Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov: Dərslikləri elə yaza bilərlər ki, oxuyanlar ya molla, ya da ateist olar
Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə dərsliklərlə bağlı narazılıqlar yaranıb. Amma bu, Azərbaycanda ilk belə hadisə deyil. Demək olar ki, hər il dərsliklərdə yol verilən bağışlanılmaz səhvlərin yer aldığını görürük. Bəs görəsən, bu dərsliklərin müəllifləri haqqında araşdırma aparılırmı, onların yazdıqları yoxlamalardan keçirilirmi? Ümumiyyətlə, dərsliklərə salınan bu tapşırıqlara hansı qurum cavabdehlik daşıyır?
“Təəccüblənirsən ki, bu şeir dərsliyə necə düşüb?!”
Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, bir neçə gün öncə dərsliklərdə erməni bayrağının rənglərinin əks olunması ilə bağlı məsələ olduqca narahatlıq doğurub: “Dərsliklərlə bağlı belə problemlər tez-tez ortaya çıxır.
Təhsil Nazirliyinin dərsliklərlə bağlı şöbəsi var, bir dəfə görmədik ki, belə məsələlər ortaya çıxanda o şöbə bir aydınlıq gətirsin.
Düzdür, ”Artsak” söhbətinə nazirlik münasibət bildirib. Amma burada fikir aydınlığı olmalıdır. Bəzi təhsillə bağlı qeyri-hökumət təşkilatları, özlərini təhsil eksperti adlandıranlar da bu məsələni diqqətdə saxlamalıdırlar. Eyni zamanda Təhsil Nazirliyində ciddi nəzarət olmalıdır. İnsanlar bilməlidir ki, kitablar burada yoxlanılır və səhv edənlər cəzalandırılır. O zaman nazirliyin işçiləri də bu məsələdə məsuliyyətli olacaq. Bəs çıxış yolu nədədir? Nazirlikdə dərsliklərlə bağlı cavabdeh olan şöbənin yanında mütəxəssislərdən ibarət İctimai Şura yaratmaq lazımdır. Təhsil şöbəsi hər kitabı çapa göndərməməlidir. O kitablarda İctimai Şuranın da rəyi olmalıdır. Bir də baxırsan, dərsliyin içində uşaqlar üçün o qədər zəif şeir salınıb ki, təəccüblənirsən ki, buraya necə düşüb. Müəllifi də heç kim tanımır. Əksər hallarda müəllifin orada ya qohumu, tanışı olur, ya da özü orada işləyir, götürüb şeiri dərsliyə salır. Dərsliyə hər adamın şerini salmazlar axı. Dərslikdəki şeirlər məzmunlu, indiki dövrün tələblərinə uyğun olmalıdır.
Ona görə də nəzarət mexanizmi gücləndirilməlidir, orda İctimai Şura olarsa, onlar da məsuliyyət daşıyacaqlar və bütün nəşr olunacaq dərslik və kitabların siyasi, bədii cəhətdən məzmununa nəzarət ediləcək. Burada nəzarət yoxdur, kitablar nəşr olunandan 2-3 il sonra qüsurlar üzə çıxır. İctimai Şura yaradılarsa, bundan sonra dərslikləri Elmlər Akademiyasının institutlarına da göndərmək olar. Məsələn, ədəbiyyat üzrə kitabları Ədəbiyyat İnstitutuna göndərmək olar. Bu işdə AMEA-nın da o kitabda rəyi olsun ki, onlar da məsuliyyət daşısınlar”.
Ə.Qəşəmoğlu ayrı-ayrı şəxslər tərəfindən tərtib olunan dərsliklər barədə də danışıb: “Kitablar da var ki, onlara nəzarət etmək olmur. Müəlliflər kitablarını istənilən nəşriyyatda çap etdirirlər. Bununla bağlı ciddi ictimai nəzarət olmalıdır. İnsanlar belə kitabları görəndə tənqid etməlidirlər. Burada artıq cəmiyyətin, ziyalıların təpkisi olmalıdır, onlar da məsuliyyət daşımalıdırlar. Ekologiyaya zərər verən adamları necə cərimə edirlərsə, mənəviyyatı çirkləndirənləri də beləcə cəzalandırmaq lazımdır. Nə bilək, bəlkə bu kitablar düşmən təxribatıdır?! Burada mütləq nəzarət olmalıdır. Nəzarət mexanizmini də Təhsil Nazirliyi, ictimai təşkilatlar bir yerdə qurmalıyıq ki, bu işlək olsun”.
“Dərsliklərə heç vaxt ciddi yanaşılmayıb”
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov da məsələ ilə bağlı öz fikirlərini bizimlə bölüşüb: “Təhsil Nazirliyində Dərsliklərin Qiymətləndirmə Şurası yaradılıb. Universitet rektorlarının çoxu və bir çox tanınmış adamlar bu şuranın üzvüdür, sədri də əvvəl Ceyhun Bayramov idi. İndi şura fəaliyyətini dayandırıb, yeni nazir gəlib. Amma Azərbaycanda dərsliklərlə bağlı çox ciddi problem var.
Dərslikləri elə yaza bilərlər ki, oxuyanlar ya molla, ya da ateist olar. Dərslik insanı vətənpərvər də edə bilər, kosmopolit də. Bu baxımdan dərslik siyasəti çox ciddi məsələdir.
Amma bu məsələyə həmişə münasibət ciddi olmayıb. Güman edirəm ki, ictimaiyyətdə, kütləvi informasiya vasitələrində bu məsələnin müzakirə edilməsi çox önəmlidir. Dərsliklərdə keyfiyyət artırılmalıdır. Elmlər 3 yerə bölünür: səlis, ictimai, humanitar. Səlis elmlərdən dərslik yazmaq çox çətindir. Biz onu tərcümə eləsək, daha yaxşı olar. Fizikadan sən necə dərslik yazasan ki, İngiltərənin liseylərinin, orta məktəblərinin dərslikləri ilə eyni olsun. Eyni ola bilməz. Milli dərsliklər ola bilər, iki hissəyə bölünə bilər, coğrafiya, botanika, tarix. Bir də bəşəri dərsliklər. Düşünürəm ki, daha çox tərcümələrə üstünlük verməliyik”.