hemle

Ölüm sevinməsin qoy. Daha bir müharibə veteranımız bu dünyadan köç etdi!

Tarix:19-02-2021, 16:52
Baxış Sayı:573

Həyat gəldi-gedər düşünsən bir az,
Təmiz ad, təmiz söz qalandı yadda.
Yaxşılıq qiyməti bilinməyən zər,
Bütün dünya yaşar bir təmiz adda.

Ölüm haqdır. Hər kəs tez və ya gec Tanrının ona bəxş etdiyi ömür payını yaşayıb, sonda əbədi gözlərini yumacaq, istəsə də, istəməsə də. Həyatda yaşadıqca tanımadığımız insanlarla üz-üzə gəlirik. İçərilərində elələri olur ki, ona daha da yaxın olmaq ehtiyacı keçir qəlbindən. Nəsə səni ona bağlayır, doğmalaşa bilirsən. Doğmalıq qan qohumluğu ilə deyil, ruhun bağlılığı ilə təcəssüm olunur. Ruhən sənə yaxın olan insanla rahat olursan. Danışmağa söz tapıb bölüşə bilirsən. Həyatımda belələri çox az olub. Onlardan biri də hər zaman təmiz adı, təmiz sözü ilə yaşayan, əlindən yaxşılıqdan başqa bir şey gəlməyən Aidə xanım idi. Bu günlərdə onun dünyasını dəyişməsi xəbərini eşitdim. Hələ də inana bilmirəm.
Aidə Lənkəran qızı İbrahimova 1957-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuşdur. O, gözəl Ağdamımızın təmiz havasını uda-uda, Qarabağın dağından, daşından süzülən, insanların müqəddəs saydığı Kötəl çayının saf sularından içə-içə, anası Qaragöz xanımın laylalarını dinləyə-dinləyə böyüyüb boya-başa çatmışdır. Seyid Mirbaba ağanın nəvəsi idi. Aidə xanım 1963-cü ildə Seyidli kənd orta məktəbinə getmiş, hələ uşaq yaşlarından publisistika və bədii yaradıcılığa həvəs göstərmişdir. O, 1973-cü ildə Ağdam rayon 8 saylı orta məktəbini əla qiymətlərlə bitirib, həmin ildə də Azərbaycan Pedaqoji Universitetinin (APU-nun) filologiya fakültəsinə daxil olmuşdur. Aidə xanım ikinci kursda oxuyarkən ilk kitabı - “Dağ təranələri” adlı şeirlər kitabı çapdan çıxıb. Universiteti fərqlənmə diplomu ilə başa vurduqdan sonra doğma kəndinə qayıdıb, oxuduğu məktəbdə dil-ədəbiyyat məlliməsi işləyib. Şagirdlərinə ana nəvazişi, ana qayğısı göstərmiş, şagirdləri də onu anaları qədər sevmişdilər.

