunması, QHT layihələrinin keyfiyyətinin yüksəldilməsi və digər bu kimi amillər əsas götürülür. Bütün bunlar hesab edirəm ki, nəzər alınmalıdır.
- Az öncə qeyd etdiniz ki, nöqsanlar sırasında QHT-lərin müsabiqə mövzularına dair məsələlər də olub. Bu hansı məsələlərdir?
-Audit rəyində qrant müsabiqəsinin mövzularının seçimində əsasən aktuallıq baxımından uyğunluğun gözlənildiyi qeyd edilir. Bununla yanaşı bəzi hallarda Şura Katibliyinin vəzifə funksiyalarına aid olunan səlahiyyətlər daxilində müvafiq satınalma proseduruna aid olan məsələlərin layihə mövzusu kimi təqdim edildiyi bildirilir. Şuranın qrant müsabiqəsinin mövzuları müəyyənləşdirilərkən ilk növbədə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasında dövlətin üstünlük verdiyi prioritet istiqamətlər, eləcə də QHT-lərlə hər il aparılan müzakirələrdə səslənən və ictimai həyatın ən aktual sahələrini əhatə edən mövzular nəzərə alınır. O ki qaldı Şuranın funksiyalarına aid olan məsələlərin qrant müsabiqəsinin mövzusu kimi göstərilməsinə...
- Palata burada hansı mövzuları nəzərdə tutur?
- Bilirsiniz, Şura son dövrlərdə QHT-lərə göstərdiyi bütün xidmətlərini tam şəkildə elektronlaşdırıb. Şura çoxtərəfli nəzarəti, monitorinqi, heç bir canlı təmas olmadan layihə təkliflərinin qəbulunu, sürətli idarəetməni, hesabatlığı, qiymətləndirməni, əlaqələndirməni, apellyasiya şikayətlərinə baxılmasını və bütün istiqamətlər üzrə şəffaflığı tam təmin edən SƏLİS elektron xidmət platformasını istifadəyə verib. Şura ölkədə ilk və yeganə donordur ki, QHT-lərə göstərdiyi bütün xidmətlərin ictimaiyyət üçün əlçatanlığını təmin edib və bütün prosedurlar üzrə müvafiq normativ sənədlər hazırlayaraq təsdiq edib.
Elektron xidmətlərin geniş tətbiqi də öz növbəsində bu istiqamətdə müzakirələrin aparılmasını, xidmət səviyyəsinin ölçülməsini, QHT-lərin təkliflərinin öyrənilməsini və nəzərə alınmasını zəruri edir. Şuranın funksiyalarına aid mövzular dedikdə məhz ilk növbədə bu istiqamətdə olan mövzular nəzərdə tutulur. Buraya Şuranın elektron xidmətlərinin tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı müzakirələrin təşkili, QHT-lərə göstərilən elektron xidmətlərin təqdimatına həsr olunan tədbirlərin təşkili və QHT fəaliyyətinə həsr olunan televiziya verilişlərinin (internet televiziyaları istisna olmaqla) təşkili kimi mövzular daxildir. Bu istiqamətdə QHT-lərin rəy və təkliflərinin öyrənilməsinin, bu təşəbbüsləri QHT-lərin irəli sürməsinin, mövzuya məhz QHT-lərin özlərinin yanaşması və müdaxiləsi ilə münasibət bildirilməsinin vacibliyi nəzərə alınaraq bu mövzular müsabiqəyə təqdim olunub. Bütövlükdə götürüldükdə isə müsabiqəyə təqdim olunan əksər mövzular Şura Katibliyinin fəaliyyəti ilə bu və ya digər formada əlaqəlidir. Hesab edirəm ki, bu təbiidir. Qrant müsabiqələrinə təqdim olunan bütün mövzuların və həmin mövzular üzrə QHT layihələrinin icra vəziyyəti və nəticələrinə dair Şura Katibliyi davamlı olaraq ictimai müzakirələr təşkil edir və QHT-lərin mövqeyi öyrənilir.
- Fərasət müəllim, qrant müsabiqələrinə təqdim olunan layihələrin ekspertizasına cəlb olunan ekspertlərlə bağlı da nöqsan aşkarlandığını söylədiniz, bu nə ilə bağlıdır?
- Bildiyiniz ki, son illər Şura müvafiq dövlət qurumları ilə birgə qrant müsabiqələri təşkil edir. Şuraya təqdim olunan QHT layihələri bir qayda olaraq ekspertizaya təqdim olunur. Hər bir layihəni Şuranın qərarı ilə müəyyən olunan və sırf peşəkar əsaslara söykənən meyarlar üzrə ən azı iki ekspert qiymətləndirir. Ekspertlər qrupuna müvafiq sahələr üzrə müstəqil ekspertlər və aidiyyəti dövlət qurumlarının nümayəndələri daxildir. Hər bir layihənin qiymətləndirilməsi üçün 15 manat vəsait ödənilir. Dövlət qurumlarının təqdim etdiyi ekspertlərin bəziləri həm də dövlət qulluqçularıdır. Müsabiqə mövzularının istiqamətləri nəzərə alınmaqla QHT-lərin təqdim etdiyi layihə təkliflərini ixtisaslı mütəxəssislərin təhlil etməsi və qiymətləndirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının nümayəndələri layihələrin ekspertizası mərhələsində iştiraka cəlb edilib. Dövlət orqanlarının nümayəndələrinin ekspert qismində QHT layihələrinin ekspertizası mərhələsində iştirakı iki həftəlik qısa müddətli dövrü əhatə etməklə yanaşı, eyni zamanda elmi-təhlil xarakteri daşıyır. Qeyd olunanlarla bağlı nəzərə alınmalıdır ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3.1-ci maddəsinə əsasən vəzifəli şəxsin xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə həyata keçirdiyi elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti korrupsiyaya şərait yaradan hüquqpozma hallarını istisna edir. Məhz bu amil nəzərə alınaraq Şura Katibliyi həmin ekspertlərə ödənişlər edib. Lakin audit nəticəsində 11 dövlət qurumunu təmsil edən ekspertlərə dövlət qulluğunda olduqlarına görə layihələrin qiymətləndirmələrinin qarşılığında ödəniş edilməsinə irad tutulub. Hesab edirik ki, qanunvericiliyin bu məsələ ilə bağlı tələbləri və işin elmi-təhlil xarakteri nəzərə alınmalıdır.
- QHT layihələrinin icra vəziyyəti necə qiymətləndirildi? Bu məsələ QHT-lər üçün, eləcə də ictimaiyyət üçün böyük maraq kəsb edir.
- Bəli, QHT layihələri də yoxlamaya cəlb olunub. Burada layihələrin icrası və keçirilmiş tədbirlər üzrə xərclərin bəzi təsdiqedici sənədlərinin lazımi qaydada mühasibat sənədlərinə əlavə edilməməsi, bunun da nəticəsində iştirakçı sayının fərqinə və artıq büdcə vəsaitinin ödənişinə səbəb olduğu qeyd olunur. Bu məsələ QHT-lərə çox yaxşı tanış olan nöqsandır. Şura Katibliyi də QHT layihələrinin hesabatlığında ən çox məhz bu məsələ ilə əlaqədar problemlərlə üzləşir. Əksər QHT-lər hər il Şura Katibliyindən bununla əlaqədar onlara güzəşt etməyi xahiş edir. Bəzən isə hətta güzəştin edilməməsilə bağlı çoxlu sayda şikayətlər də daxil olur. İl ərzində Şura orta hesabla 500 QHT layihəsini maliyyələşdirir. Əksər QHT-lər bu məsələdə onlara güzəştli yanaşmağı xahiş edir. Hətta bu məsələ ilə bağı Şuraya əsassız olaraq güzəşt tələbləri irəli sürən QHT-lər də var. Qanunları pozmamaq şərti ilə həmin güzəştlər ediləndə yekunda buna görə Şura Katibliyi cavab verməli olur. Şura Katibliyi onsuz da bütün mübahisəli məsələləri adətən QHT-lərin xeyrinə həll etməyi çalışır. Əlbəttə ki, QHT-lər də layihəni icra edərkən qanunvericiliklə təsərrüfat münasibətlərində iştirak edən bütün subyektlər üçün nəzərdə tutulan tələblərə tam riayət etməlidir.
- Katibliyin keçirdiyi satınalmalarla bağlı vəziyyət nə yerdədir? Mediada ən çox müzakirə olunan məsələlərdən biri də budur.
- Şura Katibliyinin satınalmalarına əsasən iki irad bildirilib. Birinci irad bəzi malların ehtimal qiymətlərinin müəyyənləşdirilməsi metodologiyasının tətbiqi vəziyyəti ilə bağlıdır. Bütün satınalma əməliyyatlarına ehtimal qiymətlərin müəyyənləşməsi "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq aparılıb. Qanunda ehtimal qiymətlərin müəyyən edilməsinin metodologiyası qeyd olunmadığına görə ehtimal qiymətlər müəyyənləşdirilərkən orta bazar qiyməti əsas götürülüb. Onu da qeyd etmək vacibdir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 454 nömrəli Fərmanına uyğun olaraq, malların (işlərin, xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsullarının təsdiq edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb. Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarı ilə “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması Üsulları” təsdiq edilib. Şuranın 2020-ci ildə keçirilən tenderlərində bu məsələlər nəzərə alınıb və tenderin ehtimal qiymətləri qaydalara uyğun olaraq müəyyənləşdirilib.
Digər bir irad isə Şura Katibliyinin həyata keçirdiyi tədbirlərə bağlıdır. Şura Katibliyi şəffaflığa xüsusi önəm verən dövlət qurumu kimi keçirdiyi bütün tədbirlərlə bağlı daim ictimaiyyətə geniş məlumatlar verir. Bu məlumatlar hazırlanarkən onların ictimai-siyasi əhəmiyyətinə diqqət yetirilir və daha çox tədbirlərin işgüzar mühiti fotolarda canlandırılır. İaşə və bəzi texniki xarakterli məsələlər isə bəzən diqqətdən kənarda qalır. Bu tədbirlərin icrasını həyata keçirən podratçı təşkilatlar tələb olunan bütün komponentlərə yetərincə diqqət yetirməyiblər. Bu səbəbdən Hesablama Palatasının yekun rəyində qeyd olunan nöqsanlar podratçı təşkilatlar tərəfindən aradan qaldırılıb.
Yoxlamanın nəticəsini əks etdirən sənəddə qanunvericiliyin tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmasını tənzimləyən normativ hüquqi sənədlərin tələblərinə ciddi əməl olunması, maliyyə-təsərrüfat əməliyyatlarının aid olduğu dövrdə uçota alınması, aktivlərin aidiyyəti üzrə maddi məsul şəxslərin öhtəsinə təhvil verilməsinə, mal və materialların silinməsinə nəzarətin gücləndirilməsi kimi qeydlər də var. Şura Katibliyi qeyd olunan çatışmazlıqları aradan qaldırmaq üçün müvafiq addımlar atıb.
- Ziyanla işlədiyinə görə QHT Nəşriyyatının ləğv olunması haqqında nəşriyyatın direktoru Rafiq Hüseynovun mətbuata açıqlaması oldu. Bunun səbəbi nədir, bazarda rəqabətə tab gətirməmək yoxsa QHT sifarişlərinin azalması?
- Məncə hər iki amil “QHT Nəşriyyatı”nın ləğvi məsələsini aktuallaşdırdı. Məlumat üçün deyim ki, “QHT Nəşriyyatı” MMC 2012-ci ildə təsis edilib və öz hesabına fəaliyyət göstərib. Yəni, Şura nəşriyyata hər hansı bir dotasiya ayırmayıb. Ümumiyyətlə, nəşriyyatın yaradılması qərarı bu sahədə aparılan araşdırmalardan sonra qəbul edilib. Şura hər il qrant müsabiqələri çərçivəsində maliyyələşdirdiyi layihələr üzrə QHT-lərin xərclədiyi vəsaitin təsnifatını aparır. Bu təsnifat maddələrindən biri də nəşr xərcləridir. Şuranın fəaliyyətə başladığı ilk illərdə ən çox vəsait sərf olunan xərc maddəsi nəşr xərcləri olub. İlk illərdə QHT layihələrinin icrası çərçivəsində orta hesabla 500 minə yaxın vəsait nəşr xərclərinə yönəldilib. Burada ən böyük problemlərdən biri çap məhsullarının keyfiyyəti ilə bağlıdır. Bir çox QHT nəşrləri çap standartlarına cavab vermirdi, eyni zamanda hətta bəzi nəşrlərdə dövlət atributlarının rəngləri belə təhrif olunurdu. Təbii ki bu cür nəşrlər qəbul edilmirdi. Keyfiyyətsiz çapla yanaşı nəşrlərin layihədə nəzərdə tutulan saydan az çap olunması halları da vardı. Təsəvvür edin ki, bəzi QHT-lər kustar üsulu ilə kseroks aparatından istifadə etməklə “çap” məhsulları hazırlayıb bizə təqdim etməyə, hətta bu cür “məhsulları” beynəlxalq təşkilatlarda yaymağa cəhd edirdilər. Təbii ki, biz bunlara yol vermirdik. Bütün bu problemləri həll etmək və bu sahədə QHT-lər üçün əlavə imkanlar yaratmaq məqsədilə QHT Nəşriyyatının yaradılması qərara alındı.
Nəşriyyatın fəaliyyətə başladığı ilk illərdə sifarişlərin sayı çox olmasa da “QHT Nəşriyyatı” əldə etdiyi gəlirdən bir sıra kitabları pulsuz çap edib. Nəşriyyatın yaranması QHT-lərin layihə çərçivəsində hazırladığı çap məhsullarının keyfiyyətinə də ciddi təsir göstərib. Sonrakı dövrlərdə QHT layihələrində nəşr xərcləri üçün ayrılan vəsaitin həcminin azalması, eyni zamanda nəşriyyat bazarında rəqabət mühitinin yüksəlməsi və təbii olaraq nəşriyyatın avadanlığının köhnəlməsi baş verdi. Bu da “QHT Nəşriyyatı”nın lazımi səviyyədə fəaliyyət göstərməsinə mənfi təsir göstərib. Fəaliyyətə başladığı ilk illər ərzində bu nəşriyyat QHT-lərin sifarişlərini icra etsə də, sonrakı illərdə sifarişlərin həcmi tədricən azalıb, son bir-neçə ildə isə ümumiyyətlə QHT sifarişləri olmayıb. Nəşriyyatın fəaliyyətə başlamasından 9 il keçib. Bu illər ərzində avadanlığın fiziki aşınması və texniki baxımdan köhnəlməsi, avadanlıqların tez-tez xarab olması, bərpa olunmasının gec və baha başa gəlməsi, hissə və detallarının aşınması, texniki avadanlıqların fəaliyyətini təmin edən əməliyyat sisteminin köhnəlməsi, istehsal zamanı itkilərin çoxalması və s. səbəblərdən onların istifadəsindən gələcəkdə iqtisadi səmərənin əldə ediləcəyi ehtimalı çox aşağıdır. Bu problemlərin həlli üçün isə büdcədən əlavə vəsaitlərin ayrılması imkanı məhduddur. Bütün bunlara görə də hüquqi şəxsin ləğvinə dair qanunvericiliklə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq “QHT Nəşriyyatı” MMC-nin ləğv edilməsinə başlanılıb.
- Müsahibənin əvvəlində audit rəyində Katibliyin struktur bölmələrin işinin, o cümlədən monitorinqlərin və nəzarət mexanizmlərinin təşkili ilə bağlı qeydlərin də olduğunu söylədiniz...
- Audit rəyində Şura Katibliyinin struktur bölmələri üzrə konkret səlahiyyət və məsuliyyət bölgüsünün müəyyən edilməməsi, daxili nəzarət sisteminin zəif təşkil olunması və monitorinqlərin nəticələrinin effektiv olmaması ilə bağlı qeydlər də var. Məlumat üçün deyim ki, Şura Katibliyinin işçilərinin say həddi Nazirlər Kabinetinin 2008-ci il 1 iyul tarixli 149-nömrəli qərarına əsasən 14 vahid həcmində müəyyən edilib. Eyni zamanda 2008-ci ildən etibarən hazırkı vaxtadək hər il üçün Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Şura Katibliyinin xərclər smetasında ştatda olan işçilərin əmək haqqı ilə yanaşı ştatdankənar işçilərin əmək haqqı barədə xərc maddəsi də nəzərdə tutulub. Bu baxımdan Şura Katibliyinə ştatda olan işçilərlə yanaşı ştatdankənar əsaslarla da işçilər cəlb edilib.
Əlbəttə ki, Şuranın qrant müsabiqələrinin təşkili, layihələrin qəbulu, texniki qiymətləndirmə və ekspertizanın təşkili, qalib layihələr üzrə fəaliyyətin əlaqələndirilməsi, layihə sənədlərinin Şuranın qərarına uyğunlaşdırılması, razılaşdırılması, müqavilə sənədlərinin hazırlanması və müqavilələrin bağlanılması, layihələrin monitorinqinin aparılması, icra prosesinə nəzarətin həyata keçirilməsi, nəşr və elektron materialların yoxlanılması və onlara müvafiq rəyin verilməsi, hesabatların qəbulu, qiymətləndirilməsi və nəticələrin ümumiləşdirilməsi, kargüzarlığın, elektron və İT xidmətlərinin təşkili, 20-yaxın dövlət proqramlarından irəli gələn vəzifələrin icrası, beynəlxalq təşkilatlarla əlaqələrin qurulması, media və ictimaiyyətlə işin təşkili, vətəndaşlardan, QHT-lərdən və dövlət qurumlarından daxil olan müraciətlərin cavablandırılması, Şuranın fəaliyyətinə dair tədbirlərin həyata keçirilməsi, ofisin texniki məsələlərinin həlli, əsasnaməyə uyğun olaraq 5 istiqamət üzrə QHT-lərə dövlət dəstəyinin göstərilməsi, eləcə də gündəlik fəaliyyətdən irəli gələn digər işləri 14 nəfər əməkdaşla həyata keçirmək qeyri-mümkündür. Kiçik işçi heyəti ilə sadaladığım bu qədər işin həyata keçirilməsində, monitorinqlərin aparılmasında və nəzarət mexanizmlərinin lazımi səviyyədə təşkilində çatışmazlıqların olması təbiidir.
Şura Katibliyinin bizdən asılı olmayan səbəbdən rəsmi struktur bölmələri olmasa da daxili qaydada metodiki müstəvidə struktur bölmələri və hüququ müstəvidə vəzifə təlimatları hazırlanaq Katibliyin səmərəli fəaliyyəti təşkil edilib. Məlumat üçün bildirim ki, Şura bir neçə dəfə Katibliyinin ştat vahidlərinin artırılması və mövcud strukturunun təkmilləşdirilməsilə bağlı Azərbaycan Respublikasının Baş nazirinə məktubla müraciət edib.
- Qeyd etmək istədiyiniz hansısa əlavəniz varmı?
- Bir məsələni ayrıca vurğulamaq istərdim. Hesablama Palatasının apardığı bu yoxlamalar maliyyə-təsərrüfat fəaliyyətində olan çatışmazlıqları qeyd etməklə yanaşı, ümumilikdə qurumun fəaliyyətinin daha yaxşı təşkili üçün tövsiyələrin verilməsi baxımından çox faydalı oldu. 3 ili əhatə edən yoxlamalar nəticəsində aşkarlanan bütün nöqsanlar QHT-lər, podratçı təşkilatlar və Katiblik tərəfindən artıq aradan qaldırılıb.
Bu yoxlama zamanı həm də böyük bir təcrübə əldə etdik. Məlumat üçün bildirirəm ki, Şuranın Katibliyi gələcək fəaliyyətində Hesablama Palatası ilə sıx əməkdaşlıq edəcək və hər ilin sonunda Palatanı özümüz yoxlamaya dəvət edəcəyik. Artıq bu barədə Palataya şifahi müraciət də etmişik.
QHT sektoru və eyni zamanda fəaliyyətimizlə maraqlanan istənilən şəxs təsdiq edər ki, Şura fəaliyyətinin bütün komponentlərində şəffaflığın təmin olunmasına xüsusi əhəmiyyət verir. Bununla bağlı Şuranın internet resurslarından hər bir vətəndaş, o cümlədən jurnalistlər istədikləri məlumatı əldə edə bilər. Fəaliyyətimizlə bağlı Hesablama Palatasının rəsmi qərarı bizə daxil olduğundan, mən indi bu barədə rahatlıqla və bütün təfsilatı ilə ictimaiyyətə məlumat verə bilirəm. İndi də sizinlə söhbətdə yoxlamanın detalları haqqında ətraflı məlumat verdim. Bu cəhətdən heç bir gizli işimiz və narahatçılığımız yoxdur.
Lakin Hesablama Palatasının il ərzində yoxladığı onlarla dövlət qurumları arasından məhz Şuranın ayrıca seçilərək xüsusi hədəfə gətirilməsi cəhdlərini anlamaq çətindir. Ümid edirəm ki, bu açıqlamadan sonra əgər kimə nəsə aydın deyildirsə, tam aydın olacaq və əsassız söz-söhbətlərə də son qoyulacaq.
Sonda isə Katibliyin fəaliyyətinin təkmilləşdirilməsi və institusional inkişafı istiqamətində verdikləri təkliflərə, rəy və tövsiyələrə görə Hesablama Palatasının rəhbərliyinə və əməkdaşlarına minnətdarlığımızı bildiririk.