Ermənistanda müharibə sonrası siyasi pat vəziyyəti yaranıb. Bir yandan baş nazir Nikol Paşinyanı zorla istefaya göndərməyə çalışan müxalifət heç cür öz hədəfinə çata bilmirsə, - xalq kütləvi aksiyalara apatik durumdadır - digər yandan, rüsvayçı məğlubiyyətdən sonra legitimlik problemi ilə üzləşən Paşinyan ictimai etimadı bərpa eləməyin yolunu axtarmaqdadır.
“Yeni Müsavat” yada salır ki, ötən ilin axırında Nikol Paşinyan müxalifətə erkən seçkilərə getməyi təklif edib. Lakin opponentləri buna razı olmadılar, iddia elədilər ki, hökumət inzibati resurslardan istifadə edib nəticələri saxtalaşdıra bilər. Yəni Paşinyansız seçki istədilər. Buna isə sonuncu razı olmadı. Bir neçə həftə qabaq isə baş nazir bəyan elədi ki, yeni seçkilərə, ümumiyyətlə, ehtiyac yoxdur, çünki xalqa seçki lazım deyil. Əslində düz dedi.
Məhz ölkədəki belə bir qarışıqlıq və qeyri-müəyyənlikdə koalision müxalifət fevralın 20-nə növbəti, iddialara görə, ən kütləvi mitinqini təyin edib. Alınacaqmı? Söyləmək çətindir. Bəzi iddialara görə, həmin gün Paşinyana sui-qəsd cəhdi də edilə bilər. Proseslər zorakı məcraya keçərsə, sözsüz ki, çox şey güc strukturlarının baş nazirə nə dərəcədə sadiq olacağından asılı olacaq...
*****
Bu arada belə bir versiya irəli sürülüb ki, Ermənistan hakimiyyətinə seçki problemini birdəfəlik həll etmək üçün konstitusiya dəyişikliklərinə nail olmaq lazımdır. Bu barədə “Joxovurd” qəzeti yazıb. “Ermənistan iqtidarı Seçki Məcəlləsində islahatlara Avropa Şurası Venesiya Komissiyasından razılıq alsa, erkən seçki elan edəcək”, - nəşr ehtimal edib.
Qəzetin yazdığına görə, ölkə rəhbərliyi məcəlləyə düzəliş layihəsini artıq komissiyaya göndərib: “Mart ayında komissiya, çox güman ki, layihəni müzakirə eləmək və öz yanaşmasını təqdim eləmək üçün iclas keçirməlidir”.
Nəşrin məlumatına görə, hakimiyyət hər şeydən əvvəl konstitusiya islahatı prosesində öncəki rəhbərliyin təqdim etdiyi Seçki Məcəlləsindəki “sabit çoxluq” ifadəsindən qurtulmağa çalışır. “Ancaq bu konsepsiyanı Seçki Məcəlləsindən çıxarmaq üçün Əsas Qanuna dəyişiklik etmək lazımdır və bu səbəbdən hakimiyyətin parlament müxalifətinin köməyi ilə həyata keçirmək istədiyi konstitusiya dəyişikliklərinə də ehtiyac var. Əgər yayadək iqtidar Seçki Məcəlləsində dəyişiklik edə bilsə, erkən seçki keçirmə ehtimalı və variantları barədə düşünməyə başlayacaqlar”, - qəzet ehtimal edib.
*****
Yaya isə hələ var. Bir sıra analitiklərə görə isə, Paşinyan ya hakimiyyətdən könüllü getməlidir, ya da erkən seçkilərlə öz legitimliyini bərpa eləməlidir - təbii ki, bacarsa. Eyni zamanda o da vurğulanır ki, hakimiyyətə iddialı müxalif düşərgə böhrandan çıxmaq üçün inandırıcı və realist bir strategiyası ortaya qoymalıdır ki, o da gözə dəymir.
Məsələn, Berlindəki Şərqi Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Nadya Duqlas güman edir ki, Paşinyan getmədən Ermənistanda siyasi situasiya sabitləşməyəcək (Teleqraf.com).
“Baş nazir Paşinyan artıq geniş ictimai dəstəyə malik deyil. O, müharibədə faciəvi məğlubiyyətlə özünü siyasi və mənəvi olaraq gözdən saldı. Prezident, parlament müxalifəti, hər üç keçmiş dövlət başçısı, erməni Kilsəsinin başçısı, bir çox yerli rəhbərlər və ictimai düşüncə liderləri də daxil olmaqla, elita Paşinyana və onun hakimiyyətinin davam etməsinə qarşıdır. O, ya müxalifətin təklif etdiyi keçid hökuməti qurmaqla, ya da növbədənkənar seçkilər təşkil etməklə mütləq dəyişikliyə yol açmalıdır ”, - deyə o qeyd edib.
Bununla belə, analitik Ermənistanda “etimada layiq siyasi alternativ”in hələ peyda olmadığını və ölkədəki vəziyyətin kütləvi etirazların təşkili üçün əlverişsiz olduğunu bildirib. “Adamlar müharibədən, saysız-hesabsız etirazlardan və koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlərdən beziblər”, - deyə Duqlas vurğulayıb. Onun sözlərinə görə, bu gün Ermənistan üçün ən mühüm çağırış cəmiyyətdə sülhün bərpası və son dərəcə mürəkkəb problemlərin birgə həlli üçün müəyyən milli birlik yaratmaqdır.
“Təftişçi tendensiya indiki zamanda heç nəyə faydalı olmadığı üçün irticaçı qüvvələrə vahid cavab təşkil etmək vacib vəzifədir. Ermənilər uzun müddət şok vəziyyətində olmağı özlərinə rəva görə bilməzlər”, - deyə qurumun eksperti vurğulayıb.
10 noyabr üçlü bəyanatından danışan Nadya Duqlas bildirib ki, Ermənistanın bütün siyasi qüvvələri, hətta “Vətənin Xilası Komitəsi” situasiyanı qəbul etməyin alternativinin olmadığını etiraf ediblər. “Ancaq bir çoxları Paşinyanın qeyri-adekvat danışıq aparmaq qabiliyyətini tənqid edir və Rusiyanın köməkliyi ilə qalan mövzularda yeni müzakirələr aparılmasına çağırırlar. Lakin onlar belə bir ssenarinin Rusiyanın maraqlarına qətiyyən cavab verməyəcəyini dərk etmirlər. Belə təəssürat yaranır ki, Rusiya yeni status-kvodan kifayət qədər məmnundur” - ekspert əlavə edib.
*****
İrəvandan Moskvaya son zamanlar artan emissar səfərləri də belə fikir yaradır ki, Rusiya 10 noyabr sənədinin reallaşmasına ölkədə yarana biləcək maneələrdən narahat olmağa başlayıb. Özü də narahatlıq təkcə müxalifətdən yana deyil.
“Hazırda Rusiyanın Ermənistan tərəfinə 10 noyabr sənədinin icrası ilə bağlı sualları var və bu sualların Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovla onun erməni həmkarı Ara Ayvazyan arasında bugünkü (dünənki - red.) görüşün əsasını təşkil edəcəyi gözlənilir”.
Musavat.com xəbər verir ki, bu barədə rusiyalı ekspert İqor Korotçenko deyib.
“Hər şeydən əvvəl düşünürəm ki, söhbət Naxçıvanla Azərbaycan arasında nəqliyyat dəhlizinin yaradılmasına Ermənistanın mane olmaması ətrafında gedəcək. Bildiyiniz kimi, üçtərəfli bəyanatda belə bir dəhlizin yaradılması nəzərdə tutulur. Ancaq Ermənistan XİN-in iki gün əvvəl verdiyi açıqlamaya görə, İrəvan bu mühüm bəndi təftiş etmək və hərəkətlərə məhdudiyyətlər qoymaq niyyətindədir. Odur ki, planlaşdırılmayan danışıqlarda əsas mövzunun bu olacağını gözləmək olar”, - ekspert söyləyib (görüş dünən baş tutub və həqiqətən də əsas müzakirə mövzusu 3-tərəfli sənədin bəndləri olub - “YM”).
Korotçenko İrəvanın öz üzərinə götürdüyü öhdəliklərin tam və hərtərəfli yerinə yetirilməsi vacibliyini bir daha Ermənistan rəhbərliyinə çatdırmaq üçün Rusiyanın öz nüfuzundan yararlanacağına şübhə eləmir: “Laçın dəhlizi Azərbaycan tərəfindən heç bir maneə və məhdudiyyət olmadan fəaliyyət göstərir - Bakı öz öhdəliklərini yerinə yetirir. Demək, Naxçıvan dəhlizi də heç bir məhdudiyyət və tələb olmadan fəaliyyət göstərməlidir. Özü də bu dəhlizə nəzarəti Ermənistan XİN nümayəndəsinin söylədiyi kimi, Ermənistan deyil, Rusiya FSB-nin sərhəd xidməti həyata keçirəcək”.
Ümumən ekspert Ermənistanın noyabr bəyanatında maksimum sayda bəndləri təzədən nəzərdən keçirmək istəyinin narahatlıq doğurduğu qənaətindədir. “Və bu, İrəvanın son 30 ildə izlədiyi ənənəvi neqativ siyasətin davamı kimi görünür. Ancaq unutmasınlar ki, 10 noyabr sənədi Qarabağ ətrafında uzun, qanlı qarşıdurmanın yenidən başlamasının qarşısını alan yeganə imkandır”, - deyə Korotçenko İrəvandakı qaynar başları xəbərdar edib.
*****
Məsələ də bundadır. İstisna deyil ki, Paşinyan XİN-in dili ilə 10 noyabr sənədi ilə bağlı təftişçi açıqlamalar verməklə özünə qarşı daxildə münasibəti yumşaltmağa, müxalifətin əsas arqumentini isə kəsərsiz eləməyə çalışır. Ancaq bu, Ermənistan üçün çox təhlükəli, hətta qəsd yoludur. Çünki bir yandan, böyük müharibənin bərpası riskini artırırsa, ikinci yandan, Paşinyanın istefasından daha çox, kapitulyasiya aktının ləğvinə çalışan müxalifəti bir az da revanşa şirnikləndirir...
“Yeni Müsavat”