“Müəllim ruhun tərbiyəçisidir” - deyiblər. Təsadüfi deyildir ki, Aidə xanımın dərs dediyi şagirdlərin 120 nəfəri Birin\ci Qarabağ döyüşlərində qəhrəmancasına şəhid, 59 şagirdi isə müharibə əlili olub. A.İbrahimova vətənpərvər, torpağını, el-obasını canı, qanı ilə sevən təəssübkeş xanım idi. O, ailə üzvləri ilə birlikdə Qarabağ döyüşlərində silaha sarılaraq döyüşmüş, iki qardaşı - Hidayət və Elşad qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmişlər.
Aidə xanım döyüşdə gördüklərini, şahidi olduqlarını Vətənin qəhrəman oğullarına həsr etdiyi “Durnalar köç eylər” silsilə yazılarında təsvir edib.
A.İbrahimova həm də gözəl, qayğıkeş ana, sevimli nənə idi. 6 nəvəsi var. Anar, Arslan, Leyla adlı övladlar tərbiyə edib onlara ali təhsil vermişdir. Oğlanları Bakı Dövlət Universitetinin hüquq fakültəsində eyni kursda oxuyub, təhsillərini magistraturada davam etdirmişlər. Qızı Leyla isə APU-da təhsil alıb.
Arslanın vaxtsız dünyasını dəyişməsi Aidə xanıma bir ana kimi böyük itki olmuşdur. Dərs dediyi, balaları qədər sevdiyi ilk şəhidlərimiz olan Əlini, Bəxtiyarı və digər şəhidlərimizi, qardaşlarını itirəndə qəlb yanğısının, itkinin nə olduğunu bilmiş, ürəyini hələ o vaxtdan şama göndərmişdir.
A.İbrahimova uzun illər Azərbaycan Dillər Universitetində dərs deyib, kolletivin, tələbələrin sevimlisi olub. O, Azərbaycan leksikoqrafiyasının inkişaf tarixinin tədqiqiilə məşğul olmuşdur. “Azərbaycan leksikoqrafiyasının təşəkkülü”, “Əliheydər Orucov” monoqrafiyalarının, türkiyəli tələbələr üçün yazdığı “Azərbaycan dili” dərsliyinin müəllifidir. Aidə xanım 6 cildlik Azərbaycan Ensiklopedik lüğətini hazırlayıb. “XX əsr Azərbaycan leksikoqrfiyasının (1930-1960-cı illər) inkişaf tarixi” adlı namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb, dosent olub. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Müharibə və Əmək Veteranları Şurasının, Azərbaycan Qadınlar Cəmiyyətinin üzvü idi.
On ildən çoxdur ki, tanıyırdım onu. Haqqında mətbuat səhifələrində yazılar vermişdim. Dəfələrlə qonağı olmuşdum. Birlikdə tədbirlərdə iştirak etmişdik. Tez-tez zəngləşirdik. Ağdam işğaldan azad olunanda zəng vurub təbrik etdim. Elə sevinirdi ki… “Ay Kəmalə, görək gedib çıxa biləcəyəmmi Ağdama?” - deyərək kövrəlmişdi. Vəfatından bir neçə gün qabaq danışmışdıq. Hələ də məlahətli səsi qulağımdadır. Alicənab, ziyalı, mehriban, xeyirxah xanım idi Aidə xanım. Yaxşılıq etmək, ehtiyacı olanlara əl tutmaq onun həyat meyarı olub. Həcc ziyarətində olmuşdur. Süfrəsi hər kəsə açıq idi. Onunla söhbət etdikdə mənən dincələr, rahatlıq tapardın. Qəlbi hər zaman Allahın yaratdıqlarına, insanlara sevgi hissi ilə döyünərdi. Onun həssas, gözəl qəlbi çox təəssüf ki, fevralın 4-ü həmişəlik susdu. Doğma Ağdamına, el-obasına qayıtmaq arzusunu da biryolluq özüylə apardı.
Ruhun şad olsun, nur üzlü, mələk simalı, sevənlərinin, şagirdləriin, tələbələrinin qəlbində daim yaşayacaq, Aidə müəllimə!
Sizi heç zaman unutmayacam!

Kəmalə Rəhimli

Digər xəbərlər
09:27 Astma xəstəliyinin yeni müalicə üsulu kəşf edildi - 50 il sonra...
09:19 Əcnəbilər bu il ölkəmizdə nə qədər pul xərcləyib?
09:16 14 yüksək rütbəli zabitimizin şəhid olmasından 3 il ötür
09:13 Bu universitetlərdə 9 ixtisasla bağlı qərar verildi
15:55 “Ağlasığmaz” plan işə düşdü: Dünyanı böləcək müharibəyə iki ay qalıb
15:51 Ötən gecə Rusiya səmasında baş verənlər: 47 pilotsuz təyyarə vuruldu
15:49 Azərbaycanda bu internet provayderləri ləğv edilir
14:31 Bir tərəfdən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR