Tarif Şurasının benzinin və dizel yanacağının qiymətinin qaldırmasıyla bağlı qərarı müxtəlif aspektlərdə müzakirə olunur. “Qafqazinfo” xəbər verir ki, Milli Məclisin deputatları da sözügedən qərara münasibət bildiriblər.
Deputat Rüfət Quliyev Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin artması beynəlxalq standartlara uyğunlaşma və ekoloji problemlərin həlli ilə bağlıdır: “Bəşəriyyət üçün ən böyük bəlalardan biri ekoloji faciədir və bu səbəbdən dizel yanacağı və benzin üçün yeni standartlar tətbiq olunur. Digər tərəfdən, yanacaq məhsulunun səmərəliliyi artırılır, digər tərəfdən isə ekoloji cəhətdən daha təmiz məhsulun istehsalı üçün xərclər artır”.
Deputat qeyd edib ki, yanacaq qiymətlərinin artması prosesi təkcə Azərbaycanda deyil, digər postsovet ölkələrində də başlayıb və bu, bilavasitə koronavirus böhranı ilə əlaqədardır.
Deputat Asim Mollazadə publika.az saytına açıqlamasında ətraf ölkələrdə benzinin qiymətinin artmasının Azərbaycana süni axın yarada, itkilərimizi artıra biləcəyini qeyd edib: “Məhz bu səbəbdən də öz bazarımızı müdafiə etmək üçün belə bir addım atıldı. Yanacağın qiymətinin artırılması ilə bağlı rəqəmlər elə də yüksək deyil. Mənə elə gəlir ki, müharibədən və ağır pandemiyadan çıxmış bir ölkə üçün bu, çıxılmaz addım idi”.
Deputat Vüqar Bayramov APA TV-yə açıqlamasında vurğulayıb ki, yanacağın qiymətlərində artımlardan sonra iki sektor üzrə dəstək paketinin miqdarının artırılması gözlənilir: "İl yeni başladığı üçün kənd təsərrüfatında subsidiyaların məbləğinin yenidən hesablanması və artırılması mümkündür. Bu baxımdan təklif edirik ki, aqrar sektorda 2021-ci il üçün subsidiyaların məbləği hesablanarkən dizel yanacağındakı qiymət artımı nəzərə alınsın və qiymət artımından yaranan fərq nəzərə alınmaqla subsidiyaların məbləği hesablansın. Bu zaman artıq dizel yanacağının qiymətinin artmasının kənd təsərrüfatı məhsullarının qiymətinə təsirini minimumlaşdırmaq mümkün olacaq. Subsidiya məbləğinin artırılması imkan verəcək ki, aqrar sektorda istehsal olunan kənd təsərrüfatı məhsullarının qiymətlərindəki potensial artımın qarşısı alınsın və qiymətlərdəki stabilliyi qoruyub saxlamaq mümkün olsun".
Deputat Bəhruz Məhərrəmov isə feysbuk səhifəsində vətəndaşın Tarif Şurasının qərarından məmnun olmadığını qeyd edib: “Dövlət müharibənin vətəndaşın güzəranına mənfi təsirinə imkan verməsə də, pandemiya artıq 10 aydır ki, vətəndaşın dolanışığını xeyli çətinləşdirib: “Lakin Prezident İlham Əliyevin iqtisadiyyatı yox insan amilini seçməsi, ciddi sosial paketlər reallaşdırması vətəndaşda böyük ümid yaradıb, vətəndaşın dövlətinə inamını daha da dərinləşdirib, insanlar pandemiyanın yaratdığı çətinliklərə səbrlə dözür. Bu müstəsna etimad mühiti və fonunda qəflətən benzin və dizelin bahalaşması, SOCAR-ın qiymət artımı hesabına əldə edəcəyi 5-10 milyonluq əlavə gəlir əsas məqsədi insan amili olan dövlətimiz üçün vətəndaş məmnunluğunu və etimadını əvəzləyə bilərmi? Əsla! Mən o qənaətdə deyiləm ki, artıma görə vətəndaş dövlətdən radikal formada narazı qalacaq, yaxud, etimad qırılacaq, qətiyyən yox, amma etiraf edək ki, vətəndaş Tarif Şurasının qərarından məmnun da deyil.
Nəzərə alsaq ki, Aİ-92 və dizel nisbətən az təminatlı insanlar tərəfindən, habelə ictimai nəqliyyat sektoru və kənd təsərrüfatında daha çox istifadə edilir, üstəlik, artım müəyyən sferalarda bahalaşmaya səbəb ola bilər, deməli Tarif Şurası qərarını iqtisadi cəhətdən əsaslandırsa da, pandemiya və postmüharibə dövründə qərarın yol aça biləcəyi sosial problemlər düzgün analiz edilməyib. Özləri nə ictimai nəqliyyatdan, nə də Aİ-92 işlədən avtomobildən istifadə etmədiyinə, yaxud yeganə dolanışıq ümidi əkin-biçin olmadığına görə ola bilsin ki, qiymət artımı SOCAR rəhbərliyi üçün əhəmiyyətli görünməyə bilər, lakin, axı ölkədə hər kəs onlar kimi yaşamır. Bu mənada Tarif Şurasına qiymətlərlə bağlı müraciət edərkən onlar öz reallıqları ilə bərabər cəmiyyətin də real durumunu nəzərə almağa borclu idilər.
Bütün bunları ümumiləşdirərək hesab edirəm ki, cənab Prezidentin sosial yönümlü və İNSAN amilinə yönəli siyasətini rəhbər tutaraq, Tarif Şurasının öz qərarına yenidən baxması və ya qərarın icrasını pandemiya dövründə, yaxud ən azından kompensasiya mexanizmi işə düşənə qədər təxirə salması məqsədəuyğun olar”.
Deputat Nurlan Həsənov yenicag.az saytına açıqlamasında benzinin qiymətiylə bağlı Azərbaycanla Almaniyanı müqayisə edib. O bildirib ki, əslində, dünyanın bir sıra ölkələri ilə müqayisədə Azərbaycanda benzinin qiyməti çox aşağıdır: “Məsələn, Azərbaycanla müqayisədə Almaniyada benzinin qiyməti xeyli yüksəkdir. Nəzərə almaq lazımdır ki, Almaniya neft-qaz ehtiyatına malik olmayan ölkədir. Lakin Azərbaycanda zəngin neft-qaz ehtiyatları mövcuddur. Bütün hallarda hesab edirəm ki, Tarif Şurası dünya bazarında neftin bahalaşması fonunda qiymət tənzimlənməsini həyata keçirib”.
Sözügedən açıqlamadan sonra N. Həsənov feysbuk səhifəsində məlumat paylaşaraq fikirlərinin təhrif edildiyini qeyd edib.
O bildirib ki, bu gün ilk dəfə Yeniçağ xəbər portalı tərəfindən və daha sonra Meydan TV tərəfindən paylaşılan, “Azərbaycanla müqayisədə Almaniyada neftin qiyməti xeyli yüksəkdir” başlıqlı xəbər feyk (yanlış) xəbərdir".