hemle

Prezident İlham Əliyevin qələbəni möhkəmlədən Qarabağ səfərləri - TƏHLİL

Tarix:18-03-2021, 10:08
Baxış Sayı:302

Martın 15-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında, martın 16-da isə Şuşada olublar.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyub. Bildirib ki, bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir - Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır.

Prezident yenə də azad edilmiş torpaqlarda olarkən, bu dağıntıları görərkən mənfur düşmənin bizim bütün yaşayış məntəqələrimizi yerlə-yeksan etdiyimizə diqqəti cəlb edib.

Dövlət başçısı azad edilmiş torpaqlara gələrkən Qaraxanbəyli kəndindən keçdiyini bildirib və qeyd edib ki, Qaraxanbəyli kəndi müharibənin ilk günündə - sentyabrın 27-də azad edildi. Bax, biz məhz buradan, o istiqamətdən öz şərəfli missiyamızı icra etməyə başladıq və düşməni torpaqlarımızdan qovduq. İndi isə quruculuq işləri ilə məşğuluq. İndi isə həyatımızın yeni dövrü başlayır - quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü.

Dövlətimizin başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Xocavənd rayonunda olarkən bildirib ki, qəhrəman Azərbaycan Ordusu bu qədim Azərbaycan torpağını uğurlu döyüş əməliyyatı ilə işğalçılardan azad edib.

Prezident işğaldan azad edilmiş keçmiş Hadrut rayonunun Düdükçü kəndinin füsunkar mənzərəsinə də diqqəti cəlb edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağımızı qaldırıb və çıxış edib. Hadrut qəsəbəsinin oktyabrın 9-da işğaldan azad edildiyini deyən Prezident Hadrut qəsəbəsinin azad edilməsinin çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olduğuna diqqəti cəlb edib: “İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi. Deyə bilərəm ki, bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq. O ki qaldı mülki əhaliyə, Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi.

Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi.

Onu da bildirməliyəm ki, Füzuli şəhəri Hadrutdan sonra azad edilmişdir - oktyabrın 17-də. Ermənistan ordusu bizi məhz digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik...

Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq".

Prezident azad edilmiş torpaqlarda bu gün böyük quruculuq işləri aparıldığını, böyük infrastruktur layihələri icra edildiyini bildirib.

Sonra Prezident İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyub.

Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometrdir. Dörd hərəkət zolaqlı bu yol boyunca avtomobil körpüləri tikiləcək.

Prezident Hadrutdakı alban kilsəsində də olub. Azərbaycanın xristian abidələrinə də hörmətlə yanaşdığını bəyan edib.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Tuğ kəndində olublar. Prezident İlham Əliyev Tuğ kəndinin qədim Azərbaycan kəndi olduğunu deyib.

Tuğ kəndində azərbaycanlıların ermənilər tərəfindən dağıdılmış evlərini, məktəbini göstərib.

Yaxın gələcəkdə Tuğun sakinlərinin öz doğma kəndlərinə qayıdacaqlarını da Prezident bildirib.

Dövlətimizin başçısı və xanımı Tuğda Alban məbədində oldular.

Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azıx kəndinə, Azıx mağarasına gediblər. Azıx mağarasının tarixi barədə ölkə başçısı məlumat verib.

Martın 16-da isə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərində olublar.

Prezident şəhərdə başlanan quruculuq, bərpa işləri ilə yaxından tanış olub.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a şərhində bildirdi ki, Prezidentin və birinci vitse-Prezidentin işğaldan azad olunmuş rayonlarımıza tez-tez səfər etmələrinin ciddi əhəmiyyəti var: “Bu səfərlər öz-özlüyündə Azərbaycan cəmiyyətinə, ermənilərə, beynəlxalq birliyə, regionda marağı olan qüvvələrə bir mesajdır. Prezident bütün istiqamətlər üzrə fikirlərini də bu səfərlər zamanı dilə gətirir və mesajlarını verir. Prezident bu səfərləri ilə həmin rayonlara böyük qayıdışın başlandığını dünyaya göstərir. Həmçinin həmin ərazilərdə ermənilərin törətdiyi vandallığı ardıcıl olaraq dünyanın diqqətinə çatdırır. Azərbaycan cəmiyyətinə mesaj verir ki, bu torpaqlarda quruculuq işlərinə başlanıb, insanlarımız orada yaşamağa hazırlaşsınlar. Cənab Prezident qarşımızda duran quruculuq işlərinin miqyasının nə qədər böyük olduğunu da göstərir. Cəmiyyət də başa düşməlidir ki, burada çox böyük işlər həyata keçirilməlidir.

Prezident martın 15-də səfərində bir maraqlı və vacib məsələyə də diqqəti cəlb elədi. Bildirdi ki, müharibənin gedişində çox cüzi sayda mülki erməni ölüb. Bu, Azərbaycan Ordusunun müharibə qanunlarına, beynəlxalq konvensiyalara hörmətlə yanaşdığının, Azərbaycanın humanizmliyinin göstəricisidir. Bu məqam şübhəsiz ki, beynəlxalq birlikdə Azərbaycana olan münasibətə əlavə müsbət dividentlər gətirir. Bizim mənəvi baxımdan da Ermənistandan müsbət mənada nə qədər üstün olduğumuzun göstəricisi mülki ermənilərə zərbə endirməməyimizdir. Ermənistan isə bütün dünyanın gözü qarşısında Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən və dinc mülki insanların yaşadığı şəhərlərə, binalara raket zərbələri endiriblər və yüzdən yuxarı mülki vətəndaş zərbələr nəticəsində həyatını itirib. Dünya həm də məhz bu amillərə görə bu müharibədə Ermənistanı müdafiə etmədi. Biz bu baxımdan müharibədə təkcə hərbi üstünlük deyil, həm də mənəvi üstünlük də əldə etdik. Mənəvi üstünlüyümüz beynəlxalq təşkilatların Azərbaycana münasibətinin formalaşmasında ciddi təsir gücünə malik oldu, qələbımizin nəticələrinin qəbul edilməsində bu amil də mühüm rol oynadı. Cənab Prezident mülki ermənilərə zərbə endirilmədiyi və müharibə qanunlarına riayət etdiyimizi bu mənada əbəs yerə vurğulamır".

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı