Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev Qafqazda ilk insult mərkəzinin Şuşada yaradılması ilə əlaqədar təklif irəli sürüb.
Bununla bağlı "Report"a açıqlama verən azərbaycanlı alim insult mərkəzinin fəaliyyətə başlamasının əhəmiyyətindən danışıb.
O bildirib ki, Qarabağa qayıdış planı əsasında bütün infrastrukturun bərpası və yenidənqurulması çərçivəsində işğaldan azad olunmuş ərazilərdə müasir standartlara cavab verən səhiyyə müəssisələrinin də açılması məqsədəuyğundur:
"Artıq uzun illər işğal altında olan torpaqlarımız cənab Prezidentin siyasi iradəsi və müzəffər Azərbaycan Ordusunun gücü sayəsində azad olunub. Məlum olduğu kimi, hazırda həmin ərazilərdə kommunikasiyaların bərpası, yeni yol xətlərinin çəkilişi və digər infrastruktur layihələri həyata keçirilir. Beləliklə, 30 ilə yaxın öz dədə-baba yurdlarından, doğma torpaqlarından didərgin düşən məcburi köçkünlər qısa zaman ərzində evlərinə qayıdacaq".
Azərbaycanlı alim hesab edir ki, Qafqazda ilk dəfə olaraq insult mərkəzinin məhz Şuşada fəaliyyətə başlaması həm də Qarabağın gözü olan bu şəhərin qısa zamanda daha da inkişafına təkan verəcək:
"Bununla həm də Şuşanın bizim üçün nə qədər önəm kəsb etdiyi nümayiş etdiriləcək. Beləliklə, mədəniyyət paytaxtı olan Şuşamız Qafqazda ilk dəfə olaraq müasir standartlara cavab verən tibb mərkəzinə də ev sahibliyi edəcək. Azərbaycanda tibb sahəsində kifayət qədər təcrübəsi və peşəkar kadrlar var. Ona görə də düşünürəm ki, ölkəmizin digər bölgələrində də daha bir neçə insult mərkəzlərinin açılması zəruridir. Çünki elmi olaraq 1 milyonluq əhalinin yaşadığı bölgədə ən azı iki insult mərkəzi yaradılmalıdır".
Qeyd edək ki, N.Abdullayev insult xəstələrinin həyat qurtarıcı müalicəsi ilə bağlı mühüm tədqiqatlar aparan ilk azərbaycanlıdır. Bununla yanaşı o, Almaniyada bu müasir müalicə əməliyyatlarını icra edən ən gənc üç həkimdən biridir. Onun insult xəstəliyinin müalicəsi üçün əməliyyat texnikasında etdiyi yenilik Almaniya Neyroradioji Cəmiyyəti tərəfindən təqaüdə layiq görülüb. Hazırda isə onun bu xəstələrin müalicəsi üçün yeni kəşfinin rəsmi qeydiyyat prosesləri gedir.
O, Azərbaycanda 2016-cı ildən mütəmadi olaraq beyin insultu ilə bağlı keçirilən müxtəlif beynəlxalq tədbirlərə, simpoziumlara və ən yeni praktik təlimlərə təşkilatçılıq edib. Bu tədbirlərdə dünyanın bu sahə üzrə ən tanınmış alimləri iştirak edib. Həmin beynəlxalq tədbirlərdən biri ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunub.